Elida MUXAYEVA: Bu gün həyat, sabah məzar! Tiflis, Köşə yazılar 29 Şubat Bu gün həyat yaşayırıq, ölümü düşünmədən. Unuduruq ölümümüzü, sanki ölüm adlı o sözü heç eşitməmiş kimi. İnsanların necə acgözlüklə fani dünyaya sarılıb sərvət toplarkən ölümü ağıllarının ucundan keçirmədiyi bir vaxtda ölüm onların ac gözlərini əbədi yumur. Hələ sərvətlərini artırmaq xülyasında olarkən ölümü heç röyalarına belə gətirmirlər. Ölən qocanı, cavanı gördükdə ölümün onlar üçün yazılmadığını zənn edirlər. Bu dünya bir imtahandır. İmtahandan müəllimin gözündən pərdə asıb çıxdıqları kimi həyatla da bu fəndi yerinə yetirəcəklərinə inanırlar. İnsanların gözündən pərdə asıb yaxşı insan obrazında çıxış edərək onların gözündə müqəddəslik qazanmaq istəyirlər. Sən də insansan, ey insan adlanan ünsür! Özün kimiləri aldada bilərsən. Bəs səni yaradanı necə!?Hamı üçün oxunan eyni fərman – ÖLÜM! Sultan Süleymanı əliboş göndərən dünya sizcə yığdığınız var-dövləti sizinləmi yola salacaq!? Bu dünyada öyündüyünüz bahalı dəmir parçalarınız – avtomobilləriniz, hər cibinizdən çıxardıqda az qala ətrafınızdakıların gözlərinə soxduğunuz bahalı mobil telefonlarınız, öyündüyünüz bahalı libaslarınız, parıltısı ilə kin-küdurət basmış ürəyinizə işıq saçan qızıllarınız – hamısı bu dünyada qalacaq. Yuxarıdan aşağı baxdığınız o bəndə – ölüm günü onun sizdən heç bir fərqi olmayacaq. Yaşamaq üçün mübarizə aparırıq – təhsil alırıq, karyera qururuq, şan-şöhrət qazanmaq üçün dəridən-qabıqdan çıxırıq. Lakin bir şeyi unuduruq – alim də ölür, fəhlə də. Varlı da ölür, kasıb da. Görəsən dəyərmi fani həyat üçün bu qədər savaşmağa!? Biz həyata bu qədər sarılarkən, ucalarkən öz məntiqimizlə ölümdən uzaqlaşırıq. Həyatdakı ən böyük yanlışlığımız isə məhz budur – biz ölümdən uzaqlaşdıqca o bizə daha da yaxınlaşır.Dünyada yığdığımız dünya malı, tikdirdiyimiz mülklər – hamısı bilirsiniz nədir – bir ovuc torpaq! İnsandan sonra qalan sərvət – bir ovuc torpaq!Bir insan öldükdə ürəyində zərrə qədər mərhəmət olan kimsə müvəqqəti də olsa həyata olan güvənini, inamını itirir. Bir gün ölümün onu da yaxalayacağını zənn edir. Ürək sındırmamaq, kimsəni incitməmək, pislik etməmək qərarına gəlir. O vaxta qədər ki o ölümü unudur, o qərardan da daşınır. İnsan belədir, ey insan. Nə etmək olar!? Nəfs insandan əvvəl yaranıb deyirlər. Bütün bu səhvlərə, yanlışlıqlara geyindirilən yeganə libas – NƏFS!! Ölüm haqdır, ey insan. Hamımızın başındadır. Haraya qaçsaq da bir gün təslim olacağıq. O gün alnımıza yazılan gündür. Gəlin hər günümüzü alnımıza yazılan o gün kimi yaşayaq!!Hz. Əli buyurmuşdur: “İnsanlar bu dünyada yatmışdırlar. Öldükləri zaman hər şeydən xəbərdar olurlar”.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.