XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000) Başkeçid, Unutsaq, unudularıq!.. 25 Mayıs 25 may - PEŞƏKAR POLİS İŞÇİSİ XƏLİD SƏMƏD OĞLU QARALOVun (1932-2000)XATİRƏ GÜNÜDÜR!Xəlid Səməd oğlu Qaralov - 1932-ci ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Ormeşən kəndində tanınmış Qaraloğlu Səməd Həsən oğlunun ailəsində dünyaya göz açmışdır. Sovetlər dönəmində onun atası Səməd kişi də heç bir günahı olmadan 1937-ci illərin represiya qurbanlarından biri olmuşdur. Anası Sultan xanım və böyük qardaşı Bəkir müəllimin himayəsində böyümüşdür. Onun uşaqlıq illəri hamı kimi ikinci Dünya müharibəsinə təsədüf olunduğundan çox çətinliklə keçmişdir. Bu çətinliklərə baxmayaraq Xəlid müəllim Ormeşən 7-illik məktəbini, sonralar isə Qızılkilsə kənd orta məktəbinini yaxşı qimətlərlə bitirmişdir. Xəlid Qaralov 1951-ci ildə hərbi xidmətə çağrılmış, 1954-cü ildə hərbidən tərxis olunduqdan sonra Başkeçidin Kirovisi kənd orta məktəbində hərbi hazırlıq müəllimi kimi pedaqoji faliyyətə başlamışdır. O, 1961-ci ilə kimi Kirovisi orta məktəbində çalışmış, sonra pedaqoji fəaliyyətini Ormeşən 8-illik məktəbində davam etdirmişdir. 1966-ci ildən isə bir zabit kimi Gürcüstan Daxili İşlər Nazirliyi sistemində fəaliyyətə başlayan Xəlid Qaralov Rustavi şəhər milis şöbəsində vzvod komandiri olmuşdur. 1967-ci ildən isə Başkeçid (indiki Dmanisi) rayon daxili işlər şöbəsində ilk öncə sahə müvəkkili, sonralar isə təqaüdə çıxana kimi Dmanisi rayon daxili işlər şöbəsində cinayət axtarış bölməsinin rəisi olmuşdur. Xəlid Qaralov çalışdığı vəzifələrdən aslı olmayaraq yüksək peşəkarlığı ilə seçilmiş, kollektiv və rayon ictimayyəti arasında böyük nüfuz sahibi olmuşdur. İşlədiyi dövrdə müxtəlif mətbuat orqanlarında ("Sovet Gürcüstanı" (indiki “Gürcüstan”), “Boyevoy straj", “Trialeti”, "Qələbə bayrağı” və s. qəzetlərdə) dərc olunan oçerk və məqalələrdə onun bacarıqlı milis işçisi kimi peşəkarlıq qabiliyyətindən, yüksək insani keyfiyyətlərindən söhbət açılırdı. O, dəfələrlə yerli sovetin deputatı seçilmiş, öz layiqli qiymətini almışdır. Xəlid Səməd oğlu Qaralov 1967-ci ildə “Sovet Milisinin 50-illiyi” yubiley medalı, 1972-ci ildə “Milis əlaçısı” döş nişanı, 1979-cu ildə “Qüsursuz Xidmətə görə” ikinci dərəcəli, 1985-ci ildə isə birinci dərəcəli, 1989-cu ildə “Əmək veteranı” medalları ilə təltif olunmuşdur. Dəfələrlə rəhbərlik tərəfindən tərifnamə və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Lakin bütün bunlara baxmayaraq, təəssüflər olsun ki, 1989-cu ildə Başkeçiddə baş vermiş məlum olaylardan - azərbaycanlılara qarşı yönəlmiş böyük təqib və təzyiqlərdən sonra Xəlid Qaralov da rayon mərkəzində çalışan yüzlərlə soydaşımız kimi heç bir səbəb göstərilmədən işdən azad olunmuş, milis mayoru rütbəsində təqaüdə göndərilmiş, Başkeçid (indiki Dmanisi) şəhərində yaşayan minlərlə soydaşımız kimi, onun ailəsi də Azərbaycana köçməyə məcbur edilmişdir. Qısa bir vaxtda Başkeçiddə yaşayan soydaşlarımız pərən-pərən olmuş, öz doğma isti ocaqlarından hərəsi bir yana dağılmışdır. Kimisi Azərbaycana, kimisi Rusiyaya üz tutmuş, kimisi Ukraynaya, kimisi də Orta Asiya respublikalarına... Xəlid Qaralov isə ailəsini də götürüb Bakıya pənah gətirimişdir.1990-cı ildən Bakı şəhərində yaşayan Xəlid Qaralov müxtəlif vəzifələrdə çalışmışdır. Onun oğulları da hal-hazırda Azərbaycan ordusunda ali rütbəli bir zabit kimi xidmət edirlər. Xəlid Səməd oğlu Qaralov 2000-ci il may ayının 25-də Bakı şəhərində vəfat etmiş, Bakıxanov qəbristanlığında dəfn olunmuşdur. Xəlid Qaralovun əziz xatirəsi onu tanıyan və sevən insanların qəlbində əbədi olaraq yaşayacaqdır. ALLAH ONA QƏNİ-QƏNİ RƏHMƏT ELƏSİN, RUHU ŞAD OLSUN!..ZiM.AzBax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", II cild. Bakı, 2015. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.