Jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələr paylanıb

Jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələr paylanıb «Azərbaycan Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrin hazırlanmasına başlayıb. Artıq onların müəyyən qismi Şuraya gətirilib. Növbəti hissəsi də yaxın zamanda hazırlanacaq».
Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Qeyd edək ki, bu gün Mətbuat Şurasında üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrin KİV redaksiyalarına paylanması ilə bağlı toplantı keçirilib. Toplantıda media rəhbərləri də iştirak ediblər.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu mitinqlərdə və küçə aksiyalarında jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparır. Eyni zamanda bunun üçün yaradılmış şərait də nəzərdən keçirilib. «Monitorinqlərdə tez-tez üzləşdiyimiz məqam budur ki, mitinqi işıqlandıran jurnalistlərin heç də hamısı üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olmurlar. Bu, xoşagəlməz haldır. Çünki nə qədər icazəli xarakter daşısa da, mitinqlər insanların kütləvi şəkildə bir yerə toplaşdıqları aksiyalardır. Burada hər an ekstremal şərait yarana bilər. Jurnalistlərin mitinq iştirakçılarından fərqlənməməsi onların sərbəst fəaliyyətini məhdudlaşdırır. Eyni zamanda təhlükəsizliyinə xələl gətirir. Buna görə də biz Daxili İşlər Nazirliyi ilə birgə bu gödəkçələrin hazırlanmasına qərar verdik. Əvvəllər iki dəfə bu gödəkçələr hazırlanıb. İlk dəfə bunu Daxili İşlər Nazirliyinin dəstəyi ilə etmişdik. Jurnalistlərdən xahiş edirəm ki, mitinqlər və digər küçə aksiyaları zamanı mütləq qaydada xüsusi gödəkçələrdə olsunlar. Mən baş redaktorlara səslənirəm: mitinqlərə müxbirlər göndərəndə onların xüsusi gödəkçədə olmalarına ciddi nəzarət etsinlər. Bu cəhət yarana biləcək hər hansı xoşagəlməz vəziyyətdə medianın hüquqlarının müdafiəsi baxımdan önəmlidir», - deyə Ə.Amaşov vurğulayıb.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: