Anasını son mənzilə elə gözəl sözlərlə yola saldı ki... Gürcüstan » Qaraçöp 12 Haziran Bəlkə də heç on yaşım tamam olmamışdı. Dərsliklərdəki şeirləri əzbərləmək əvəzinə özüm şeir yazmağa başlamışdım.Yəqin bütün sairlərdə bu hiss olur: uzun müddət yazdıqlarından utanırsan, şeir yazdığını kimsənin bilməsini istəmirsən. Bu duyğunun heç vaxt izahını verə bilməyəcəm, amma sanki insan içini tənhalığa alışdırır, içərisindəki uğaqlığını bir küncdə-bucaqda böyüməmiş, tər-təmiz, toxunulmamış saxlamağa çalışır.On yaşımın içindəydim hər halda. Bir gün anam yas yerindən qayıtmışdı. Dəmir darvazamızın yanından səsləyib su gətirməmi istədi. Qaraçöpdə yas yerindən qayıdanda gözü yaşlı evə girməzdilər, öncə gözlərini, sonra şallarını isladardılar. İnancdı hər halda, acını, göz yaşını evə gətirmək istəməzlər.Buz kimi səhəngdən doldurduğum sudan anamın əllərinə töküb, kimin yası olduğunu soruşdum. Soyuq sudan usdufca alnına çəkib, “Lalazarın yasıydı - dedi, - xanım, xatın Lalazarın!” Dərhal da əlavə etdi: “Bəxtəvər Lalazarı oğlu Fərhad müəllim elə gözəl sözlərlə, elə gözəl şeirlərlə yola saldı ki! İstəyirəm mən öləndə sən də məni elə gözəl sözlərlə, şeirlərlə ağlayasan, ağladasan...”Anamın səsindən, istəyindən diksindim. Mənim şeir yazdığımı bilə bilməzdi axı, heç özüm dəqiq bilmirdim ki, mən şeir yazıram, ya yox. Şeirin yükü bu olamazdı; anamın ölümünün olacağını ilk dəfə bəlkə onda anlamışdım. Anlamışdım ki, şeir nədirsə, insanın öz içinin çiliklənib öz içərisinə dağılmasıdı.Səhv etmirdim deyəsən, İsa İsmayılzadədə rastlaşdım sonralar o ovqatıma: “Mən bir termos şüşəsiyəm, çiliklənib tökülmüşəm öz içimə”.***Əlbəttə, anamın mənə örnək olaraq göstərdiyi adamı tanıyırdım. Fərhad Xubanlını hamımız tanıyırdıq. Bizə dərs keçməsə də, bilirdik ki, çox gözəl ədəbiyyat müəllimidir, bütün şagirdləri onu sevir. Həm də elimizin ən ağır, sanballı el məclislərini, el şənliklərini o açır, o aparırdı. Hər kəs də onun səsindəki bəlağətə, sözünün ağırlığına ürəyini bağdaş tutar, içini dinşədərdi. Uzaqdan hamımızın qəhramanıydı, böyüyəndə boğazımızdakı şərfi belə onun kimi bağlamaq istəyirdik. Onun kimi məclisin başında, sayılan, seçilən adam olmağı xəyal edirdik. Onun uzaqdan müşahidə etdiyimiz təmkini, hörmətə layiq ədası, şirin pafosu bizim üçün bir müəllim rolunu oynayırdı. Heç bir ünsiyyət olmadan, sadəcə baxıb, müşahidə edib, öyrənirdik ondan.Fərhad Xubanlı əslində bizim həyat müəllimimiz, örnək aldığımız bir obraz idi. Əslində insanı dəyişən, yetişdirən məhz həmin obrazların xarakteri, tərzi, özünəməxsusluğudur. Bu obrazlar bəzən epizodik ola bilər, nadir görünərlər, lakin həyatınızı canlandırar, sizi özünəməxsus edərlər.Fərhad Xubanlının ziyalılığı, təmkini, sadəliyi, alicənablığı formasiyalar dəyişəndə belə dəyişmədi. Hər zaman ziyalılığın, müəllimliyin əl çatmayan bir zirvədə olduğunu bizə bütün ağır zamanlarda, çətin durumlarda da göstərə bildi.Gürcüstanda soydaşlarımızın ağır, məktəblərin çətin durumunda da bir pedaqoq kimi, ziyalı kimi elin oğlu olmağa davam etdi, hər kəsə yenidən örnək, yolgöstərən oldu. Bu gün Gürcüstandakı ellərimiz həmin ziyalıların timsalında ayaqda qalıb, öz yolunu nə qədər ağır, çətin, gərgin olsa da davam etdirir.Fərhad Xubanlı artıq 70 yaşını qeyd edir. Böyük pedaqoq, gözəl ziyalı, söz adamı və tənqidçi olan dəyərli ziyalımız bu gün yenə də gənclərimizə örnək olan bir müəllimdir. Onun Azərbaycan-Gürcüstan arasında qurduğu dostluq, qardaşlıq bağları möhkəm təməllərə söykənir, hər iki ölkə arasında sarsılmaz bir bağ rolunu oynayır.Xatırlayıram ki, 1990-cı ilin Qanlı Yanvar günlərində Bakıda sovet ordusunun törətdiyi qırğınlar zamanı Fərhad Xubanlı millətin “şok”dan çıxması üçün ilk addım atıb, "Gürcüstan azərbaycanlıları sizinlədir!" deyərək, yardım karvanının önündə Bakının imdadına birinci gələnlərdən olmuşdu.Bu gün onun həyat və fəaliyyətinə ən yaxşı qiymət həm Azərbaycan, həm də Gürcüstan dövləti tərəfindən “Dostluq” ordeni ilə mükafatlandırılması olardı. Yetkili qurumlardan belə bir təqdimatla hər iki dövlət rəsmilərinə müraciət edilməsi arzuolunandır.Ümid edirik ki, yaxın vaxtlarda professor Fərhad Xubanlının 70 illik yubileyinə belə bir mükafat təqdim olunacaq.***... Anamın qarşıma qoyduğu şərti heç vaxt yerinə yetirmədim. Baxmayaraq ki, o söhbətdən cəmi on il sonra anamı itirdim. Amma heç vaxt içimdəki şeirə qarşı olan utancaqlığımı ört-basdır edə bilmədim.Fərhad Xubanlının dəfn günü öz anasına olan ehtiramı mənim üçün bir baryer olaraq qaldı.Bu gün anamın ölümündən artıq 28 il ötür. Hələ də öldüyü gün yazdığım şerin sadəcə iki bəndini yarım-yapalaq da olsa xatırlayıram:Bu yaş hara, ölüm hara,Gəlsə baxmır cavan, qoca.Hamı minir bu tabuta,Hamının çiyninə düşür.Baxıb dalınca ağlıyır,Neçəsi qara bağlıyır,Yüzünün çiyni ağrıyır,Birinin ürəyinə düşür...Fərhad Xubanlı həmişə həyatımda bir zirvə, örnək aldığım insandır. Təkcə aşa bilmədiyim baryeri onun anasına olan ehtiramı deyildi; həm də ziyalılığı, alicənablığı, sadəliyi, yurda bağlılığı, könül zənginliyidir. İçimizi bu gözəl duyğularla donatandan sonra öz müəllimimizdən örnək götürmüşəm deyə bilərəm.Yubileyin mübarək, böyük müəllim Fərhad Xubanlı!İlqar İLKİN,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.