TÜRKÜN SÜLH GÖYƏRÇİNİ

TÜRKÜN SÜLH GÖYƏRÇİNİ Heç vaxt görüşmədiyim, həmsöhbət olmadığım, amma mənalı, məzmunlu həyatlarından zövq aldığım insanlar haqqında üçüncü dəfədir ki lirik poema yazmalı olmuşam. O insanların birincisi Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova, ikincisi Azərbaycan Prezidenti İlham Əliyev olub. Hər birinin həyat yolu o qədər işıqlı, nurludur ki haqlarında qələmə aldığım əsərlər dolğun və məzmunlu alınmaya bilməzdi.Necə deyərlər, görünən dağa bələdçi gərək deyildi.Və, nəhayət, bu hisslər üçüncü dəfə də ilhamıma hakim kəsildi. Bu dəfəsə əsərimin qəhrəmanı bəlkə də haqqında Azərbaycanda hamıdan gec məlumatlandığım dünya şöhrətli bir müğənni idi. Onun mahnılarını YOUTUBDA dinlədikcə ruhuma qeyri-adi bir rahatlıq hopurdu. Bu fövqəl ifaçının zəngin dünyasında, səsinin dərin çalarlarlarında kimliyimin, türkliyümün mahiyyətini anladım.İstər ölkə, istərsə də dünya ifaçılıq sənətində tanıdığım korifeylərin heç birində bu möhtəşəmlik məni Simurq qanadlarında Tanrıma qovuşdura bilməmişdi. Onu dinlədikcə bu səs məni haldan-hala salır, sanki ruhum cismimi tərk edir, gah asimanda, gah da hüdudsuz sonsuzluqlarda rahatlıq tapırdı. Min-bir dərdin dərmanını tapdım mən bu qəhrəmanımın ifalarında. Canımız, qanımız qədər doğma olan muğamlarımızın, ustad bəstəkarlarımızın rəngarəng mahnılarının bənzərsiz ifalarını eşitdim mən onun dilindən. Dünyanı qarış-qarış gəzən bu müğənni sızıltılarımı ifa etdiyi mahnıların kövrək dili ilə ötürür səsinin sehrində olan xalqlara. Qardaş Türkiyədə doğulub boya-başa çatan bu comərd türk oğlunu azəri türkcəsində təqdim etdiyi mahnılarına rəğmən ifaçılıq sənətində bir məktəb də saymaq ədalətli olardı. Yaradıcılıq tempi bir an belə zəifləməyən, 60 yaşda da coşqun gənclik həvəsi liə könülləri ram edən bir ifaçıdır qəhrəmanım.

Türk dünyasının Sülh Göyərçini, Azərbaycan bəstəkar və xalq mahnılarının bənzərsiz ifaçısı və təbliğatçısı, Azərbaycan təəssübçüsü, türkdilli ölkələrin mədəniyyət xadimi və ictimai xadim Bünyamin Aksunqurun 60-illik yübileyi münasibətilə


(Lirik poema)
1-Cİ HİSSƏ


Müqəddəs amalı var,
Öncüldür hər işində.
Paklıq möhürü vardır
Ali görünüşündə.
Mətindir iradəsi,
Hey canı bizimlədir.
Cismi İstanbuldadır,
Ruhusa özümlədir.
Qarabağ harayıyla,
Gəzir bütün dünyanı,
Bir an da rahat deyil,
Onun narahat canı.
Düşmən əsarətində
Deyir qalıb torpağım,
O, geri dönməyincə
Sağalmaz heç vaxt dağım.
Mən türkəm, azəriyəm,
Mən qazaxam, türkmənəm,
Harda türk adı varsa,
Demək o yerdə mənəm.
Atatürkün , Heydərin,
Ruhları canımdadır,
Rəcəb Teyyub Ərdoğan,
İlhamım yanımdadır.
Bol gücüm, bol qüdrətim,
Qılıncım-qalxanım var-
Ölərəm, əyilmərəm,
Mən türkəm, bir canım var.

2-Cİ HİSSƏ

...Bəli belə bir oğul
Bərq vurur Türkiyədə,
Bizim musiqimizi
O, yayır Türkiyədə.
Ürəyimi dağlayan
Sızıltı var səsində,
Dərdlərim od püskürür
Onun zənguləsində
.
...Ay Allah, səsə bir bax,
Bu, şahin nəğməsimi?!
Bu səslə çatdırır o,
Tanrıya haqq səsimi.
Qırğız adlı qızının
Səsi ona ,can verir,
Bu cütlüyə ilhamı
Azərbaycan verir!

3-CÜ HİSSƏ

Şirin səsini duy onun;
Dinlədikcə bal dadır.
Xəyallarım asimanda
Sonsuz bir ümmandadır
.
O, dahi türk sənətçisi
Bünyaminin qızıdır,
O bir şərqi ifaçısı,
Parlaq türk ulduzudur.
Diqqət kəsildim bu səsə,
- Məharətə bax,-dedim.
Zil nota qalxdı, dincəldim,
-Cəsarətə bax,-dedim.
Ay yol ötən, saxla ayaq,
Şərqiyə bir as qulaq.
Bir az dincəl, feyziyab ol,
Bu səsə heyran olaq.

