Zirvələri fəth edən şəxsiyyət

Zirvələri fəth edən şəxsiyyət Hər bir millətin bəşəri miqyasda tanınmasında, məşhurlaşmasında və mütərəqqi yolla inkişafında onun sayılıb-seçilən ziyalılarının, ictimai – siyasi xadimlərinin xidmətləri da-nılmazdır. Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən belə irfan sahibləri yaşadıqları zamanın fövqünə ucalaraq, ilk növbədə, cəmiyyətdə sağlam mənəvi ideal-ların möhkəmlənməsinə çalışmış, cəmiyyətin inkişafına töhfə vermiş, insanları nəcib məqsədlərə yönəlt-mək məramı ilə diqqət mərkəzində olmuşlar. Əsl ziyalıya xas dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərin - intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilmişdir.

Xalq üçün çalışmaq, yazıb-yaratmaq, insanlara səmimi xidmət etmək istəyi ziyalıların iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalmışlar. Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən bu şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanır. Bir sözlə, əsl ziyalı ilk növbədə bütöv şəxsiyyətdir. O, illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahatlıq tapır.Xalqımız daima belə ləyaqətli ziyalıları ilə qürur duyur.

Hər bir kamil şəxsiyyət onu əhatə edən cəmiyyətdən də əvvəl məhz ailədə yetişir, formalaşır, gələcək həyat yolunu düzgün müəyyənləşdirə bilir. İnsan xarakterinin formalaşmasında onun doğulub boya-başa çatdığı, suyunu-çörəyini daddığı, havasını udduğu torpağın da rolu az deyil. Müdriklərimiz əbəs yerə "ot kökü üstə bitər" deməyiblər. 1957-ci il aprelin 26-da Borçalı mahalının Faxralı kəndində anadan olmuş Əflatun Amaşovun mənsub olduğu halal ailə, əhatə olunduğu saf mühit onu daim haqqa, ədalətə tapınmağa, mübariz olmağa, ömrü ləyaqətlə yaşamağa sövq edib. Cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində ilk növbədə halallığa tapınan valideynlərinin böyük rolu olub. Ailəsini dolandırmaq üçün halal zəhmətə qatlaşan atası Əhməd kişi el arasında mərdliyi, sözünə bütövlüyü, insani keyfiyyətləri ilə tanınıb. Erkən yaşlarından əsl azərbaycanlı adət-ənənələri, dəyərləri üzərində qərar tutan saf ailə mühitində aldığı düzgün tərbiyə yüksək daxili keyfiyyətləri ilə çuğlaşaraq Əflatun Amaşovu şərəfli ömür yoluna hazırlayıb. Həyatının ən çətin, keşməkeşli anlarında belə haqdan dönməyib, düzgünlüyü və mənəvi təmizliyi uca tutub. Hələ uşaqlıq dövründən məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı onu yaxından tanıyanlarda xoş hisslər doğurur.

Əvvəla qeyd edim ki, sözün həqiqi mənasında, gözəl insan, jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifi, tanınmış jurnalist və publisist, dövlət və ictimai – siyasi xadim, millət vəkili, görkəmli ziyalı kimi nüfuz qazanmış Əflatun Amaşov haqqında qələmə aldığım bu yazı bir neçə günlük və ya bir neçə saatlıq düşüncəmin məhsulu deyil. Onun haqqında yazmağım da heç də təsadüfi deyil. Olub-keçənlərə, özümün və onun ötən ömür yoluna nəzər salanda əlimə qələm götürüb yazmaqda özümü bəlkə də tam haqlı sayıram. Axı bu gün ətrafında olanlarının çoxundan bəlkə də onu daha çox mən tanıyıram, çünki fəxrlə və qürurla deyə bilərəm ki, bu böyük şəxsiyyət mənim eloğlumdur. Onun haqqında yazmağı özümə bir də ona görə borc bilirəm ki, Ulu Öndərimiz Heydər Əliyevin tez-tez təkrarladığı və həmişə önəm verdiyi bir fikri heç vaxt yadımdan çıxmır: “Biz gərək belə adamların qədrini bilək, onların dəyərini verək, xidmətlərini yüksək qiymətləndirək. Bununla biz təkcə onlara olan hörmət və ehtiramımızı bildirmirik. Onları millətimizə tanıdırıq. Millətə belə adlar, belə simalar lazımdır ki, həmişə öz övladları ilə öyünsün, fəxr etsin, öz milli mənsubiyyətinə görə qürur duysun”.
Özümü həmişə bəxti gətirən insanlardan hesab etmişəm. Çünki hər zaman Əflatun müəllim kimi peşəkar, ziyalı insanlarla təmasda olmuşam və onlardan öyrənmişəm. Əflatun müəllimi xalqımızın yetişdirmiş olduğu jurnalistlər nəslinin görkəmli nümayəndəsi kimi uşaqlıq illərimdən tanıyıram. O zamanlar adını televiziya ekranlarından, mətbuat səhifələrindən tez-tez eşitdiyim Əflatun Amaşovu həmişə yüksək mənəviyyatı, vətənpərvərliyi, xeyirxahlığı, eyni zamanda, əqidəliliyi, prinsipiallığı, əməksevərliyi və əzmkarlığı ilə sayılıb-seçilən bir insan kimi təsəvvür etmişəm. Sonralar tale elə gətirib ki, jurnalist fəaliyyətimlə əlaqədar Əflatun müəllimi daha yaxından tanımış və ondakı yüksək insani dəyərlərin canlı şahidi olmuşam. Hələ Əflatun müəllimlə 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri olarkən dəfələrlə müxtəlif tədbirlərdə, təqdimatlarda, konfranslarda və seminarlarda rastlaşmışdım. Lakin 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçiləndən bir müddət sonra rəhmətlik atamla Əflatun Amaşovun iş yerinə getdik. Səmimi qəbuldan sonra Əflatun müəllim mənə əməkdaşlıq etdiyim qəzetlərdəki yazılarımla maraqlandığını bildirdi, lazımi tövsiyyələrini verdi və gələcək fəaliyyətimdə uğurlar arzuladı. Üzünü atama doğru çevirib: “Haley müəllim buyurun, mənə görə nə qulluq” – dedi. Atam ona səmimi qəbul üçün təşəkkür etdikdən sonra, mənim ixtisasımdan əlavə jurnalistikaya da marağımın olduğunu bildirdi. Əflatun müəllim jurnalistikanın çox şərəfli, məsuliyyətli, eyni zamanda çətin iş olduğunu bir daha mənim diqqətimə çatdırdı. Daha sonra xidməti telefonu ilə “İki sahil” qəzetinin baş redaktoru Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadəyə zəng edərək bunları dedi: “Sizin yanınıza bir nəfər göndərirəm, müəllimimin oğludur.Yazılarına, isdedadına sınaq müddətində baxın, əgər layiqdirsə, işə qəbul edərsiniz”. Xəyali təsəvvürlərim reallıqla üst-üstə düşdüyündən, bu, mənim üçün olduqca sevindirici və qürurverici oldu.

Əflatun müəllim Azərbaycan xalqının zəngin milli-mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu, çoxşaxəli həyat yolu keçmiş və 60 illik ömrünü şərəflə yaşamış ziyalılarımızdandır. O, görkəmli ictimai – siyasi xadim, millət vəkili kimi də Azərbaycan cəmiyyətinin və ölkə ictimaiyyətinin böyük etimadını qazanıb. Əflatun Amaşov millət vəkilidir, ancaq mənim fikrimcə o, yetkinlik çağlarından millətinin vəkilidir. Onun yüksək təşkilatçılıq, idarəçilik keyfiyyətləri və xeyir-duası sayəsində yüzlərlə insan bu gün cəmiyyətimizdə öz layiqli yerini tutub. Əflatun müəllimin varlığı ətrafı müsbət, pozitiv enerji ilə hərarətləndirir, nurlu simasından səmimi təbəssüm heç vaxt əskik olmur. Ona görə hamı bu böyük ürək sahibi ilə ünsiyyətə can atır, onu gendən belə görəndə qəlbən sevinir. O, hamıya diqqət və qayğı ilə yanaşmağı sanki özünə mənəvi bir borc bilir. Bu məziyyət böyük ürək sahibi olan humanist insanlar üçün səciyyəvidir.

Yaşadığı zaman və məkandan asılı olmayaraq, daxilindəki işığa doğru üz tutan, bütün varlığı ilə düzgünlüyə, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirib. Xalqımız cəmiyyətdə belə ziyalılarla daim qürur duyub, onları qoruyub, zamanın sərt təlatümlərindən hifz edib. Şərəfli ömür yolunun 60-cı pilləsinə - kamillik və müdriklik zirvəsinə yetişən Əflatun müəllimin həyatının geridə qalan mənalı illəri ilə qürur duymağa tam haqqı çatır. Onu yaxından tanıyanlar da birmənalı təsdiq edər ki, bu ziyalı dövlətin qüdrətini, tərəqqisini, cəmiyyətin azadlığını və firavanlığını, sosial ədalətin bütün səviyyələrdə təntənəsini insanların yüksək biliklərə yiyələnməsində, maariflənməsində görüb. Müsahibələrində bu böyük şəxsiyyət vurğulayır ki, “təhsili olmayan, elmə barmaqarası baxan xalqın gələcəyi yoxdur. O, mütləq böyük xalqların içərisində əzilməlidir”.
1964-cü ildə doğulub boya-başa çatdığı Faxralı kənd orta məktəbinin birinci sinfinə daxil olan Əflatun Amaşov özünün istedadı, çalışqanlığı, biliklərə yiyələnmək həvəsi ilə müəllimlərinin rəğbətini qazanıb.Yaşa dolduqca, həyatın ziddiyyətləri, bəzən də haqsızlıqları ədalət axtarışında olan bütün fədakar insanlar kimi onu da dünyanın əbədi sualları ilə üz-üzə qoyub. Bu sualların cavabını jurnalistikada axtaran gənc Əflatunun gələcək həyat yolu, peşə seçimi də məhz onun saf və təmiz düşüncələrindən qaynaqlanıb. Bu ucalığa qovuşmaq ümidilə gənc Əflatunun gələcəyə yönəlmiş arzu yolunun bələdçisi isə əvvəl Bakı Dövlət Universitetinin filologiya, sonra isə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil almaq istəyi olub.
60 illik ömür üçün kifayət qədər sanballı, möhtəşəm olan həyat uğurlarının əsasında isə dəyərli Əflatun müəllimin şəxsi keyfiyyətləri - yüksək intellekti, mənəvi təmizliyi, daim üzərində işləməsi, biliklərini artırması, dövlətə və qanuna sadiqliyi durur. İnsan kimi alicənab, humanist xarakterə malik olması, sadəliyi, dürüstlüyü, sözünə bütövlüyü, ünsiyyət mədəniyyəti onun ziyalı aurasını daha da cəlbedici edir. Yaxından tanıyanlar Əflatun müəllimə böyük hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirlər.
Azərbaycan mətbuatının bugünkü inkişaf səviyyəsi haqqında düşünərkən, sözün həqiqi mənasında keçilmiş uzun mürəkkəb yol göz önündə canlanır. Milli mətbuatımızın bərqərar olmasında Həsən bəy Zərdabinin adını iftixarla çəkdiyimiz kimi, müstəqil Azərbaycan mətbuatının tərəqqisi naminə ulu öndər Heydər Əliyevin yürütdüyü siyasəti böyük qürurla qeyd etməliyik. Görkəmli siyasi xadim Heydər Əliyevin atdığı ən böyük addımlardan biri 1998-ci ildə senzuranın ləğvi, 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunu imzalaması oldu və bu sənədlə Azərbaycanda mətbuatın dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru xeyli asanlaşdırıldı. Daha sonra “2000-2001-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı”nın 2000-ci il martın 6-da Heydər Əliyev tərəfindən təsdiq edilməsi ilə mətbuatın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaradıldı.
2001-ci il dekabrın 18-də Prezident sarayında ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən dövlət başçısı Heydər Əliyev demişdir: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi… Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu da edirik və edəcəyik”.
Heydər Əliyev həm də jurnalistlərə qarşı səmimi münasibəti ilə seçilirdi. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci il martın 22-də “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Heydər Əliyev “Sizi əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam”, – söyləmişdir.

Bu gün Prezident İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyevin siyasətini və ənənələrini uğurla davam etdirərək 2005-ci ildə MŞ-nın təkliflərini nəzərə alaraq "Əməkdar jurnalist” adını bərpa etdi. 2008-ci ildə KİV və Yardım Dövlət Dəstəyi Fondu yaradıldı. 2010-cu ilin Milli Mətbuat Günündə Mətbuat Şurasının yeni binasının açılışını etdi. Ölkə başçısının jurnalistlərə həssas yanaşmasının bariz nümunəsi onlara mənzil tikintisini nəzərdə tutan Sərəncama imza atmasıdır. Maarifə, mədəniyyətə, inkişafa uca dəyər verən böyük dövlət adamı İlham Əliyev də bu qayğının müqabilində "Jurnalistlərin dostu” mükafatına layiq görüldü. MŞ-nın sədri Ə.Amaşovun təbirincə desək: "Prezidentimiz milli mətbuatımızın banisi, maarifçi alim Həsən bəy Zərdabinin, həm də müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin ruhunu şad etdi”.
Görülən konkret işlər göz qabağındadır.Əflatun müəllim Mətbuat Şurasının sədri kimi Azərbaycanda mətbuat-vətəndaş, mətbuat-hakimiyyət münasibətlərini tənzimlənməsinə nail oldu. Nəcib xarakterli, xüsusilə müsahibini səbrlə dinləmək mədəniyyətini şəxsiyyətində ehtiva edən Mətbuat Şurasının sədri və millət vəkili Əflatun Amaşovun ölkə mətbuatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında misilsiz xidmətlərii danılmazdır.
Yüksək peşəkarlıqla qələmə aldığı kitablarla, məqalələrlə tanışlıq zamanı onun həm də siyasi proseslərin inkişaf məcrasını düzgün dəyərləndirən və dərin fəlsəfi-analitik təhlil süzgəcindən keçirən, Azərbaycanın qazandığı uğurlara qəlbən, ruhən sevinən vətənpərvər ziyalı olduğunu görürük. Bu məqamda əsl ziyalı üçün səciyyəvi olan daha bir keyfiyyətin - siyasi baxışları aydın, dürüst və əsaslandırılmış şəkildə ifadə etmək bacarığının Əflatun Amaşovda qabarıq sezildiyini də xüsusi vurğulamaq lazımdır. Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi kursunun Azərbaycan üçün strateji əhəmiyyətini, alternativsizliyini dönə-dönə vurğulayan, konkret fakt və hadisələr fonunda əsaslandıran Əflatun müəllim həm də sabit, dəyişməz mövqeyi olan məslək, əqidə adamıdır.
Belə mənalı, maraqlı ömür yaşamaq hər insanın taleyinə, qismətinə yazılmır. Əflatun müəllimin ömür yolu mən deyərdim ki, indiki və gələcək nəsillər üçün əsl örnəkdir. O, hər şeydən öncə gözəl bir vətəndaşdır. Məhz bu amil onun həm də görkəmli bir ziyalı, ictimai xadim kimi tanınmasına imkan verib. Bütün fəaliyyəti boyu əxlaqi baxımdan yüksəkdə dayanan dəyərlərə tapınıb və bu dəyərləri qorumaq istəyi həmişə ədalətli cəmiyyət arasında olmağından irəli gəlib. Əflatun müəllim öz çıxışlarında, müsahibələrində Azərbaycanın qısa dövr ərzində keçdiyi demokratik inkişaf mərhələsinin mahiyyətini, ölkədə söz və mətbuat azadlığının inkişaf dinamikasını, iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsi olan modernləşmə xəttinin əsas xüsusiyyətlərini açıb göstərməyə çalışır. Əflatun müəllimin vətəndaşlıq mövqeyindən danışarkən, onu da xatırlatmaq yerinə düşər ki, o, həm də dövlətçilik ənənələrinin qorunmasında fəal rol oynayan müasirlərimizdəndir.
Hər zaman obyektivlik prinsipinə əsaslanan Əflatun müəllim yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə ölkə rəhbərliyinin və kollektivin diqqət mərkəzində dayanaraq hörmət və rəğbətini qazanıb və qüsursuz işləyib. Əməksevərlik, insanpərvərlik və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlərə malik olan Əflatun müəllim rəhbərlik etdiyi Mətbuat Şuraslnın əməkdaşlarına hər zaman qayğı ilə yanaşır, onların problemləri ilə yaxından maraqlanır. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanla 2015-ci ildə "Vətənə xidmətə görə" ordeninə layiq görülməsi də məhz bu xidmətlərin bariz nümunəsidir.
Aprelin 26-da Əflatun müəllimin 60 yaşı tamam olur. 60 müdiriklik yaşıdır.
Əflatun müəllim təfəkkürünün məntiqliyi, natiqliyi, işdə düzgünlüyü və xeyirxahlığı, fəaliyyədə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth etmişdir. Bu zirvə yalnız müdrik insanlara nəsib ola bilər. Ancaq mən deyərdim ki, müdriklik Əflatun müəllimin yaşında deyil, xarakterindədir, mənəviyyatındadır və mənə elə gəlir ki, xaraktercə, mənəviyyatca müdrik olan insanların haqqında ömrünün istənilən yaş mərhələsində qürurla, alnı açıq, üzü ağ danışmaq olar. Ömrünün 60-cı baharını yaşayan Əflatun Amaşov barədə cəmiyyətimizin müxtəlif təbəqələrindən olan insanların onun haqqında həmişə yüksək fikirdə olduğunun dəfələrlə şahidi olmuşam. Əflatun müəllimin həyat kredosunda qeyd etdiyimiz kimi, ilk növbədə, onun təmənnasız keyfiyyətləri dayanır. O, harada olur-olsun, vətənimizi təmsil və təbliğ edir. Belə olmasaydı, uzun müddət çalışdığı sahədə bu qədər hörmət və nüfuz sahibi olmazdı. Təsadüfi demirlər ki, vətənpərvərlik ən dərin hörmətə layiq gözəl bir keyfiyyətdir. Vətənpərvərlik özünə hörmətdən, özünü sevməkdən başlayır, daha sonra milləti sevirsən, xalqı sevirsən və nəhayət dünyanı sevə biləcək vətəndaşlıq haqqı qazanırsan.

İnsan üçün ən xarakterik keyfiyyətlərdən biri də məhz əzmlə işləmək, əldə olunan nəticələrlə arxayınlaşmamaq, bütün dövrlərdə cəmiyyətə fayda verməyə çalışmaqdır. Əlbəttə, hər bir yubiley - dayanmaq, arxaya nəzər salmaq, bəzi nəticələr çıxarmaq və sonrakı hərəkətin istiqamətini müəyyən etməyə bir macaldır. Əflatun Amaşovun keçdiyi yola nəzər salarkən inamla demək olar ki, bu yol bütün maneələrə və çətinliklərə baxmayaraq onun tərəfindən ləyaqətlə keçilib. Onun bu həyatda bütün etdikləri isə insanlara mehribanlığı, səmimiyyəti və intəhasız sevgisiylə şölələnib. Bu mənada, 60 illik yubileyi tamam olan Əflatun Amaşov bu gün də Vətəni, xalqı naminə yorulmadan çalışır, dövlətin hərtərəfli inkişafına öz töhfəsini verir. İnanırıq ki, Əflatun Amaşov bundan sonrakı fəaliyyətində daha böyük zirvələri fəth edə biləcəkdir. Sözünüzün kəsəri, gözünüzün bəsəri, əqlinizin əsəri əskik olmasın!..
Yubileyiniz mübarək, Əflatun müəllim!..

Çingiz Haley oğlu Qasımov,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: