Karslı Aşıq İslam Ərdənərin ilk kitabı Borçalı, Turan 5 Temmuz Bu günlərdə (2016-cı il) ustad aşıq, görkəmli Borçalı tərəkəmə türkü olan, məlum səbəblərdən Türkiyənin Qars vilayətinin Kümbətli (Ladıkars) köyündə yaşamış aşıq İslam Ərdənərin ilk kitabı Bakıda, "Yeni Poliqrafist" nəşriyyatında çox nəfis bir şəkildə işıq üzü görmüşdür. Aşıq İslam 1921-ci ildə Kümbətlidə anadan olmuş, 1995-ci ildə həmin köydə də vəfat etmişdir. O, məşhur tərəkəmə ozanı aşıq Şenliyin oğlu aşıq Qasımın şəyirdi olmuşdur.Belə bir aşığın varlığı hələ Sovet hökumətinin tüğyan elədiyi bir vaxtda, 1972-ci ildə Kürüstü Keşəli kəndində yaşayan doğma bacısı Anaxanım qarının oğlu, rəhmətlik Qəmbər müəllim tərəfindən Borçalılara tanıdılmışdır. Belə ki, həmin illərdə, qadağaların quş uçurtmaz bir vaxtında Qəmbər Omar oğlu bütün çətinliklərə sinə gərərək doğma dayısı olan aşıq İslamı Keşəliyə gətirdərək bacısı ilə görüşdürmüş və bütün Borçalıya tanıtdırmışdır. Allah Qəmbər müəllimə qəni-qəni rəhmət eyləsin!Bundan sonra biz aşıq İslamın həyat yaşamını görkəmli Azərbaycan şairi Məmməd Aslanın "Ərzurumun gədiyinə varanda" kitabından öyrəndik.Bu ünlü aşığın atası İsə kişi əslən dağ Borçalının Soyuqbulaq kəndindən olmuşdur (Ermənistanın Kalinino rayonu). Bu kənd, kitabın 9-cu səhifəsində də qeyd edildiyi kimi, Cücəkənd (Kalinino rayonu) və Yırğançayla (indiki Gürcüstanın Dmanisi - Başkeçid rayonu) kəndləri ilə sacayağıdır.Aşıq İslam haqqında məlumatlar kitabda yetərincədir. Ancaq kitabda getmiş bir mexaniki səhvə oxucuların diqqətini çəkmək istəyirəm. Həmin səhifədə getmiş kiçik bir abzas belədir:"Sadaladığımız bu kəndlər son dövrlərdə Ermənistan sınırları içərisində qalmış digər yüzlərlə Qarapapaq türklərinin kəndləri kimi 1990-cı illərdəki son məlum olaylar ilə ilgili olaraq məcburi şəkildə öz tarixi dədə-baba yurdlarını birdəfəlik tərk etmək məcburiyyətində qalmışlar."Soyuqbulaq və Cücəkənd kəndləri Ermənistan ərazisinə, Yırğançay isə Gürcüstan ərazisinə aiddir. Məlum səbəblərə görə o kəndlər köçmüş, Yırğançay isə bütün zorluqlara rəğmən öz dədə-baba yurdlarını atmamış, hal-hazırda da həmin kəndin camaatı öz ev-eşiyində firavan yaşamaqdadır.128 səhifəlik bu kitabın araya-ərsəyə gəlməsində Marneulidəki özəl universitetin prorektoru, eloğlum Mahmud Kamaloğlunun zəhməti əvəzsizdir. Aşığın şerlərini əldə eləmək üçün mən, aşığın oğlu Musa Ərdənərlə internet üzərindən uzun müddətli əlaqə yaratdım. Sağ olsun, aşığın şerlərinin bir qismini mənə göndərdi. Bununla da ilk dəfə olaraq aşığın belə bir kitabı meydana gəldi. Bu kitabda gedən şeirlər ustad aşığın yaradıcılığının bir hissəsidir. Ümid edirik ki, gələcək tədqiqatlarda aşığın irsi küll halında toplanıb oxucuların ixtiyarına veriləcık. Biz isə hələlik bu kiçik kitabla ustadın ruhunu oxşamağa çalışdıq.Əflatun HÜSEYNOĞLU.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.