Bu səs Leyli yanğısıdır,
Bu, Araz naləsidir-
Gah bir çayın hıçqırtısı,
Gah şəlalə səsidir.
.
Bir Günəşdir, parlayır o
Ürəklərin gözündə,
O, sevilir Türkiyədə,
Vətənimin özündə.
Ata ustad, bala ustad,
Qoşa qanaddır onlar.
Türkün sərqi meydanında,
Bir toy-büsatdır onlar.

4-CÜ HİSSƏ

Doyum necə bu səslərdən?
Məlhəmdir hər xəstəyə,
Ötüb keçər ağrın-acın,
Qulaq as... "Şikəstə"yə.
İşləməsə şərqi qana,
Güldürməz, ağlatmaz heç.
Titrətməsə vücudları,
Ürəyə də yatmaz heç.
Gah bülbüldür- cəh-cəhi var,
Gah qartaldır... qıy vurur.
Gah segahdır, gah zabuldur,
Gah şikəstə, gah mahur..
Bir cüt səsdir, edir pərvaz,
Tutur dəm bəmi zilə.
Bir cüt türkdür, cəh-cəh vurur,
Vurur necə zəngulə?!.
Sənət fatehi Bünyamin
Sevilir çox diyarda.
Harda ustadın adı var,
Demək Qırğız var orda.
Sevdiribdir bu sənəti
Qızına ustad ata,
Müəllimdir, əziyyəti
Getməyibdir heç bada.
Bünyaminlə paylaşır o
Səhnəni cəsarətlə,
Hər konsertdə sevindirir
Onu çox məharətlə.
Ata qəlbi fərəhlənir,
Cuşur, ilhamı daşır.
Görün ata-bala necə
Səhnələrə yaraşır!
Biri tarımda saxlayır;
Coşdurur zildə bizi.
Biri bəmdə sızıldadır,
Göynədir qəlbimizi.
Yaratdığı möcüzəyə
Tanrı özü qalır mat-
Onları coşqun fərəhlə
Alqışlayır camaat.
Səhnədə izdihama bax,
Gülür, sevinir hamı;
Bu səslərin sehrindəykən
Xöşbəxt görünür hamı.

5-Cİ HİSSƏ

Dağıldı imperiya,
Azad oldu ölkələr.
Rahat nəfəs almağa
Başladı hər kənd-şəhər.
Türkdilli ölkələrin
Xalqları doğmalaşdı,
Sevincimiz, dərdimiz
Bağlı sərhədi aşdı.
Arzular çiçək açdı
Mahnı qanadlarında,
Səsimiz qalxdı zilə
Qardaş ekranlarında.
İlk gördüyüm sənətçi
Bünyamin Aksungurdu,
Onun səsində sevgi,
Məhəbbət qovuşurdu.
Sanki elə Bakıda
Doğulmuşdu bu ustad,
Türkiyədən Bakıya
O, ilk açmışdı qanad.
Yetmiş il həsrət idi
Qardaş qardaş səsinə,
Qovuşdu, pərvazlandı
Türk türkün həvəsinə.
Oxuduğu nəğmələr
Ram etdi qəlbimizi,
Qədim köklərimizə
Qovuşdurdu o, bizi.
Səsləndi mahnılarım
Türk oğlunun dilində,
Coşurdu, kükrəyirdi
Türk aləti əlində.
Dinlədik ürəyinin
Atəşini, odunu,
Türkün türkə sevgisi
Coşdururdu çox onu.
Sinəsinə sıxdığı
Rübabın kökü doğma-
Başqa aləm qatırdı
Bu alət xoş ruhuma.
Qırx ildir mahnılarım
Dilində pərvazlanır,
Ritmim, amalım, ruhum
Səsində avazlanır.
Kövrəlirəm hər dəfə
Dinləyəndə onu mən,
Durna qatarı ötür
Gözlərimin önündən...

6-CI HİSSƏ

Gülür bağçada güllər,
Ötüşürlər bülbüllər,
Barışır küsülülər
Bünyamin oxuyanda.
Coşur Arazım,Kürüm,
Azalır dərdim-sərim,
Yaşla dolur sözlərim
Bünyamin oxuyanda.
Dinlədikcə can dedim,
Səsinə heyran dedim,
-Can Azərbaycan!- dedim,
Bünyamin oxuyanda.
Gəzir türk ellərini,
Bilir ləhcələrini,
Sıxırlar əllərini
Bünyamin oxuyanda.
Qırx ildir meydandadır,
Şöhrətdədir, şandadır,
Axtarsan, hər yandadır
Bünyamin oxuyanda.
Sevir Azərbaycanı,
Burdadır elə canı,
-Söylə, ona tay hanı?-
Bünyamin oxuyanda.
Rübabı türk nəfəsli-
Oğuz nəslidir nəsli,
Oxuyur çox həvəsli
Bünyamin oxuyanda.
Titrədir səs içini,
Çatır hər yana ünü,
Uçur Sülh Göyərçini
Bünyamin oxuyanda.
İlhamı, Mehribanı
Sanır o, şirin canı,
Yayır Azərbaycanı
Bünyamin oxuyanda.
Coşdu qələm əlimdə
Şeirə döndü dilimdə,
Bayram olur elimdə
Bünyamin oxuyanda.
Mübarək olsun yaşı,
Ucalsın göyə başı,
Sevinir türk qardaşı
Bünyamin oxuyanda.
Halaldır bir "Ad" ona,
Olar qol- qanad ona.
Güvənir Yaradana
Bünyamin oxuyanda.

VALEH MİRZƏ
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: