Əflatun Amaşov Gürcüstana səfər edib

Əflatun Amaşov Gürcüstana səfər edib «Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədə inkişaf edir. Bizim vaxtaşırı Gürcüstan parlamentinin üzvləri ilə görüşlərimiz olur, bu görüşlərin sayını artırmaq və həmkarlarımızın hər iki ölkəyə qarşılıqlı səfərlərini həyata keçirməyə çalışacağıq».

ZiM.Az - "Zirvə" İnformasiya Mərkəzi APA-nın Gürcüstan bürosunun rəhbəri N.Məmmədzadənin məlumatına əsasən xəbər verir ki, bu sözləri 2017-ci il martın 24-də Gürcüstanda səfərdə olan Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Əflatun Amaşov Gürcüstana səfəri çərçivəsində
Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili ilə görüşüb, soydaşlarımızın vəziyyəti ilə maraqlanıb.

Qubernator P.Xizanişvili Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əflatun Amaşova bölgədə həyata keçirilən islahatlar haqqında, soydaşlarımızın son illər Gürcüstan cəmiyyətinə inteqrasiyasından, həmçinin dost və qardaş, mehriban ölkələr olan Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafından söhbət açıb.
P.Xizanişvili martın 21-də keçirilən Novruz bayramı tədbirində Gürcüstan prezidentinin və baş nazirin azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər etdiklərini, bölgədə və ölkədə yaşayan azərbaycanlıları bayram münasibətilə təbrik etdiklərini bildirib.

Milli Məclisin üzvü Əflatun Amaşov, öz növbəsində, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun həyata keçirdiyi tədbirlərdən danışıb.
O, Marneulidə Novruz bayramı tədbirində Mərkəzi Kitabxananın açılışını alqışlayıb.
Ə.Amaşov bu səfərində həmin kitabxanaya hədiyyə üçün mindən artıq müxtəlif mövzularda kitablar gətirdiyini bildirib. O, yaxın günlərdə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Zviad Dzidziquri ilə görüşəcəyini və deputat həmkarlarını Azərbaycana işgüzar səfərə dəvət edəcəyini, həmçinin onların ölkənin müxtəlif şəhərlərinə, eyni zamanda sərhədyanı bölgələrə səfərlərinin təşkil olunacağını bildirib.

Ə.Amaşov bölgədə yaşayan azərbaycanlı gənclərin Gürcüstanın müxtəlif ali təhsil ocaqlarında təhsil almasını və dövlət dilini öyrənmələrinə də münasibət bildirib: “Çox fərəhi haldır ki, 3 minədək azərbaycanlı tələbə universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil alır. Bu, məni sevindirir. Vaxt gələcək, gürcü dilini mükəmməl öyrəndikdən sonra onlar hazır və savadlı kadr kimi Gürcüstanın dövlət və hökumət strukturlarında işlə təmin olunacaq və ölkələrinin dövlətçiliyinin qurulmasına çalışacaqlar”.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: