Tiflisdə yeni metro stansiyasının açılışı olub Gürcüstan » Tiflis 16 Ekim Gürcüstanın paytaxtı Tiflis şəhərində yeni metro stansiyasının açılışı olub. ZİM.az saytının xüsusi müxbirinin məlumatına görə, iki xəttdən ibarət yeni metro stansiyası ”Dövlət Universiteti” adlanır. Yeni stansiyanın açılışı təntənəli şəraitdə keçirilib. Yeni metronun açılışını Gürcüstan baş naziri Giorgi Kvirikaşvili həyata keçirib. G.Kvirikaşvili çıxışında yeni stansiyanın tam modern təhlükəsizlik sistemləri ilə təchiz olunduğunu bildirib. Giorgi Kvirikaşvilinin sözlərinə görə, hakimiyyətin Tiflisin inkişafı üçün daha böyük planları var. Baş nazir əmin edib ki, bu planlar tam və uğurla həyata keçiriləcək, bu da Gürcüstan paytaxtını daha da gözəlləşdirəcək.Tədbirdə Gürcüstan regional inkişaf və infrastruktur naziri Zurab Alavidze, hökumət rəsmiləri, Tiflis meriasının əməkdaşları, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.Yeni metronun ilk qatarı ilə Baş nazir, Nazirlər Kabinetinin üzvləri, hökumət nümayəndələri və Tiflis meriasının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər qonaqlar səyahət ediblər.Tədbirdə çıxış edən Z.Alavidze indən belə əhalinin və qonaqların yeni açılan metrodan təhlükəsiz və rahat istifadə edəcəklərini bildirib. Qeyd edək ki, Tiflisdəki 23-cü metro stansiyasının tikinti layihəsi 22 il müddətinə dayandırılıb. Tikinti işləri 2015-ci ilin iyul ayında bərpa olunub. Dəyəri 83 milyon laridən çox olan (təxminən 33,4 milyon dollar) layihə Asiya İnkişaf Bankının maliyyələşdirilməsi ilə həyata keçirilib. Xatırladaq ki, artıq 23 metro stansiyasının fəaliyyət göstərdiyi Tiflis şəhərində metro ilk dəfə 1966-cı il yanvarın 11-də açılıb.Nizami Məmmədzadə, jurnalistZİM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.