“Qarabağ Azərbaycandır!” və ya “Valday”da “aprel müharibəsi” mesajı

“Qarabağ Azərbaycandır!” və ya “Valday”da “aprel müharibəsi” mesajı 2016-cı ilin «aprel müharibəsi»nədək erməni beyin mərkəzləri və politoloqlarının belə bir fikri var idi ki, nəsillər dəyişdikcə Azərbaycan Qarabağı unudacaq. Dövriyyəyə buraxdıqları bu baxış çərçivəsində kokret illər də müəyyənləşdirmişdilər - 5 ildən sonra nə olacaq, 10 ildən sonra nələr dəyişəcək və s. Lakin «aprel müharibəsi»ndən sonra ermənilər planlarının iflasa uğradığını etiraf etmək məcburiyyətində qaldılar. İdeyalarının «Ohanyan» müdafiə xəttinin keçilməzliyi mifi qədər avantürist mahiyyət daşıdığı üzə çıxdı. Bizə qarşı Qarabağı görməyən Azərbaycan övladları döyüşdülər və qalib gəldilər - «aprel müharibəsi» sonrakı erməni ideoloqlarının etirafıdır bu və bütün bunları təsadüfən xatırlamadım.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Valday» Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən geniş bəhs etdi. Ümumən dövlətimizin başçısının Qarabağla bağlı hər fikri konflikt ətrafındakı siyasi vəziyyətdə ölkəmizin dominant mövqeyinin müstəsna göstəricisidir. Onun «Valday» Beynəlxalq Diskussiya Klubundakı geniş məzmun daşıyan nitqi də bu baxımdan xüsusi diqqət çəkdi.


Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müstəvisindəki beynəlxalq hüquq normalarının, danışıqlar prosesinin ölkəmiz üçün əhəmiyyət daşıdığını diqqətə çatdırdı. BMT-nin dörd qətnaməsini yada saldı və həmin sənədlərin icra olunmamış qaldığını önə çəkdi.

Nəhayət, «Qarabağ Azərbaycandır!» Dövlətimizin başçısı istər tarixi, istərsə də müasir dövrin siyasi reallıqlarına geniş aspektdən nəzər salıb yekun nəticəyə gələrək işlətdiyi bu fikir bir çox mətləblərdən xəbər verir. İlk növbədə mövuzunun sırf bu aspektdə Rusiyada səslənməsinə diqqət yetirmək lazımdır. İkincisi, İlham Əliyev məsələyə Azərbaycan-Rusiya münasibətləri kontekstində toxunur. Qarabağ Azərbaycandırsa, Azərbaycanla münasibətlərin inkişaf dinamikası münaqişənin həllindən asılıdır. Qarabağ Azərbaycandırsa, Qarabağ olmayacaqsa, Azərbaycan da olmayacaq.

Bəli, Prezident Əliyev yüksək siyasi mahiyyət daşıyan fikri ilə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mənafeyinə uyğun ədalətli həllinin bölgənin nəinki siyasi, habelə iqtisadi və mənəvi sferası üçün vaciblik prioriteteni yenidən ortaya qoydu. O, eyni zamanda Azərbaycanın artan iqtisadi qüdrətindən bəhs etməklə bu inkişafın məhz Qarabağ hədəfinin mövcudluğunu vurğuladı. «Valday» kimi nüfuzlu tribunadan belə qətiyyətli və prinsipial mövqenin, özü də Ermənistana demarş üslubunda səslənməsi son dərəcə mühüm əhəmiyyət daşımaqdadır.

Prezident 2016-cı ilin «aprel müharibəsi»ndən heç də təsadüfən bəhs etmədi. Bəli, Azərbaycan üçün torpaqlarının işğaldan azad olunmadığı hər müddət yeni «aprel müharibə»sinə hazırlıq anıdır. Ali Baş Komandan xalqın öz doğma torpağını azadetmə köklənişinə əminliyini «Valday»da dilə gətirməklə Ermənistan ictimai rəyinə, siyasilərinə və rəsmilərinə növbəti tutarlı Qarabağ mesajı vermiş oldu. Bu mesaj Azərbaycanın haqq səsinin ifadəsidir. Bu mesaj xalqımızın Qarabağı heç zaman unutmayacağına dair dünya birliyinə ünvanlanmış çağırışdır. Nəhayət, bu mesaj Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsindəki həllinin gələcək nəsillərin ümüdünə buraxılmayacağına dair xəbərdarlıqdır.

ƏFLATUN AMAŞOV,
AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SƏDRİ, MİLLƏT VƏKİLİ

ZİM.AZ
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: