“Azərbaycan” qəzetinin yenidən fəaliyyətə başlamasının 25 illik Yubiley tədbiri keçirilib

“Azərbaycan” qəzetinin  yenidən fəaliyyətə başlamasının  25 illik Yubiley tədbiri keçirilib“Azərbaycan” qəzetinin  yenidən fəaliyyətə başlamasının  25 illik Yubiley tədbiri keçirilib“Azərbaycan” qəzetinin  yenidən fəaliyyətə başlamasının  25 illik Yubiley tədbiri keçirilib 2014-cü il oktyabrın 22-də Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan” qəzetinin yenidən bərpasının
25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.


Tədbiri giriş sözü ilə “Azərbaycan” qəzetinin bərpasının yaradıcısı olan deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açıq elan edəndən sonra qəzetin yaranma tarixindən, milli-demokratik mətbuatımızın ilk qaranquşu olan "Azərbaycan”ın keşməkeşli yolundan, qəzetin Azərbaycan mətbuat tarixindəki xüsusi yerindən danışaraq bildirib ki, “Azərbaycan mətbuatı 1875-ci ildən başlayaraq çox şərəfli bir yol keçib. Böyük bir mətbuat tariximiz var və bu tariximiz, müxtəlif mərhələlərə bölünür. Mətbuat tariximizin ən parlaq səhifələrindən biri də 1989-cu il oktyabrın 4-də fəaliyyətə başlayan “Azərbaycan” qəzetidir. “Azərbaycan” qəzeti ölkədə ilk demokratik qəzet idi.
Həmin dövrdə geniş kütləyə yayılan və həqiqəti deyən qəzet yox idi. Səbəb isə o zaman hakimiyyətin buna imkan verməməsi idi. Biz başa düşürdük ki, yaradacağımız qəzet milli mətbu orqan olmalı və ölkənin bütün bölgələrinə yayılmalıdır. Elə də etdik. Biz Qarabağa Xalq Yardımı Komitəsi yaratdıq və o zamankı hökumətə bu komitənin tərkibində, məhz Qarabağa dair qəzet yaratmaq niyyətimin olduğunu dedik. Onlar məcburiyyət qarşısında qalıb razılaşdılar. Və biz böyük çətinliklə istəyimizə nail olduq. Həmin dövrdə çox böyük təzyiqlər olsa belə, qəzet fəaliyyətini davam etdirdi. Əvvəlcə 130 min, sonra 200 min, daha sonralar isə 500 min və daha çox tirajla çap olundu."

S.Rüstəmxanlı qəzetin birinci nömrəsinin necə çıxmasından da söz açıb: "Qəzetin ilk sayı hazır olan zaman nəşriyyatdan zəng etdilər ki, qəzet çapa hazırdır. İlk nömrənin çıxması bütün redaksiyanı sevindirdi: "Qəzet çox sürətlə yayıldı və bir müddət sonra Vəzirov məni çağırdı. O hirsli şəkildə dedi ki, bu qəzet hazırda Qorbaçovun stolunun üstündədir. Danışa-danışa qəzetin səhifələrini cıraraq üstümə atırdı. Mən də həmin cırılmış səhifələri qucağımda yığıb toplayırdım. İkinci nömrədən nəşriyyat qəzetin çapından imtina etdi. Sonra bizi bir neçə mətbəəyə göndərdilər. Amma sonra qəzet məşhurlaşdıqca tiraj 500 minə yüksəldi. Bir gün işə gələndə gördüm avropasayağı geyimli insanlar oturub və bildirdilər ki, qəzet çıxarmaq istəyirlər. Mən onlara bu qəzeti çətinliklə çıxardığımı qeyd etdim və söylədim ki, öz qəzetimizin içərisində əlavə kimi çıxararam. Elə də etdik... Daha sonra 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra təklif etdim ki, bu qəzet Milli Məclisin orqanı olsun. Necə ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin bu adda qəzeti olub”.

S.Rüstəmxanlı əlavə edib ki, bu gün "Azərbaycan” qəzetinə deputat həmkarı Bəxtiyar Sadıqov rəhbərlik edir: "Düzdür, qəzetin 90 illiyində bizim adımızı çəkməmişdilər, bununla bağlı narazılığımı bildirmişdim. Amma bu oldu keçdi”.

S.Rüstəmxanlı onu da qeyd etdi ki, qəzetdə bir çox tanınmış, görkəmli insanlar çalışıblar. Onlardan bir çoxu bu gün dünyadan köçüb.
Sonra milli-azadlıq hərəkatı uğrunda canından keçmiş şəhidlərimiz, qəzetin dünyasını dəyişmiş əməkdaşlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da qəzetlə bağlı öz fikirlərini bildirib:

““Azərbaycan” qəzetinin yaranmasına sosial təlabat var idi. Belə bir məqamda “Azərbaycan” qəzeti meydana gəldi. Mən düşünürəm ki, XX əsrdə Azərbaycanda ilk ümummilli qəzet “Azərbaycan” qəzeti olub. Çünki qəzetdə millətin ümummilli problemləri öz əksini tapırdı. Qəzetdə eyni zamanda Azərbaycan ədəbi dilinin prinsipləri tam olaraq gözlənilirdi. Qəzet çıxan dövrdə artıq insanlarla publisistika dilində danışmaq çox mühüm şərt idi. “Azərbaycan” qəzeti ölkəmizdə ilk ümummilli qəzetdir. Bu qəzeti “Əkinçi”, “Füyuzat”, “Həyat” qəzetləri ilə bir tutmaq olar. Çünki bu qəzetin səhifələrində həm şimali, həm cənubi, həm də dünyada yaşayan azərbaycanlıların probleminə toxunulurdu. İndiki şəraitdə bizim qəzetlər Şimali Azərbaycandan kənara çıxmır.
Bu mənada hələ də “Azərbaycan” qəzeti kimi ümummilli yazılı mətbu orqan yoxdur”.
Sonda Əflatun Amaşov qəzetin əməkdaşlarını təbrik edib.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev isə qeyd edib ki, Azərbaycan adlı müstəqil dövlətin bərpası məhz “Azərbaycan” qəzetindən başlayıb. Onun sözlərinə görə, qəzet Azərbaycan tarixində ilk milli qəzet olub və bu birinciliyi heç kim poza bilməz.

Qəzetin indiki Baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə çıxışında bildirib ki, qəzet yarandığı ərəfədə ikiqat senzura olsa da, bütün hallarda dövrün həqiqətləri yazılıb. O qeyd edib ki, qəzet Azərbaycan mətbuatında müstəqil söz deyən, alternativ fikirdən istefa edən ilk mətbu orqan idi.

Sonra “Azərbaycan” qəzetinin o vaxtkı əməkdaşlarından Cümşüd Nuriyev, Şərif Kərimli,
Millət vəkilləri Elmira Axundova, Aqil Abbas və başqaları
qəzetin yaranma tarixi
və önəmi barədə çıxış ediblər.

Politoloq Cümşüd Nuriyev "Azərbaycan” qəzetinin redaksiyasında başqa ixtisas sahiblərindən biri olduğunu gizlətməyib: "Bu qəzet ilk dəfə xalq tərəfindən maliyyələşən mətbu orqan idi. Şəxsən mən bu qəzetdə yetişdim və bir ildən sonra Jurnalistlər İttifaqının üzvü oldum. Orada itirdiyimiz zamanla Azərbaycana çox şey qazandırdıq”.

Tədbir digər qonaqların çıxışları ilə davam etdirilib.

Millət vəkili Elmira Axundova 1988-ci ildə S.Rüstəmxanlının dəvəti ilə yenidən jurnalistikaya gəldiyini söyləyib: "Azərbaycan” qəzetində fəaliyyətə başlamışam. Mənə burada S.Rüstəmxanlı ilə yanaşı, Bayram Bayramov da köməklik göstərib. 1990-cı il seçkilər ərəfəsində Heydər Əliyev Naxçıvandan deputat idi və ona qarşı təzyiqlər var idi. Həmin vaxt ondan Moskva üçün müsahibə almışdım, amma onu ümumiyyətlə heç bir qəzet çap etmirdi. Sabir bəyin yanına gəldim və bildirdim ki, bunu çap edək. Həmin yazı 1991-ci il martın 1-də 500 min tirajla çap olunan qəzetdə işıq üzü gördü. Həmin qəzetin nömrəsinin bir nüsxəsini aparıb
Heydər Əliyevə təqdim etdim. Bu addım Sabir Rüstəmxanlı tərəfindən cəsarətli addım idi”.

Yubiley toplantısında qəzetin həyatda olan keçmiş əməkdaşları və eləcə də çağdaş mətbuatımızın tanınmış jurnalistləri iştirak ediblər.

“Ziya” qəzetinin Baş redaktoru, “Şərqin səsi” qəzetinn Baş məsləhətçisi Müşfiq Borçalı da
həmin Yubiley tədbirində iştirak etmiş və tədbir iştirakçıarına bir Müraciət ünvanlamışdır.

Aşağıda Müşfiq Borçalının həmin Müraciətini dərc edirik:



“Azərbaycan” qəzetinin
yenidən fəaliyyətə başlamasının
25 illiyinə həsr olunmuş
Yubiley tədbirinin iştirakçılarına
MÜRACİƏT

Hörmətli tədbir iştirakçıları!
Sizlərin hamınızı salamlayır və hamınızı ürəkdən təbrik edirəm.


Mən vaxtınızı çox almadan, öz ürək sözlərimi qısaca olaraq sizlərə çatdırmaq isməyirəm.
İlk öncə mətbuat tariximizə qisaca da olsa səyahət edək.
Bənzətmələrim bir az bəddi və poetik səslənsə də, belə deyecəyəm:

Əgər Mətbuat tariximizin ilk planı, layihəsi, daha dəqiq desək, ilk cizgiləri 1832-ci ildə Tiflisdə
“Tiflis əxbarı” (yəni “Tiflis xəbərləri”) ilə, bir az sonra 1838-cil də “Qafqaz xəbərləri” ilə cızilmışdırsa,
1875-ci ildə Bakıda mətbuatımızın ilk qaranquşu hesab etdiyimiz “Əkinçi” qəzeti ilə ilk milli mətbuatımızın
əsası - özülü qoyulmuşdur.

Əgər əsası - özülü “Əkinçi” qəzeti ilə qoyulan Milli Mətbuatımızın divarları 1879-1880-ci illərdə Tiflisdə “Ziya”,
1880-1884-cü illərdə “Ziyayi-Qafqaziyyə” qəzetləri ilə hörülmüşdüsə, 1883-1891-ci illərdə “Kəşkül”,
1903-1905-ci illərdə “Şərqi-Rus” qəzetləri vasitəsilə bu divarlar, sütunlar daha da möhkəmlənmiş və
1907-ci ildə yenə də Tiflisdə “Molla Nəsrəddin” jurnalı ilə bəzədilmişdir.

Bundan sonrakı mətbuat tariximiz, yəni - istər 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası vaxtında, istərsə də 1920-1990-cı illərdə Azərbaycan Sovet Sosialist Respublikası zamanında çap olunmuş mətbuat orqanlarımız və onların fəaliyyəti yəqin ki hamımıza bəllidir.

Mən isə onu vurğulamaq istəyirəm ki, 1989-cu ildə hazırda 25 illik Yubileyinə toplaşdığımız “Azərbaycan” qəzeti həmin dövrdə nəşr olunan bütün kütləvi mətbuat orqanlarından fərqlədi. Belə ki, həmin zaman bütün qəzetlərdə ancaq və ancaq dövlətin mənafeyi güdülürdüsə, “Azərbaycan” qəzetində Azərbaycan xalqının və Azərbaycan dövlətçiliyinin mənafeyi əsas götürülürdü. Və beləliklə, “Azərbaycan” qəzeti ilk azad fikirli, müstəqil düşüncəli, demokratik amallı qəzet kimi həyata ayaq açdı.
Ən əsası “müstəqil jurnalist” ifadəsi yarandı və müstəqil jurnalistikanın əsası qoyuldu...

Elə buna görə də, mən “Azərbaycan” qəzetini çağdaş milli müasir azad demokratik mətbuatımızın
banisi
hesab edirəm.
Etiraf edək ki, bu gunkü çağdaş müstəqil jurnalistlərin əksəriyyəti elə həmin qəzetin ya ilk yazarları,
ya da ilk oxucularıdır və biz hamımız o zamanlar Qarabağa Xalq Yardımı Komitəsinin orqanı kimi nəşr olunan
“Azərbaycan” qəzetinin yetirmələriyik.

Şəxsən mən fəxr edirəm ki, hələ tələbəlik illərimdən həmin qəzetlə əməkdaşlıq etmişəm, sonralar isə
həmin qəzet rəsmi dövlət qəzeti olan “Həyat”la birləşdikdən sonra, “Azərbaycan” qəzetinin
redaksiyasının bazası əsasında Qarabağa Xalq Yardımı Komitəsinin orqanı kimi yaranan və
“Azad Azərbaycan” adı ilə nəşr olunan qəzetinin redaksiyasına bür müddət - təxminən iki ilə yaxın
rəhbərlik etmişəm və Baş redaktor kimi həmişə Sabir Rüstəmxanlı və Şərif Kərimli kimi imzaları
məşhur olan qələm sahiblərinin ənənələrini yaşatmağa çalışmışam.

Və fursətdən itifadə edərək, “Azərbaycan” qəzetinin yaradıcısı və ilk redaktoru Sabir Rüstəmxanlını,
qəzetin ilk məsul katibi və sonralar baş redaktoru olmuş Şərif Kərimlini, eləcə də bütun
“Azərbaycan” sevərləri və “Azərbaycan” qəzetinin bütün oxucularını ürəkdən təbrik edirəm
və hamınıza yeni-yeni uğurlar arzulayıram..
Və yeri gəlmişkən mən artıq bir neçə dəfə müxtəlif tədbirlərdə və mətbuat səhifələrində
təklif etdiyim bir məsələni burada yenidən gündəmə gətirmək istəyirəm.

Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə, milli mətbuatımızın tarixini -
“Əkinçi” qəzeti ilə, çağdaş müasir müstəqil demokratik mətbuatımızın tarixini isə “Azərbaycan” qəzeti ilə başlayaq.


Doğrudur, mənə irad tutanlar da olacaq. Lakin xahiş edirəm ki, bir daha mətbuat tariximizə qısaca da olsa
birlikdə səyahət edək:

1828-ci ildə fəaliyyətə başlayan “Tiflisskiye vedomosti” qəzeti 1829-cu ildə gürcü, 1830-cu ildə fars və
1832-ci ilin yanvarından isə Azərbaycan dilində çıxmağa başlamışdır. Azərbaycanca “Tiflis əxbarı” adı ilə
çıxmış həmin qəzeti təkcə Güney Qafqazda deyil, İranda və Türkiyədə də oxuyurdular. Qəzetin redaktoru P.S.Sankovski
1932-ci il oktyabrın 19-da vəfat etdiyindən “Tiflis əxbarı” 1833-cü ilin əvvəllərində qapanmışdır.

Qəzetdə həmin dövrdə baş verən hadisələr haqqında, eləcə də “Abbasabad mühasirəsinin təsviri”
(1829, N: 27, 30), “Müasir tarix: Azərbaycan vilayətinin hərbi vəziyyəti haqqında” (1829, N: 38, 43),
“Moskvalı dostuma məktub” (1830, ¹25, 53 və b.), “Qarabağ əyalətinə tarixi baxış” (1830, N: 86),
“Car və Balakən vilayətlərinə səyahət“ (1830, N: 81-83) və s. məqalələrdə Azərbaycan haqqında,
azərbaycanlıların məişəti, yaşayış tərzi və s. haqqında məlumatlar verilir, xalqımızın şifahi və yazılı
ədəbiyyatları haqqında söhbət açılırdı. A.Bakıxanov qəzetdə tərcümə əsərləri ilə çıxış edirdi.

Və 1838-ci ildə Tiflisdə “Zakavkazskiy vestnik” adında rusca daha bir qəzet çıxmağa başlamış və
bir az sonra bu qəzet həm də gürcü və Azərbaycan dillərində buraxılmışdır. “Qafqazın bu tərəfinin xəbəri”
adlanan bu qəzet rəsmi dövlət məlumatlarını, fərmanlarını, qərar və qanunnamələrini Azərbaycan dilində yayan
bir orqan idi və bu orqan dəqiq olmayan məlumata görə 1846-cı ildə bağlanmışdır.

Göründüyü kimi, hər iki qəzet həm Azərbaycan, həm gürcü və həm də erməni dillərində çıxırdı və
hazırda hər iki qonşumuz özlərinin mətbuat tarixlərini də elə həmin qəzetlərdən başlayır və
mətbuat tarixlərini bizimkindən daha əvvələ aparırlar.

Biz isə... daha doğrusu bəziləri deyirlər ki, “yox, həmin qəzetlər sadəcə rəsmi dövlət xəbərlərini
dərc etdiyindən onları bizim mətbuat hesab edə bilmərik!..”


Yaxşı onda belə çıxır ki, biz keşmiş “Kommunist”, eləcə də indiki rəsmi dövlət qəzetlərini də
milli mətbuat orqanı hesab etməməliyik.
Elə deyilmi???

Məncə düşünməyə dəyər...
Diqqətinizə görə təşəkkür edirəm...


Müşfiq BORÇALI.
“Ziya” qəzetinin baş redaktoru.

"ŞƏRQİN SƏSİ" qəzeti, N: 68 (298),
Oktyabr, 2014-cü il, səh.4.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: