Abdulla Şaiqin Mənzil Muzeyində kitab təqdimatı Mədəniyyət 16 Ekim 16 oktyabr 2017-ci ildə pedaqoji elmlər üzrə fəlsəfə doktoru, pedaqoq və publisist Məlahət Mürşüdlünün “Abdulla Şaiq Talıbzadənin pedaqoji fəaliyyəti və onun “Nümunə məktəbi” nin təlimin yeni məzmunda qurulmasında rolu” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.Tədbir “Şaiq Nümunə məktəbi”nin 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsinə aid edilib. Aparıcı - Abdulla Şaiqin Mənzil Muzeyinin böyük elmi işçisi Günel Əsədova açılış üçün ilk sözü muzeyin direktoru Ülkər Talıbzadəyə verib. Ülkər xanım qonaqları salamlayaraq tədbirin keçirilmə səbəbi barədə danışıb. Sonra isə muzeyin əməkdaşı Elminaz Məmmədli “Şaiq Nümunə Məktəbi”-nin yaranması, fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Söz tədbirin səbəbkarı Məlahət Mürşüdlüyə verilib. Məlahət xanım təqdimatı keçirilən monoqrafiyasının yaranma tarixi və məzmunu ilə bağlı geniş məlumat verib. O, “Şaiq Nümunə Məktəbi”nin tarixini araşdırarkən qarşısına çıxan çətinliklərdən söz açıb. Məlahət Mürşüdlü Abdulla Şaiqin şərəfli həyat yolu, keşməkeşli pedaqoji fəaliyyəti, “Şaiq Nümunə Məktəbi”ni necə yaratması, şagirdləri və onların valideynlərini anadilli təhsilə cəlb etməsi, Abdulla Şaiqin milli təhsildəki rolu, ədibin yaradıclığı haqqında ətraflı nitq söyləyərək tədbir iştirakçılarını geniş şəkildə məlumatlandırıb. Məlahət Mürşüdlü eyni zamanda müəllifi olduğu və təqdimatı keçirildiyi kitabın Azərbaycan müəllimlərinin pedaqoji fəaliyyətlərində xüsusi rola malik olacağını da qeyd edib. Nitqinin sonunda səbəbkar tədbiri təşkilinə görə Ülkər xanıma və muzeyin əməkdaşlarına təşəkkür edib. Tədbirdə muzeyimizin əməkdaşı Fəridə Məmmədova Abdulla Şaiqin Ali Pedaqoji İnstitutun tələbələrinə həsr etdiyi “Gənclik marşı” şeirini səsləndirib. Abdulla Şaiqin pedaqoji fəaliyyətinə həsr olunmuş slayd şou göstərilib.Sonra söz qonaqlara verilib və onlar öz xatirələrini və ürək sözlərini bölüşüblər. Tarix elmləri doktoru Minaxanım Əsədova Abdulla Şaiq şəxsiyyətini önə çəkib, dövrünün ziyalılarının ədibin şəxsiyyəti haqqında söylədiklərini dilə gətirib. Təhsil sahəsində çalışan ziyalılarımız Mahmud Mahmudov, Təranə Rəhimli, Könül Nəhmətova, Rəfiqə Hüseynova çıxışlarını təhsillə əlaqələndirərək bu monoqrafiyanın təhsilimiz üçün yararlı olacağını vurğulayıblar. Abdulla Şaiqin timsalında XX əsr şair və yazıçılarının həyat və yaradıcılıqlarının yenidən dərsliklərdə yer almasının zəruriliyindən söz açıblar.Ümumilikdə tədbir əsnasında gedən maraqlı söhbətlər və yürüdülən mülahizələr belə kitab və monoqrafiyaların nəşrinin, maarifləndirici tədbirlərin keçirilməsinin Azərbaycan gəncliyinin həyatında oynadığı mühüm rolu bir daha sübut edib. Elminaz Məmmədli,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.