Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva ilə görüş keçirilib Borçalı, "Region-Press" 21 Eylül Sentyabr ayının 19–da Gürcüstanın Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində yerləşən Ata Holding Mərkəzində, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkili ilə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva ilə görüş keçirilib. Tədbirdə Əli Xəlilinin müəllif olduğu "Azərbaycanca-Gürcücə luğət"in təqdimatı da keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov açaraq, bu tipli çap məhsullarının əhəmiyyətindən danışaraq bu kitabların orta və ali təhsil ocaqlarına paylanacağından söz açıb. Daha sonra Fazil müəllim Qənirə Paşayevanın həmişə Gürcüstanın dostu olduğunu və bu ölkənin "Şərəf" ordeninə layiq görüldüyünü, həmçinin Marneuli şəhərinin fəxri vətəndaşı olduğunu da qeyd edib və ona Azərbaycanda keçiriləcək parlament seçkilərində uğurlar arzulayıb. Görüşdə çıxış edən Millət vəkili Qənirə Paşayeva Azərbaycan və gürcü xalqlarının dostluğundan danışıb: "Gürcü xalqı ilə bizi tariximiz, mədəniyyətimiz, qonşuluq əlaqələri, çoxəsrlik dostluq telləri bağlayır. Bizim ölkələr və xalqlar əsrlər boyu dostluq içində yaşayıb, biz hər zaman bir birimizə dəstək olmuşuq danılmaz faktdır ki, Azərbaycan Gürcüstana ən çox investisiya yatıran və ən yüksək vergi ödəyən ölkədir. Bu da bizim münasibətlərin ali səviyyədə olduğundan xəbər verir."Qənirə Paşayeva daha sonra Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə yaxından tanış olduğunu söyləyərək, əhalinin gürcü cəmiyyətinə ineqrasiya olunmasının əsas yolunun dövlət dilini mənimsəməkdən keçdiyini xatırlatdı və bu istiqamətdə luğətlərin çap olunmasının yararlı olacağından söz açaraq, bu günlərdə Bakıda fəaliyyət göstərən "Elm və təhsil" nəşriyyatında nəşr olunan və müəllifi əslən Bolnisidən olan Əli Xəlillinin hazırladığı "Azərbaycanca-gürcücə lüğət" kitabını tədbir iştirakçılarına təqdim edib. O, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin təşəbbüsü və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və "SOCAR Energy Georgia MMC"-nin dəstəyi ilə nəşr olunan kitabın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qənirə Paşayeva yeni çap olunan lüğətdən peşəkar tərcüməçilər, yazarlar, qarşılıqlı əlaqələrimizdən yararlanan insanlar, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, Azərbaycanda təhsil alan gürcü vətəndaşlar və azərbaycanlı məktəblilərin bu faydalı kitabdan səmərəli şəkildə istifadə edəcəklərini qeyd edib. Qənirə Paşayeva 2 mindən çox kitabın universitet tələbələrinə, azərbaycandilli məktəblərə, kitabxanalara, mədəniyyət mərkəzlərinə pulsuz olaraq paylanılacağını və gələcəkdə bu kitabın ikinci nəşrinin hazırlandığını vurğulayaraq yeni nəşrdə lüğətdə habelə sözlərin deyiliş trankskripsiyasının da əks olunacağını bildirib. Eyni zamanda Qənirə xanım Paşayeva çıxışında bölgələrin və şəhərlərin qardaşlaşmasını təklif edərək iki ölkə gəncləri arasında körpü rolunu oynayacaq layihələrin vacib olduğunu vurğulayıb. Görüşdə iştirak edən Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili bu tipli çap məhsullarının əhəmiyyətindən danışaraq, Gürcüstan dövlətinin də milli azlıqların dövlət dilini öyrənməsi istiqamətində marağından və həyata keçirdiyi layihələrdən danışıb: "Biz eyni ağacların kökləriyik. Biz bu kökləri ayırmamalıyıq. Biz əlaqələrimizi və qarşılıqlı münasibətlərimizi daha da genişləndirməliyik. Bütün dünya bizim bu əməkdaşlıq və sıx dostluq münasibətlərimizi görməli və nümunə götürməlidir. Biz gələcəkdə də dostluğumuzun möhkəmlənməsi üçün daha çox çalışmalıyıq".Qubernator görüşdə təqdimatı keçirilən "Azərbaycanca-gürcücə lüğət" kitabının nəşrinə də münasibət bildirib: "Bu kitab üçün biz Qənirə Paşayevaya təşəkkürümüzü bildiririk. Bizim regionda azərbaycanlılar daha çoxdur. Bu kitabın təməli böyükdür və daşdan da möhkəmdir. Düşünürəm ki, bizim əlaqələrimiz yalnız kitabla yox, daha da möhkəm və mənalı əlaqələrlə möhkəmlənəcək".Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev tezliklə Azərbaycanda keçirilən seçkilərdə Qənirə Paşayevanın yenidən Milli Məclisə üzv seçiləcəyinə və səmərəli fəaliyyətinə davam edəcəyinə ümid etdiyini bildirib. O, Tovuz və Dmanisi rayonlarının qardaşlaşmış rayonlar olduğunu qeyd edib: "Mən bir parlament deputatı kimi məsuliyyətlə deyirəm ki, bu gün Gürcüstan-Azərbaycan münasibətləri həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə ən yüksək səviyyədədir. Bu əlaqələr həmçinin Qənirə Paşayevanın təqdirəlayiq əməyi sayəsində bu səviyyəyə çatıb. Bizim möhkəm dostluğumuzu heç kim sarsıda bilməz".Deputat Mahir Dərziyev görüşdə azərbaycanlıları narahat edən problemlərdən də danışıb: "Biz azərbaycanlıları narahat edən problemlərdən də danışmalıyıq. Biz qətiyyətlə bu problemləri aradan qaldıra bilərik. Bu gün ən böyük problem azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya problemidir. Bu inteqrasiya həm də təhsildən keçir. Biz təhsil məsələlərində Azərbaycan dövlətinin yardımına, dəstəyinə ümid bəsləyirik".M. Dərziyev "Azərbaycanca-gürcücə lüğət" kitabının azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya prosesinə kömək olacağını da bildirib.Marneuli munisipalitetinin icra başçısı Merab Topçişvili, Gürcüstan Parlamentinin üzvü Əli Məmmədov çıxış edərək bölgədəki mövcud problemlərdən və həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söz açdılar. Marneulidə yeni inşa olunan kitabxananın və azərbaycandilli məktəblərdəki kitabxanalarda Azərbaycan dilində klassik ədəbiyyatın, kitabların olmamasından danışdılar. Merab Topçişvili tezliklə Marneulidə yeni kitabxananın tikintisinin başa çatacağını bildirib və qeyd edib ki, kitabxanada Qənirə Paşayevanın kitabları da kitabxanada yer tutacaq.Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, Kvemo Kartli bölgə qubernatorunun müavinləri, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, Marneuli Rayon təhsil şöbəsinin rəhbəri Ruslan Hacıyev, ziyalılar, jurnalistlər, gənclər, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. * * *Tədbir Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkil etdiyi gənclərlə görüşdə davam etdirilib. Görüşdə iştirak edən tələbə-gənclər Qənirə Paşayeva ilə fikir mübadiləsi apararaq gəncliyi narahat edən problemlərdən danışıblar. Qənirə xanım Paşayeva isə onlara dəyərli məsləhəətlərini verərək müəllif olduğu kitabları hədiyyə edib. Çıxışında gənclərdə müşait etdiyi bir sıra mühüm məqamlara toxunub. Onlardan biri erkən evlilik, gənclərin zərərli vərdişlərə meyilli olması, təhsilin vacibliyi və s. Bu məsələlər ətrafında müzakirələr davam etdirilib.Görüşdə həmçinin Qənirə Paşayevanın "Sağlamlığın öz əlində..." adlı kitabının təqdimatı da baş tutub. Müəllif yeni kitabını öz imzası ilə oxuculara və tədbir iştirakçılarına hədiyyə edib.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.