"Avropalaşmaq və millilik"

"Avropalaşmaq və millilik" Son zamanlar çox aktual olan bir məsələ haqqında yazmaq istəyirəm. "Avropalaşmaq və millilik".
İlk öncə onu qeyd etmək istəyirəm ki, hamının işlətdiyi və bəlkə də, mənasını bilmədiyi "milli mentalitet" sözünə heç kimdən eşitmədiyim və öyrənmədiyim tərifi vermək istəyərdim: Milli mentalitet (dərk etdiyim qədəri ilə) hər bir xalq tərəfindən etalon olaraq qəbul edilən, milli-mənəvi dəyərlər və bəlkə də, yazılmamış qanunlardır. İndi milli mentalitetlə avropalaşmaq arasındakı təzaddan və demokratiyanın buna öz payını verməsindən danışmaq istəyərdim. Yeni dəbdir, indi hər kəs etdiyi bütün sərbəstliklərə, azadlıqlara "əşşi, özüm bilərəm, Avropada heç belə deyil, Amerikada bu cür deyil" kimi bəraətlər qazandırır. Birinci, onu qeyd edim ki, əgər sən demokratik ölkədə yaşayırsan və istədiyin kimi davranırsansa, etdiyin davranışların hesabını kiməsə verməyə məcbur deyilsən. Təbii ki, özünü məcbur hesab etdiklərindən savayı. İkincisi isə, Avropanı misal gətirən həmin şəxsə sevə-sevə sual verərdim ki, görəsən, onun Avropadakı insanların dolanışıq tərzindən, təhsilindən, səhiyyəsindən xəbəri varmı?! Daha sonra isə məni ən çox maraqlandıran növbəti sualı vermək istəyərdim ki, niyə ətrafımızda, cəmiyyətimizdə Avropa ilə müqayisə olunacaq bu qədər aktual problem olduğu halda məhz şəxsi həyatın azadlığı ilə bağlı müqayisələr aparılır? Axı şəxsi həyatın etalonu ola bilməz. Kimsə kiminsə şəxsi həyatını nümunə olaraq göstərib, "bunlarda belədir" deyə bilməz. Niyə əksəriyyət düşünür ki, Avropa edirsə, onlar da etməlidirlər? Niyə düşünmürlər ki, bunu yalnız öz istədikləri üçün edirlər, "Avropa edir" deyə yox. Əgər bir ölkədə insanların küçədə istədikləri kimi davranmaları normal haldırsa, bizdə bu qəbul olunmursa, həmin anda bizim dəyərlərimiz, milli düşüncəmiz, nəhayət, mentalitetimiz yerdən-yerə vurulub "geridə qalmışıq, filan ölkədə belə deyil" və s. kimi sözlər deyilməlidir? Bu məqamda vətəndaş şair Bəxtiyar Vahabzadənin misraları lap yerinə düşür:

"Nəsənsə, özün ol,
Təzəsən onda.
Sən köhnə olursan yamsılayanda.
Nəsənsə özün ol,
Kökündən yapış,
Dünənə arxalan,
Bu gündən yapış".


Axı bizim qanımız, qan yaddaşımız, düşüncə tərzimiz fərqlidir?
Yəni "Avropa, Amerika hər şeyə normal baxır" deyə biz də mi hər şeyə normal baxmalıyıq?
Bəlkə, bu, bizim dəyərlərimizə ziddir? Sırf avropalaşmaqdan ötrü bunları yoxmu saymalıyıq?
Məncə, əksinə, şairin də dediyi kimi, kökümüzdən yapışmalıyıq, digər xalqların bizə yad olan milli-mənəvi dəyərlərindən yox.
Hər halda mən bu cür düşünürəm.
Mübahisəli məsələdir. Mən isə etalon olaraq Avropanın dolanışıq səviyyəsini, təhsilini, səhiyyəsini, ticarətini və s. qəbul etməyimizi istəyərdim...


Samire Huseynova,
BDU-nun filologiya fakültəsinin
I kurs tələbəsi

samire-huseynova-1997@mail.ru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: