Şərif Kərimli: AYAĞIMIZI HARA BASIRIQSA – VƏTƏNDİR!... “Borçalı” cəmiyyəti konfrans keçirməyə hazırlaşır...

Şərif Kərimli: AYAĞIMIZI HARA BASIRIQSA – VƏTƏNDİR!...  “Borçalı” cəmiyyəti konfrans keçirməyə hazırlaşır... 1988-90-cı illərdə Zviad Qamsaxurdiya dövründə Gürcüstanda baş qaldıran separatizm, milli-ayrıseçkilik, ərazi iddialari, tarixi saxtalaşdırmaq cəhdləri, soydaşlarımıza qarşı kriminogen hərəkətlərə göz yumulması, onların təhsilinə, mədəniyyətinə biganəlik, hörmətsizlik və s. kimi beynəlxalq normalara zidd əməllərin qarşısının alınması istiqəmətində ziyalılar ara-sıra səslərini qaldırırdılar. Lakin sovet ideoloji şəbəkəsi kəskin şəkildə belə çıxışların qarşısını alırdı. Açığını demək lazımdır, Gürcüstanda çıxan “Sovet Gürcüstanı” və soydaşlarımızın yaşadıqları bölgələrdə gürcü və Azərbaycan dillərində qarışıq çıxan rayon qəzetlərinin tarixi xidmətlərini aşağılamadan demək istəyirəm ki, ciddi senzura altında olduqlarından yuxarıda sadaladığım neqativ hallara qarşı mübarızə aparmaqda onlar gücsüz idilər. Lakin həmin dövrlərdə Azərbaycanda yaşayıb fəaliyyət göstərən yüzlərlə Borçalı kökənli ziyalı xüsusilə mətbuat vasitəsilə bu siyasətə öz etirazını bildirir, Azərbaycan və Gürcüstan hakimiyyətinə etiraz məktubları göndərirdi.

Respublikamızda yenicə yaranmaqda olan ilk müstəqil qəzetlər də kəskin publisistik yazıları ilə hər iki respublikanın hakimiyyət yetkililərini ciddi tədbirlər görməyə çağırırdı. Belə qəzetlərdən biri də “Azərbaycan” idi. Qəzetin səhifələrində Borçalı məsələsi ilk dəfə olaraq sistemli şəkildə öyrənilib təhlil olunmağa başladı. Borçalıdakı görüşlərlə bağlı mənim silsilə yazılarım, mərhum Zahid Qaralovun, Abbas Abdullanın, Eyvaz Borçalının, Şamil Qurbanovun, Məmməd Sarvanın, Əli Babayevin, “Qeyrət” Xalq Hərəkatının liderləri Zümrüd Qurbanlının, Əlibala Əsgərovun, Xaləddin İbrahimlinin, Dəyanət Osmanlının, Müşfiq Borçalının, Nəriman Əbdülrəhmanlının, Arif Əmrahoğlunun, eləcə də Borçalıdan olan onlarla soydaşımızın yazıları minlərlə beyinləri silkələyir, həyəcan təbili çalırdı.

Şərif Kərimli: AYAĞIMIZI HARA BASIRIQSA – VƏTƏNDİR!...  “Borçalı” cəmiyyəti konfrans keçirməyə hazırlaşır... Dövlət və qeyri-hökumət təşkilatları ilə olduqca ciddi və nəticəli işlər aparan «Azərbaycan» qəzetinin ətrafında cəmləşən ziyalıların tez-tez Borçalıya səfərləri təşkil olunurdu. Başkeçidin Yırğançay kəndindən tutmuş, Yavıxlı, Gödəkdağ, Armudlu, Ormeşən, Qızıl Kilsə, Orzuman, Azgəlyən; Bolnisin Arıxlı, Kəpənəkçi, Bala Muğanlı, Darvaz; Qarayazının Kosalar, Nazarlı, Candar, Təhlə; Marneulinin Sadaxlı, Gorarxı, Baydar, Qızıl Hacılı; eləcə də Qaraçöp, Qabal və daha neçə-neçə kənd və qəsəbələrdə sadə kənd adamları ilə, ziyalılarla, o cümlədən Gürcüstanın iqtidar nümayəndələri ilə görüşlər təşkil edilir və gürcü-Azərbaycan xalqları arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrinin üçüncü şəxslər, qara qüvvələr tərəfindən düşmənçiliyə çevrilməsinin qarşısının alınması yönündə misilsiz xidmətlər göstərilirdi. qəz
Təvazökarlıqdan kənar kimi görünməsin, bu görüşlərin nəticəsi olaraq, təkcə mənim problem xarakterli yazılarımın sərlövhələrinə fikir verin: «Böyük fəlakətin astanasında», «Bakıdan Borçalıya nə yaxınmış», “Bir köç qayıdır geri”, “İflasa uğramış siyasət və gerçəklik”, “Hara gedirsən, ay evi yıxılmış?!”, “Mən qurban verildim”, “Borçalı agrıları”, “Gül verdik, güilə aldıq”, “Borçalıdan Bakıya bir köç gəlir – qaytarmalıyıq!..”, “İtirilən nəslin harayı” və s. və i. a.
Bakıda yaşayan Borçalı kökənli ziyalılar dəfələrlə Borçalı problemini ən yüksək rəsmi səviyyələrdə diqqətə çatdırmış, Azərbaycan və Gürcüstan prezidentləri ilə görüşmüş və bu məsələ ilə bağlı soydaşlarımızın arzu və istəklərini ifadə edən təkliflər vermişlər. Mərhum prezidentlər Əbülfəz Elçibəy, Heydər Əliyev və Eduard Şevardnadze ilə görüşlər də məhz bu qəbildəndir.
Bu gün və tarixən hamı jurnalistləri söyüb və söyür, döyüb və döyür… Amma hamı da jurnalistlərdən umub və umur. Jurnalistlər ömrünü şam kimi qətrə-qətrə xalq yolunda əritməkdən usanmayan, əksinə, bundan zövq alan və bunu özünə borc bilən fədakar insanlardır. Təsadüfi deyildir ki, yuxarıda adlarını sadaladığım şəxslərin 90 faizi məhz jurnalistlərdir.
80-ci illərin sonu 90-cı illərin əvvəllərində milli oyanış hərəkatının geniş vüsət aldığı dövrlərdə ilan vuran ala çatıdan qorxan kimi, gürcülər də Borçalı sözündən eləcə qorxurdular. Azərbaycanın partiya-sovet liderləri isə Moskvanın bir “malades”inə görə bütün mümkün olan yollarla borçalıları birləşməkdən sapındırır, hər vəchlə onları parçalamağa çalışırdılar. Yad havalara qol qaldırıb oynayan bəzi «soydaşlarımızın xidməti» nəticəsində «Borçalı» sözünün, gürcülər tərəfindən hətta söyüş mənasında assosiasiya edilməsinin əksinə olaraq, mən 1989-cu ildə əvvəlcə qeyri-rəsmi, sonra isə rəsmi şəkildə «Borçalı» adlı qəzeti qeydiyyatdan keçirdim. Buna görə bəzi rəsmilərin tənəsini, qınağını da götürməli oldum.

Şərif Kərimli: AYAĞIMIZI HARA BASIRIQSA – VƏTƏNDİR!...  “Borçalı” cəmiyyəti konfrans keçirməyə hazırlaşır... Bakıda Borçalı bölgələrinin adı ilə bir sıra cəmiyyətlər yaranmağa başlamışdı. Əlbəttə, bunlar yurd yanğısından, el sevgisindən irəli gəlirdi. Lakin bu lokal cəmiyyətlər bütövlükdə Borçalı toponimini ehtiva edə bilmirdi. Nəticədə isə Borçalının xırdalanmasına və konkret hədəflərdən yayınmalara gətirib çıxara bilərdi. Odur ki, biz – indi Türkiyə universitetlərindən birində çalışan Xaləddin İbrahimli ilə “Borçalı” adlı rəsmi bir cəmiyyətin yaradılması uğrunda gərgin işlərə başladıq.
Bu işin gərginliyi nədə idi? – Heç kəs öz kəndinin adını daşıyan cəmiyyətdən qopmaq istəmirdi.
Düzdür, bir qədər əvvəl Borçalı adı altında Abbas Abdullanın rəhbərlik etdiyi bir mədəni-maarif cəmiyyəti bir neçə yığıncaq keçirdi. Onu da deyim ki, borçalılar çox böyük entuziazmla bu yığıncaqlara gəlirdilər. Həmin çağlarda, 90-cı ilin fövqəladə vəziyyət dövründə mən Abbas Abdulla və mərhum şairimiz İsa İsmayılzadənin iştirakı ilə 17 min tirajla “Borçalı” adlı gizli bir qəzet də buraxdım. Özü də rus əsgərlərinin yaşadığı kazarmanın altındakı zirzəmidə.
Lakin bunlar ilk addımlar idi. Biz qorxusuz-hürküsüz rəsmi fəaliyyət göstərmək istəyirdik. Bununla bağlı o vaxtlar “Kirpi” jurnalının redaktoru işləyən Eyvaz Borçalı ilə görüşdüm, xeyli fikir mübadiləsi apardıq.
Niyə məhz Eyvaz Borçalı ilə? Birincisi, Eyvaz müəllim zaman və “Zaman ağalardan” asılı olmayaraq məqamında öz sözünü çılpaqlığı ilə deyən ziyalılarımızdan idi. İkincisi, Borçalıda doğulasan və ömründə, bir dənə də olsun, şeir qoşmayasan, buna heç kəs inanmaz. Özü də çox qəribədir ki, ilk şeirini yazan bütün yeniyetmələr hamısı Borçalı adını özünə təxəllüs götürür. Mən də gəncliyimdə “Sovet Gürcüstanı” qəzetində Borçalı təxəllüsü ilə bir neçə şeir dərc etdirmişəm. Lakin Bakıya gəlib Eyvaz Borçalının imzasını görəndən sonra ulu Borçalımıza və onun adını daşıyana hörmət əlaməti olaraq, bu imzadan əl çəkəsi oldum.
Hər bir Borçalı gəncinin ürəyində bu ad çox müqəddəs və pakdır. Əsas amal və qayənin də mayasında məhz bu sevda – Borçalı sevdası durur!
Və… 1993-cü ildə biz “Borçalı” cəmiyyətini yaratdıq. Məqsədimiz təkcə iqtisadi, social, milli məsələlərin həllində kimlərəsə ictimai güc yolu ilə təsir göstərmək deyildi. Hərçənd ki, bu yolu seçənlər də tapıldı, daha doğrusu, bu yolla fərdi maraqlarını, xidmət elədiyi imperiya maraqlarını təmin etmək üçün yaratdığımız bu cəmiyyətdən istifadə etmək istəyənlər də meydanda peyda oldu.

Nəhəng imperialist dövlətlər parçalandıqdan sonra onlardan qalan ən zərərli miraslardan biri dünya xəritəsinin başına açdıqları oyunlardır. Daimi konfliktlər mənbəyi olan mübahisəli zonalar həmin dövlətlər üçün sonrakı dövrlərdə də müxtəlif xarakterli təsirlər göstərmək baxımından sınanılmış siyasi təxribatlar meydanına çevrilir. Əsrlər boyu milli zəmində yaradılmış bütün təşkilatların mayasında məhz bu mirasa qarşı mübarizə dayanmışdır. Milli azlıqlarla bağlı meydana çıxan cəmiyyətlərin ümdə vəzifəsi isə xalqların təhsil, mədəniyyət, tarix, dil və ədəbiyyat məsələlərinə ərazisində yaşadıqları dövlətin diqqətini çəkməkdir.
Yaşadığımız tarixi mərhələdə Azərbaycan-Gürcüstan münasibətlərində qarşılıqlı faydalı əməkdaşlığın dinamikasını və miqyasını, qarşılıqlı əlaqələrin, praktik olaraq bütün sahələrində təmasların səviyyəsini və intensivliyini izləmədən, ikitərəfli münasibətlərə qiymət vermədən və ondan milli mənafelər baxımından maksimum faydalanmadan, bu münasibətlərin tarixi köklərini, milli-mədəni əlaqələrin, siyasi-iqtisadi əməkdaşlığın milli maraqlarla çulğaşğığı məqamlarını öyrənmədən təminatlı əlaqələr qurmaq və onu inkişaf etdirmək mümkünsüzdür.
Başqa millətlərdən fərqli olaraq, tarixən gürcülər və azərbaycanlılar arasında ciddi ədavətə səbəb ola biləcək müharibə və münaqişələr olmayıb. Ümumiyyətlə, Azərbaycanla Gürcüstan arasında münasibətlər həmişə əməli səciyyə daşıyıb. Ermənilər daim bu iki dövlət və xalq arasında nifaq salmağa çalışmış və bundan faydalanmaq istəyində olmuşlar.
Azərbaycan və Gürcüstan respublikaları arasında əlaqələrin miqyasını və söykəndiyi güclü sütunları öyrənmək üçün bu münasibətlərin ayrılmaz tərkib hissəsi olan Borçalıda yaşayan soydaşlarımızla gürcü xalqı arasında mövcud olan milli, mədəni, sosial ilişkilərin köklərini araşdırmaq doğru olardi. Əsrlər boyu yaranmiş bu tarixi münasibətlər sistemini müasir dövrümüzdə şərti olaraq üç mərhələyə bölmək olar.
Birinci mərhələ 1990-cı ilə qədər olan münasibətlər dövrüdür. Təbii ki, bu mərhələdə formalaşan münasibətlərdə keçmiş Sovetlər İttifaqının xalqlar arasında dostluq siyasətinin strateji xətti bütün sahələrdə öz əksini tapırdı. Həmin dövrün siyasi durumundan Gürcüstan hökuməti məharətlə istifadə edərək uzaqgörənliklə soydaşlarımızın yaşadığı bütün rayonlarda gürcülərin sayını müxtəlif motivlərlə süni surətdə artırırdı.

Azərbaycan – Gürcüstan münasibətlərinin ikinci mərhələsi hər iki dövlətin müstəqillik qazandıqları dövrə düşməklə, inqilabi keçid dövrünü əhatə edir. Yenicə müstəqillik əldə edən Gürcüstan və Azərbaycan dövlətləri keçmiş Sovet imperiyasından miras qalmış bir çox problemlərlə üzləşdilər. Bunlardan ən qorxulusu ölkənin ərazi bütövlüyünün təhlükə altına düşməsi idi. Lakin iki dövlət arasında dostluq korpüsünün əsas təməli sayılan borçalılar gürcüləri yenə də tək qoymadılar – onlar ölkənin ərazi bütövlüyünü dəstəklədilər və Gürcüstanın süverenliyi uğrunda gürcülərlə çiyin-çiyinə dayandılar. Ancaq təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində abxazların, osetinlərin, acarların müstəqillik, muxtariyyət iddiaları ilə yanaşı, ermənilərin separatçılığı, Ermənistan bayrağının ermənilərin kompakt yaşadıqları bir sıra rayonlarda qaldırılması, Gürcüstan dövlət orqanlarının de-fakto nəzarətindən çıxması fonunda azərbaycanlıların itaətkar, sədaqətli vətəndaş, torpağını sevən, onun uğrunda canından keçməyə hazır olan bir millət obrazı yaratsa belə, hələ də lazımi qiymətini ala bilmirdi.
Etiraf etmək lazımdır ki, Eduard Şevardnadze və Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onların şəxsi səyi və təşəbbüsü nəticəsində Gürcüstan dövlətinin hüquq-mühafizə orqanlarının Borçalıda və ona bitişik ərazilərdə fəallığı artdı və burada hökm sürən kriminogen özbaşınalığa qarşi ciddi əməliyyatlar həyata keçirildi.
Lakin E.Şevardnadze zamanında da borçalılara qarşı gizli şəkildə təzyiqlər olunur, onların işlə təmin olunmasında əngəllər törədilirdi. Gürcüstan azərbaycanlılarının ən böyük problemi olan torpaq problemi də məhz E.Şevardnadzenin vaxtında yaradılmışdır.şer3
Nəhayət, 1996-cı ildə müstəqil dövlətin rəhbəri kimi Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana işgüzar səfəri ilə iki ölkə arasında münasibətlərin yeni – üçüncü mərhələsi başlandı. Azərbaycan Prezidentinin bu tarixi səfəri zamanı Azərbaycan və Gürcüstan arasında «Qafqaz regionunda Sülh, Təhlükəsizlik və Əməkdaşlıq barədə» Bəyannamə, «Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizliyin möhkəmləndirilməsi haqqında» Müqavilə, habelə «Neftin nəqlinin yeni vasitələrinin işlənib hazırlanması və belə vasitələrin köməyi ilə neftin Gürcüstan ərazisindən nəqli haqqında» Saziş imzalandı.
1996-cı il Bəyannaməsi əslində imperiya siyasətinə – siyasi konfliktlərin qızışdırılması və etnik didişmələrin genişləndirilməsi siyasətinə qarşı bir sənəd kimi meydana çıxdı.
İki dövlət arasındakı münasibətlərin yaxşılaşmasını her şeydən əvvəl zəruri edən səbəblərdən ən başlıcası, zənnimizcə, iqtisadi səbəblərlə bağlı idi.
Məhz iqtisadi faktor, xüsusilə, neft kəməri bu münasibətlərin yaxşılaşmasını diqtə edirdi.

Hər iki qonşu ölkədə siyasi məsələlərdən məharətlə baş çıxaran, ölkələrinin iqtisadi maraqlarını qlobal siyasətin amansız təzyiqlərindən qoruya bilən gənc və müasir təfəkkürlü qüvvələrin hakimiyyətə gəlişi bir sıra beynəlxalq güc mərkəzlərini onlarla hesablaşmağa vadar etdi. Prezident İlham Əliyevin nəhəng layihələrin Qafqaza yönəldilməsi, Avropa və Asiya arasında siyasi-iqtisadi əlaqələrin etibarlı sütunlarının yaradılması istiqamətində çox mürəkkəb bir şəraitdə ciddi səylər göstərməsi nəinki Azərbaycanı, eləcə də Gürcüstanı inkişaf etmiş sivil dövlətlər arasında öz varlığını qorumaqla yanaşı, nüfuz və söz sahibinə çevirdi.
Biz bu gün elə bir tarixi şəraitdə yaşayırıq ki, əsl müstəqil, demokratik dövlət qurmaq üçün bütün mümkün vasitələrdən məqsədyönlü istifadə etməli, dostları ozümüz seçməli və xalqın mənafeyini heç vaxt şəxsi maraqlara qurban verməməliyik. Bu, 57 milyonluq Azərbaycan xalqının təbii hüququdur.

Bayaq dediyim kimi, 1993-cü ildə yaratdığımız “Borçalı” cəmiyyətinin qarşısında da məhz bu hədəflər dayanırdı. Lakin çox təəssüflər ki, hansısa yollarla cəmiyyəti strateji xəttindən sapındıraraq siyasi provakasiya alətinə çevirdilər. Prioritet istiqamətlər kimi götürülən hədəflər cəmiyyətin sədri funksiyasını icra edən Zəlimxan Məmmədli tərəfindən unuduldu və Borçalıdakı soydaşlarımızın təhlükəsizliyi sual altına qoyuldu. Milli məsələlərdə hakimiyyət və xalqın gücündən yararlanmaq əvəzinə, birtərəfli qaydada konfrantasiya yaradıldı, ümumi məqsədlərə nail olmaq yolunda etimadsızlığa rəvac verildi. Bu da haqlı olaraq cəmiyyətin çoxsaylı üzvləri tərəfindən narazılıqla qarşılanmış və iradlar təbii olaraq biz təsisçilərə ünvanlanmışdır.
Onun bir sədr kimi Gürcüstan dövlət orqanları tərəfindən ölkəyə buraxılmamasını təqdir etmədən bildirirəm ki, hər halda bu aksiya ətrafında da fikirləşməyə dəyər.


Napoleonun idarəetmə haqqında belə bir düsturu var: “Vəzifədə qocalmaq olmaz!”

Necə ola bilər ki, bir adam 10 il ictimai bir təşkilatın rəhbəri olsun?

“Borçalı” cəmiyyəti nə Eyvaz Borçalınındır, nə Şərif Kərimlinin, nə də digər bir şəxsin. Bəli, təşəbbüs bizə məxsusdur, ilk zərbəni biz üzərimizə götürüb onu neytrallaşdırmışıq, lakin Azərbaycan və Gürcüstan hakimiyyət orqanları tərəfindən qəbul olunan, borçalıların yaxşı tanıdığı, ürəyində Borçalı sevdası yaşadan, ağılı, zəkası ilə idarəetmə qabiliyyətinə malik olan hər bir soydaşımız cəmiyyətin müəyyən dövrdə rəhbəri deyil, bir daha vurğulayıram, rəhbəri deyil, məhz onun xidmətində dura bilər. Elə buna görə də biz belə qərara gəlmişik ki, bundan sonra bir adam iki dəfədən çox olmamaq şərtilə bir ildən artıq cəmiyyətin sədrliyinə seçilə bilməz.


“Borçalı” cəmiyyəti yarandığı dövrdən etnik separatçılığı birmənalı rədd edir, Gürcüstanın bölünməzliyini qəbul edir, mədəniyyətlərarası dialoqu vacib vasitə hesab edir, soydaşlarımızda dövlətçilik və milli şüurun sağlam inkişafına çalışır, hər cür radikal üsulları məqsədəçatma vasitəsi kimi qəbul etmir, bütün problemlərin dinc qarşılıqlı anlaşma, hüququn aliliyi prinsiplərinə uyğun həllinin tərəfdarıdır, soydaşlarımızla Gürcüstan cəmiyyətinin qarşılıqlı inteqrasiyasının tərəfdarıdır, çünki Gürcüstan hər birimizin doğma vətəni olduğu kimi, Azərbaycanımızın sədaqətli strateji müttəfiqidir.

Biz Gürcüstanda yaşayan azərbaycanlılarla yanaşı, Azərbaycanın Qax-Zaqatala-Balakən bölgələrində əsrlər boyu birgə yaşamış və azərbaycanlılarla qaynayıb-qarışmış, ictimai və dövləti işlərdə, torpaqlarımızın müdafiəsində rəşadət göstərmiş gürcülər və ingiloylar barəsində də obyektiv, qərəzsiz fikirlər irəli sürməli, onların da sosial və digər problemlərini muxtəlif səviyyələrdə gündəmə gətirməliyik.

Son olaraq ürəyimdən gələn və gənclərin eşitməsini istədiyim bəzi düşüncələrimi də bölüşmək istərdim.

60 illik həyatımda elə bir il olmayıb ki, mən doğma Borçalıma baş çəkməyim. Bakı – Borçalı arasında getdiyim yolları əgər bir-birinə calasaydılar, bəlkə də Yer kürəsinin belinə kəmər kimi dolamaq olardı! Hələ bu yollarda yaşadıqlarımdan, qazandıqlarımdan və itirdiklərimdən danışmıram…

Mənim üçün dünyanın bütün düyünləri, bütün ağrıları, bütün arzuları, bütün sevincləri, bütün kədərləri… bu yollardadır. Bu yolların o başında doğuluruq, yola çıxırıq, yolun sonuna çatar-çatmaz bir daha geri qayıdırıq və gördüklərimizi, yaşadıqlarımızı təzə doğulanlara danışa-danışa ölürük… Nə etməli, biz belə olmuşuq, elə belə də olacağıq – üzü Altaydan, Yeniseydən bəri didərgin ruhlarımızın sorağıyla dünyanı fırlana-fırlana gəlib Xəzərlə Qara dəniz həndəvərində ilişmişik. Ayağımızı hara basırıqsa, əcdadlarımızın iniltisini eşidirik! “Sən Vətəndəsən! Vətən sənsən! Vətən səndədir!”

Mənim və mənim kimi minlərlə borçalılının xoşbəxtliyi ondadır ki, bizim Vətənimiz daha böyükdür! Bir ucu Qara dəniz, bir ucu Xəzər – bizim Vətənimizdir. Ancaq bizim dərdimiz də böyükdür – bir ucu Qara dəniz, bir ucu Xəzər – bizim dərdimizdir! Orda – Abxaziya, Osetiya göynərtisi, burda – Zəngəzur, Qarabağ ağrıları…
Allah bircə qanadlarımızı qırmasın! Biz hələ bu dünyanı çox dolaşacağıq, nə bilmək olar, gələcək dayanacağımız haralar olacaq!..

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: