“BORÇALI” CƏMİYYƏTİ PARÇALANMAYIB, SADƏCƏ RƏHBƏRLİK YENİLƏNİB!... Borçalı, "Borçalı" Cəmiyyəti 1 Temmuz Musa NƏBİOĞLUƏməkdar Mədəniyyət İşçisi* * * * *İyunun 25-də “Borçalı” Cəmiyyətinin növbədənkənar ümumi yığıncaq keçirməsindən və bu yığıncaqda cəmiyyətin rəhbərliyinin fəaliyyətinin qeyri-qənaətbəxş hesab olunaraq, yeni sədr, idarə heyəti və Ağsaqqallar Şurası seçilməsindən keçən müddət ərzində bununla bağlı mətbuatda və sosial şəbəkələrdə münasibət bildirənlər çox oldu. Əksəriyət bunu razılıqla qarşılasa da, təşkilatda rəhbərliyin dəyişməsini “inqilabi çevriliş”, “borçalıların parçalanması” və s. kimi dəyərləndirənlər də oldu. Təbii ki, obyektiv və ya subyektiv olmasından asılı olmayaraq, hər kəs öz fikrini ifadə etməkdə haqlıdır və bu səbəbdən də hər kəsin fikrinə hörmət əlaməti olaraq razılaşmadığım məqamlarla rastlaşsam da, indiyədək mən də cavab verməyə lüzum görmürdüm. Amma iyunun 30-da elpress.az saytında dostum Elbəyi Cəlaloğlunun ““Borçalı” Cəmiyyəti və ona qarşı diferensiasiya səciyyəli toplantı” sərlövhəli yazısını oxuduqdan sonra qərara gəldim ki, ən azından dost ismarıcını cavabsız qoymaq olmaz. Üstəlik o yığıncaqda iştirak edən, idarə heyətinə üzv seçilən və hətta sədrliyə namizədliyi irəli sürülənlərdən biri də mən olduğumdan və elə bu səbəbdən də E.Cəlaloğlunun ittihamlarının (oxu: təhqirlərinin) həm də mənə aid oluğunu düşünərək münasibət bildirmək qərarına gəldim.Məqaləsinin az qala yarısını “Borçalı” Cəmiyyətinin son illərdəki fəaliyyətinə qiymət verməyə (oxu: tərifləməyə!) həsr edən, bu yeddi ili Cəmiyyətin “tarixinin ən parlaq dövrü” adlandıran E.Cəlaloğlundan fərqli olaraq, mən nə Cəmiyyət, nə də onun rəhbərliyi haqda danışmayacam. Yəni, məqsədim cəmiyyətin işini təftiş etmək, yaxşı, yaxud pis tərəflərini sadalamaq deyil. Təbii ki, dəyərləndiriləsi fəaliyyətləri olub və buna görə də ancaq “sağ ol” deyə bilərik. Əməkdar Mədəniyyət İşçisi, folklorşünas alim Elxan Məmmədlinin “mən Borçalı ictimai cəmiyyətinin sədri kimi əvəzolunmaz biri varsa, Zəlimxan Məmmədlini tanıyıram və nə qədər ömrüm var, onunla bir yerdə Borçalımızın rifahı naminə çalışmaqda davam edəcəm”, - deməsinə də böyük hörmətlə yanaşıram və səmimiyyətinə də qətiyyən şübhəm yoxdur. Amma E.Cəlaloğlunun toxunduğu məsələlərə münasibət bildirməzdən əvvəl, digər iki tanınmış şəxsin bu mövzuda sosial şəbəkələrdə oxuduğum rəylərinə dair fikirlərimi də bölüşmək istəyirəm.Məsələyə münasibət bildirən hörmətli Millət vəkili, obyektivliyinə heç zaman şübhə etmədiyim, mətbuatdakı çıxışlarını maraqla izlədiyim Fazil Mustafanın nəzərinə çatdırmaq istəyirəm ki, əvvəla, nə cəmiyyətin təsisçiləri, nə də ümumi yığıncağın iştirakçıları iyunun 25-də həmin yığıncağı çağırmaqda heç bir siyasi məqsəd güdməyiblər ki, dediyiniz kimi də bu, zərərli bir addım ola. Və bir də, burada söhbət, narahatçılığınızı ifadə etdiyiniz kimi, “Borçalı” İC-nin parçalanmasından yox, ancaq rəhbərliyin keyfiyyətcə yenilənməsindən gedir. Axı, təsisçilərin üçü də daxil (ikisi rəhmətə gedib) 250 nəfərin iştirak etdiyi bir ümumi yığıncaqda hansı parçalanmadan söhbət gedə bilər? Kim özünün qurduğu təşkilatı parçalayar? Bütün bunlardan sonra, siz, təsisçilərin və ümumi yığıncaq iştirakçılarının yekdil qərarına yox, “Zəlimxan bəyə dəstəyimizi davam etdirəcəyik”, - deyirsinizsə, nə deyə bilərik, dostluqda sədaqət nümunəsi kimi, bu da sizin qənaətinizdir. Ümumi yığıncaq, hörmətli hüquqşünas İlqar Altayın dediyi kimi, “Aidiyyətsiz və səlahiyyətsiz şəxslər” tərəfindən də çağırılmayıb. Cəmiyyətin qanuni təsisçiləri Azərbaycan Respublikasının qanunlarının və cəmiyyətin nizamnaməsinin onlara verdiyi hüquqdan istifadə edərək növbədənkənar ümumi yığıncaq çağırıblar. Görəsən, bunu “açıq və nümayişkaranə özbaşınalıq və saxtakarlıq” adlandıran hüquqşünas nəyə əsaslanır? Axı, hüquqşünas hisslərə söykənməməli, dediyi fikirləri müvafiq qanunvericiliklə əsaslandırmalıdır. Konkret bu halda isə deyə bilərmi ki, təsisçilər öz hüquqlarından istifadə edərək növbədənkənar ümumi yığıncaq çağırıb təsisçisi olduqları cəmiyyətin başında duranların fəaliyyətinə qiymət vermək istəyirlərsə və bu yğığıncaqda çoxsaylı borçalılar iştirak edirsə, burda hansı qanunun hansı maddəsi pozulub? Fikirlərini müvafiq qanunlara istinad edərək əsaslandırmaq əvəzinə, görün hörmətli hüquqşünas nə deyir: “Və nəticə etibarı ilə kobud surətdə bir ictimai təşkilatın adı, fəaliyyəti və nüfuzuna, onun Azərbaycan qanunları tərəfindən təmin edilən, qorunan hüquqlarına basqı edilir”. Əgər doğrudan da, hörmətli hüquqşünasın dediyi kimi, bu cəmiyyətin “hüquqlarına basqı” edilibsə, niyə buna qarşı hüquq müstəvisində mübarizə aparmır? Təsisçiləri və bütövlükdə həmin ümumi yığıncağın iştirakçılarını nəzərdə tutaraq, “Başa düşmürlərmi ki, dövlətin rəsmi tanıdığı ictimai təşkilat elə dövlət təşkilatı qədər toxunulmazdır?”, - deyən hüquqşünas özü görəsən başa düşmürmü ki, bir vaxtlar həmin cəmiyyəti təsis edib, müvafiq dövlət qurumlarından da onun qeydiyyata alınmasını xahiş edən təsisçilərin hüquqlarını danmış olur? Bilmirmi ki, təsisçilərin hətta bir nəfərinin belə istənilən vaxt ümumi yığıncağın çağırılmasını tələb etmək hüququ var? Bunları görməzlikdən gələn hüquqşünas hətta bir az da uzağa gedərək görün nə deyir: “Yaxşı olar ki, dövlətçiliyimiz və ictimai sabitliyimizin, qanunlarımızın əsas keşikçisi olan Azərbaycan Respublikası Prokurorluğu bütün bu sualların aydınlaşdırılması üçün məsələyə müdaxilə etsin, aidiyyətli hüquq-mühafizə güc strukturları müvafiq tədbirlərini görsünlər”. Görəsən, hüquqşünasın məntiqinə görə, “aidiyyatı hüquq-mühafizə və güc strukturları” hansı tədbirləri görməlidir? Belə çıxır ki, insanların bir yerə toplaşıb öz fikirlərini ifadə etmək azadlığını boğmalıymış? Yaxşı olmazmı ki, sosial şəbəkədə belə populist çıxış etməkdənsə, hörmətli hüquqşünas, əgər düşünürsə ki, doğrudan da, Borçalı İC-nin artıq keçmiş rəhbərliyinin hüquqları pozulub, o zaman onlara vəkillik edib, hüquqlarını müdafiə etsin. İndi isə Elbəyi Cəlaloğlunun ittihamlarına münasibət bildirmək istəyirəm. Yazırsınız ki, “əfsuslar olsun ki, hələ də aramızda bürokratik düşüncələrdən xilas ola bilməyən, Sovet rejiminin diktatura siyasəti üsulundan qurtula bilməyən, bəzi arzuolunmaz daxili və ya xarici qüvvələrin marağına xidmət edən, diferensiasiya yolunu tutan, buqələmunluğu özünə peşə və ya həyat tərzi seçmiş soydaşlarımız da var”. Hörmətli Elbəyi bəy, necə olub ki, bu neçə ildə bilməmişəm sənin insanları tanımaqda (oxu: suçlamaqda!) bu qədər böyük mütəxəssis olduğunu! Belə olmasaydı böyük cəsarət və eyni zamanda risk tələb edən bir məsuliyyəti üzərinə götürüb o yığıncaqda iştirak edənləri “xarici qüvvələrin marağına xidmət” etməkdə suçlamaz, “buqələmun” adlandırmazdın. Kimdir bu “buqələmun” dediklərin? Bircəciyini adıyla göstərə bilərsənmi? Yeri gəlmişkən, təəssüf ki, mənim tərbiyəm və əxlaqım yol vermir ki, bəzilərinin timsalında “buqələmunluğun anatomiyasını” açıqlayım. Axı, adamın yanında çox şey danışarlar. 250 nəfərin iştirak etdiyi bir yığıncağa gələnləri “cahil” və “münafiq” adlandırırsan, “qanundankənar addım atmaqda” ittiham edirsən, yeni nüfuz meyarı müəyyənləşdirərək ordakıların “olan-qalan nüfuzlarını darmadağın” etdiklərini söyləyirsən. Bir az da irəli gedərək yazırsan: “Borçalı” Cəmiyyətinin təsisçilərindən bəzilərini öz tərəfinə çəkərək, onların nüfuzundan sui-istifadə etməklə, hətta bəzi ağsaqqallarımızı bu dövlət qanunlarına zidd, cəmiyyətin nizamnaməsinə uyğun olmayan məkrli qiyama cəlb etməkdən belə çəkinmədilər”. Hörmətli Elbəyi bəy, əvvəla, o yığıncaq, dediyin kimi, təsisçilərin bəzilərinin yox, hamısının – bu gün həyatda olan üç nəfərin (iki nəfər dünyasını dəyişib) iştirakıyla müvafiq qanunvericiliyin onlara verdiyi hüquq əsasında çağırılıb. İkincisi də, nə təsisçilər, nə də o yığıncaqda iştirak edən ağsaqqal ziyalılar düşündüyünüz qədər sadəlövh deyillər ki, kimsə onların başını qata bilsinlər. Onlar bir dəfə necə aldandıqlarını da unutmayıblar. “Onların toplumun imicinə xələl gətirən bu hərəkətləri”, “qiyam tərəfdarlarının yazdıqları inqubator cücələrinə bənzəyirlər”, - kimi ifadələr işlədirsən. Deyə bilərsənmi, toplumun imicinə hansı xələl gəlib, necə olur ki, cəmiyyətin təsisçilərinə xəbər vermədən tərəfinizdən yığıncaq keçirilməsi qiyam adlanmır, amma halalca təsisçilərin öz hüquqlarından istifadə edərək təşkilatın fəaliyyətinə qiymət vermək üçün ümumi yığıncaq çağırmaları “qiyam” adlandırılır. Harda görünüb ki, insan özü yaratdığı təşkilata qarşı qiyam eləsin. Yazırsan ki, “Zəlimxan Məmmədli fərd olaraq, eyni zamanda tanınmış ictimai-siyasi xadim olaraq özəl fikirlərə sahib olmasaydı bu, təəccüblü görünərdi”. Haqlısan, bir fərd olaraq, öz fikrini ifadə etməkdə haqlıdır. Heç kəsin də bu barədə ona irad tutmağa haqqı yoxdur. Amma dediyin kimi, bir fərd olaraq! Çünki rəhbərlik etdiyi təşkilat siyasi partiya deyil və o da özünün fikrini, xüsusən də siyasi düşüncələrini rəhbərlik etdiyi qeyri-hökümət təşklilatının adından səsləndirməməli, məhz şəxsi fikri kimi bildirməlidir. Tez-tez qanunların pozulmasından danışırsınız, yəqin, bilməmiş də deyilsinizi ki, QHT-lərin siyasi fəaliyyətlə məşğul olmasını qanunlarımız qadağan edir. Bilmirəm nədən bu qənaətə gəlirsən ki, kimsə iddia edir ki, “cəmiyyətə sədr seçilmiş şəxs hər iki – Azərbaycan və Gürcüstan dövlətlərinin iqtidar partiyasına daxil olmalıdır, iqtidar dəyişdikcə sədr də partiyasını dəyişməlidir”. Heç kəs bu qənaətdə deyil və sənin də dediyin kimi, belə fikrə gəlmək elə qeyri-hökümət təşkilatını siyasiləşdirmək qədər gülüncdür.Yazını maraqlı sonluqla bitirisən: “Biz Zəlimxan Məmmədlinin başçılığı ilə “Borçalı” Cəmiyyətinin İdarə Heyətinin üzvləri, El məclisləri başçıları və cəmiyyət fəalları olaraq yenə də tolerantlıq, dözüm, səbir nümayiş etdirir, həmin bu qeyri-qanuni toparlaşan soydaşlarımızı Cəmiyyətə dəvət edir, onların fikirlərini, tələblərini birlikdə müzakirə etməyə hazır olduğumuzu bildiririk. Onların bu təklifimizi qəbul etmədikləri, öz mövqelərində qaldıqları halda isə, onsuz da heç nəyə nail ola bilməyəcəkləri və özlərinin bir ömürə yığdığı az-çox nüfuzlarına xələl gətirəcəklərinə əmin olmaları barədə xəbərdar etməyi özümüzə borc bildik”.Əvvəla, bizlərin, dediyin kimi, “bir ömürə” yığdığımız “az-çox” nüfuzumuza xələl gətirə biləcəyimizdən narahat olub, “vaxtında” xəbərdarlıq etdiyinə görə səmimi təşəkkür edirəm. Amma doğrudan da, belə səbirli, dözümlü olub, müazkirə aparmaq istəyirdinizsə, nədən cəmiyyətin təsisçilərinin dəvətini qəbul etmədiniz? Gəlsəydiniz, bəlkə də, o yığıncaqda müzakirə başqa axarda gedər, iradlar bildirilməklə yanaşı, sizlərə bir daha şans verilərdi. Nədən gəmidə oturub, gəmiçini saymadınız? İndiyədək “idarə etdiyiniz” təşkilatın qanuni təsisçilərinin çağırışını qəbul etmədiniz. Və bir də maraqlıdır, görəsən, bu son cümləndə - yəni müzakirəyə dəvət məsələsində səmimisən, yoxsa daha əvvəldə “münafiq”, “buqələmun”, “qiyamçı” və s. adlandıranda – borçalıları təhqir edəndə? Bizi “Borçalı” İC-ni parçalamaqda ittiham edib, özünüz borçalıları niyə təhqir edirsiniz? Sonda, “Borçalı” Cəmiyyəti parçalandı deyənlərə isə çatdırmaq istəyirəm ki, bu cəmiyyət parçalanmayıb, sadəcə rəhbərlik yenilənib. Borçalıya və borçalılara xidmət etmək üçün isə mütləq deyil ki, hamı cəmiyyətin sədri olsun. Hamımız yenə də bir yerdə olacağıq, heç kəs diqqətdən kənarda qalmayacaq. Borçalı hamımızın olduğu kimi, “Borçalı” cəmiyyəti də hamımızındır!Borçalılar həmişə olduğu kimi, yenə də monolitliyini, ağızbirliyini qoruyacaq, əl-ələ verib Gürcüstanda yaşayan soydaşlarımızın daha firavan həyatı naminə fədakarlıq göstərəcək, Cənubi Qafqazın iki dost, qardaş ölkəsi olan Azərbaycanla Gürcüstanın qanunlarına hörmətlə fəaliyyət göstərərək iki ölkə arasında əsl dostluq körpüsünə çevriləcək. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.