“Biz bir olanda, erməni yalanları ayaq tutub yürüməz”

“Biz bir olanda, erməni yalanları ayaq tutub yürüməz” Marneulidə yaşayan Nərgiz Əliyeva: Gürcüstanla Azərbaycanı nəinki iqtisadi, siyasi əlaqələr, həmçinin xalqlar arasındakı səmimi dostluq birləşdirir

Hazırda Azərbaycan gənclərinin səsi dünyanın müxtəlif ölkələrindən eşidilməkdədir. Onların hər xoş sədasını eşitdikdə isə, fərəh hissi ilə dolub-daşırıq.
Bu gün sizə təqdim edəcəyim müsahibim Gürcüstanın Marneuli şəhərində yaşayan Nərgiz Əliyevadır.
O, Moskva Dövlət İqtisadiyyat, Statistika, İnformatika Universitetinin hüquq fakültəsini bitirib.
Uzun müddət Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin və mətbuat xidmətinin rəhbəri vəzifəsində, eyni zamanda Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədr müavini vəzifəsində çalışıb.
Hazırda Gürcüstanda fəaliyyət göstərən "Qrinviç” təhsil mərkəzinin direktorudur.
Eyni zamanda, ictimai fəaliyyətini fərdi şəkildə davam etdirir.
Nərgiz xanım Gürcüstanda Azərbaycan gənclərinin haqq səsinin eşidilməsi üçün əlindən gələni əsirgəmir.


“Biz bir olanda, erməni yalanları ayaq tutub yürüməz” - Nərgiz xanım, ilk olaraq gənc yaşda bu qədər uğur əldə etdiyiniz üçün sizi alqışlayırıq. Bu zirvəyə qədər gəlib çatmaq çətin olmadımı?
- İlk olaraq mənə diqqət ayırıb müsahibə götürdüyünüz üçün sizə və "Kaspi” qəzetinə dərin minnətdarlığımı bildirirəm. Bir gənc olaraq bu cür nüfuzlu mətbuat orqanında müsahibəmin dərc olunması mənim üçün şərəfdir. Mən özümü heç bir zaman zirvədə hiss etməmişəm, sadəcə, sevdiyim işlə məşğul olmuşam. Mənim həyat tərzim, amalım və məqsədim hər zaman xalqıma, vətənimə xidmət etmək, tanıtmaq və təmsil etmək olub. Diaspor və lobbiçiliklə məşğul olub, ictimai fəaliyyət göstərərək bu hədəfə nail ola bilirik, az-çox uğurlar əldə edirik. Mənim uğurum xalqımın yaşadığım ölkədə layiqli şəkildə təmsil olunması, gənclərin savadlı və sağlam ruhlu cəmiyyət üçün təqdim olunması və yetişməsidir. Əgər bu işdə zərrə qədər əməyim varsa, bu mənim uğurumdur. Lakin hər bir sahədə olduğu kimi, mənim çalışdığım ictimai sahədə də uğurlu olmaq o qədər də asan deyil. Fəaliyyətimin 11-ci ilindəyəm, bu bir gənc üçün böyük təcrübə, uzun yol deməkdir, bu illər ərzində hər cür maneələr, çətinliklər, mənəvi sarsıntılar və ədalətsizliklərlə qarşılaşdım, amma bir dəqiqə bu sahədən uzaqlaşmaq ağlımdan belə keçmədi. Hər zaman bu çətinliklərin öhdəsindən başı uca və təmiz vicdanla gəldim, çünki gördüyüm işin faydalı olmasına inam mənə güc verdi. Düşünürəm ki, bizim iş könül işidir, o könül isə xalq və vətən sevgisi ilə dolu olmalıdır.

“Biz bir olanda, erməni yalanları ayaq tutub yürüməz” - Siz Gürcüstanın Marneuli şəhərində anadan olmusunuz və orta təhsilinizi Moskva şəhərində almısınız. AMM mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmısınız. Xarici dilli insanların içərisində böyüyən bir xanım kimi, Azərbaycan mətbuatı ilə işləmək çətin deyildimi? Çünki jurnalistika çox çətin sahədir və hər adam bu sahədə asanlıqla baş çıxarmır...
- Açıq deyim ki, çox çətin oldu. Moskva şəhərindən vətənə - Gürcüstana qayıdanda ana dilimizi çox zəif bilirdim, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin əməkdaşı olduqdan sonra orada qısa müddət ərzində bu qüsurumu düzəltdim. Zaman elə gətirdi ki, mətbuat katibi vəzifəsinə layıq görüldüm. Bu mənim ilk uğurum idi. Uşaqlıqdan jurnalist olmaq istəyirdim, bu sahədə çalışan insanlara xüsusi hörmətim var. Azərbaycan mətbuatı nümayəndələrinin heç birilə tanışlığım yox idi, çalışdığım təşkilatın xəbərlərini isə hər hansı bir yol ilə Azərbaycan mətbuatına ötürməli idim. Bu mənim başlıca vəzifəm idi. Gecə-gündüz internet üzərindən xəbər agentliklərinin ünvanlarına bir-bir məktublar yazırdım, diaspor sahəsində yazılar yazan jurnalistləri araşdırır, onlara uzun məktublar yazıb, təşkilat haqqında xəbərlər göndərirdim ki, bizi tanıyıb xəbərlərimizi dərc etsinlər. Yazdığım çoxsaylı müraciətlərin bir çoxlarına cavab almasam da, məhz bu axtarışlarım sayəsində bu gün mənim çoxsaylı jurnalist dostlarım var. Bəzən mənim Azərbaycan mətbuatı sahəsində öz sahəmdə populyar olduğumu deyən dostlar bəlkə də yanılmırlar. KİV-in nümayəndələri olmasa, bizim gördüyümüz işlər böyük kütlənin diqqətinə çatmaz və layihələrimizdən düşündüyümüzdən daha çox insanlar yararlanmaz.

- Bildiyimiz qədəri ilə, bir övladınız var. Övladınız Azərbaycan haqqında nə dərəcədə məlumatlıdır?
- Allah bütün balaları saxlasın. Övladlarımız bizim gələcəyimizdir, yaşamaq üçün səbəbimizdir. Mənim övladımın ilk sözü "Azərbaycan” olub. Hətta Səməd Vurğunun "Azərbaycan” şeirinin ilk misraları birinci şeiri, ilk mahnısı isə Rəşid Behbudovun "Azərbaycan” mahnısı olub. Bunu tam səmimi, heç bir pafos olmadan deyirəm. Bəzən yaxınlarım deyir ki, oğlun səndən də çox millətsevər və vətənpərvər olacaq. İnşallah ki, elə olar. O, eyni zamanda Gürcüstanı da çox sevir, gürcü dilində şeirlər deyir, Gürcüstan himnini də əzbərləyir. Düşünürəm ki, biz övladlarımızı bu ruhda - vətənimizə və milli köklərimizə bağlı şəkildə böyütməliyik. Ailədə bu sevgini yaratmamışıqsa, o zaman heç bir fəaliyyət haqqında danışmağa dəyməz.

- Maraqlıdır, gürcü xalqının azərbaycanlılara qarşı münasibəti necədir?
- Gürcüstan-Azərbaycan münasibətləri əsrlər boyu dostluq, qardaşlıq, tərəfdaşlıq və əməkdaşlıq ruhuna söykənib. Bizi nəinki iqtisadi, siyasi əlaqələr, həmçinin xalqlar arasındakı səmimi dostluq birləşdirir. Gürcü xalqı hər zaman Azərbaycan xalqını hər mövzuda dəstəkləyib.

“Biz bir olanda, erməni yalanları ayaq tutub yürüməz” - Bəs onlar bizim mədəniyyətimizlə bağlı nə qədər məlumatlıdırlar?
- Bu istiqamətdə ən böyük iş bizim üzərimizə düşür. Biz deyəndə, burada fəaliyyət göstərən azərbaycanlıların rəhbərlik etdiyi qeyri-hökumət təşkilatlarını və ictimai xadimləri nəzərdə tuturam. Biz çalışırıq ki, hər bayramımızda, tarixi əhəmiyyətli günlərimizdə gürcü xalqının nümayəndələrini tədbirlərə dəvət edək, onlara mədəniyyətimiz haqqında ətraflı məlumat verək. Onlar da böyük maraqla tədbirlərimizdə iştirak edirlər. Misal üçün, Novruz bayramı Marneulidə dövlət səviyyəsində qeyd olunur, ümumxalq gəzintisi, konsert proqramları, Azərbaycan mədəniyyətindən ibarət guşələr, göstərilər təşkil olunur ki, bu tədbirə ölkənin prezidenti, baş naziri və ən nüfuzlu adamları təşrif buyurur. Eyni zamanda, Gürcüstanda olan xarici ölkələrin diplomatik nümayəndələri, turistlər gəlirlər və bizim mədəniyyətlə tanış olurlar. Bu da ölkə rəhbərliyinin bizim millətə olan qayğı və diqqətindən irəli gəlir. Daha bir nüansa diqqətinizi çəkmək istəyirəm ki, Azərbaycanın Gürcüstandakı səfirliyi son zamanlar bu istiqamətdə yeni strategiya quraraq çox uğurlu işlər həyata keçirir. Azərbaycan mədəniyyətinə və tarixinə aid silsilə tədbirlər təşkil edən səfirlik gürcü elitasını, ziyalılarını və alimlərini bu tədbirlərə dəvət edərək Azərbaycan haqqında çox dolğun məlumatlar verir. Cənab səfir Dursun Həsənov isə şəxsən hər bir qonağı məlumatlandırır. Bu çox önəmlidir, mən dəfələrlə gürcülərin bu tədbirlərdən necə böyük təəssüratlarla qayıtdığını görmüşəm.

- Gürcüstanda azərbaycanlı gənclərin səsi eşidilir?
- Gürcüstanda yaşayan azərbaycanlı gənclər günü-gündən irəliyə, inkişafa doğru gedir. Çox sevindirici haldır ki, bu gün Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlıların sayı 3000-dən çoxdur. Onların içərisində prezident təqaüdü alanlar, dövlətin ayırdığı qrantlardan yararlananlar, ən yüksək nəticələrlə, təhsilini qırmızı diplomlarla tamamlayanlar var. Bu bizim başlıca uğurumuzdur. Bu gün gənclərimizin əksəriyyəti gürcü dilini mükəmməl bilir. Avropaya açılan qapılar isə bizim gənclər üçün yeni məqsədlər və imkanlar yaratdı. Bu gün Gürcüstan parlamentində təmsil olunan 4 azərbaycanlı deputatdan ikisi gəncdir, gənclərimiz nazirliklərdə, yerli özünüidarəetmə orqanlarında, dövlət və qeyri-dövlət strukturlarında təmsil olunurlar. Təbii ki, işsizlik problemləri bizdə mövcuddur, özü də ciddi şəkildə. Lakin bu istiqamətdə işlər gedir və düşünürəm ki, səsimiz daha da ucalardan gələcək. Çünki savadlı səslər bizim qürurlanacağımız səslərdir. Hər bir uğurlu gənc bizim başucalığımız, millətin və vətənin gələcəyidir. Mən Gürcüstanın uğurlu gələcəyinin sağlam ruhlu gənclərin əlində olacağına əminəm!

- Bildiyimiz qədər, Gürcüstanda kifayət qədər ermənilər yaşayır. Mənfur düşmənlərimiz yaşadıqları hər bir ərazidə öz əsassız iddialarını qaldırırlar. Belə olan halda, onlarla necə mübarizə aparırsınız?
- Təəssüflər olsun ki, erməni yalanları bütün dünyada olduğu kimi, bizim ölkədə də ayaq alıb yeriməyə çalışır. Lakin son on il ərzində ölkədə güclənən QHT sektoru, azərbaycanlıların təşkilatlanması buna izn vermir. Misal üçün, bir hadisəni nəzərinizə çatdırım ki, bir neçə il bundan öncə onlar Tbilisinin mərkəzində "Şuşanın azadlığı” adı altında böyük tədbir keçirməyi planlaşdırırdılar. Biz bunu duyar-duymaz, öz etirazımızı bildirdik. Birləşərək bir çox yerlərə etiraz məktublarımızı ünvanladıq və bu tədbirin qarşısı alındı. Gürcüstanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində müəyyən dərəcədə uğurlar əldə etmişik, lakin kifayət etməyəcək dərəcəsindədir. Düşünürəm, birlikdə işləmək lazımdır. Bilirsiniz, istənilən yalanın, provokasiyanın qarşısını almaq üçün birliyə, milli ruha və ədalətli mövqeyə ehtiyac var. Milli məsələ üçün birləşə bilməyən millət nümayəndələri heç bir vətənpərvərlikdən, xalqsevərlikdən danışa bilməz. Milli məsələləri öz mənfəəti uğrunda istifadə edənlərin isə cəmiyyətdə yeri yoxdur, deyə düşünürəm. Ona görə də birlik olan yerdə güc də olar və heç bir yalan ayaq tutub yürüməz.

Xəyalə Rəis

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: