Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə
VƏTƏN YOLUNDA ŞƏHİD OLMAQ ŞƏRƏFDİR

“Vətəni sevmək imandandır”.


Bir çox yazılarda yer almış bu kəlam, bir daha onu təsdiq edir ki, bir insanın Vətənini, millətini sevməsi, onun dinini, dilini, əxlaqını və tarixini sevməsi deməkdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Bəxtiyar Vahabzadənin “Həyat səni güldürəndə gülmüsən, hünərin var ağladanda gül görüm” sözlərində çox dərin məna vardır.
Təbii ki, insanın dərd çəkərək gülməsi mümkün deyildir.
Dərd insanı insanlıqdan uzaqlaşdıra bilər, amma güldürə bilməz.
Bu dərd Vətən, torpaq dərdi olarsa, insanın rahatlığını əlindən alar, həyatı ona haram edər.
İnsanı həyatda yaşadan sevgidir. Bu səbəbdən sevgilərin ən böyüyü Vətən sevgisidir desəm, yanılmaram.
İnsanda ana sevgisi olmazsa, Vətən sevgisi də ola bilməz.
İnsan ilk sevgini istisnalar olsa da anadan gördüyü üçün, sevgi uğrunda ölməyin də nə demək olduğunu gözəl bilir.
Biz anaya, Vətənə, torpağa olan sevgini həm I Qarabağ, həm də II Vətən müharibəsində gördük, şahidi olduq.
44 günlük II Vətən müharibəsi torpaq, yurd sevgisinin nə qədər böyük olduğunu bir daha təsdiqlədi.


Otuz il işğalda qalan topraqlarımızı düşmən əsarətindən azad etmək üçün alışıb-yanan gənc nəsil, düşməndən ata-babalarının intiqamını almaq üçün necə deyərlər, “əyinlərinə zirehli geyimlərini geyinib müharibəyə yollandılar”. İgidlərimiz düşmənə qarşı birlik nümayiş etdirərək, Vətənin bu ağır günündə ayağa qalxdılar, Azərbaycan Silahlı Qüvvələrinin cəsur döyüşçüləri ilə çiyin-çiyinə döyüşərək, torpaqları müdafiə etməyə çalışdılar. Bu döyüşçülərin hamısı həm MAXE (müddətdən artıq xidmət edən) olaraq, həm də çağırışla gedənlər olsalar da, ürəklə, könüllü olaraq bir amal, bir məslək uğrunda irəli atıldılar. Vətəni nəyin bahasına olursa-olsun düşmən işğalından azad etmək lazım idi. Belə döyüşçülərin sıralarında minlərlə elə cəsur, qorxmaz gənclərimiz oldu ki, onların adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Gənclər öz vətənpərvərlikləri ilə bu şanlı tarixi yaratdılar.

Bu gün haqqında söhbət açacağımız cəsur şəhidimiz, 44 günlük II Vətən müharibəsində şəhadətlik zirvəsinə ucalan Səfərli Əmrah Çingiz oğludur.
Səfərli Əmrah hələ uşaq ikən, əmisi İdris Səfərov, I Qarabağ müharibəsində şəhid olaraq, ailəyə ilk şəhidi vermiş, kiçik Əmrah isə öz uşaqlıq düşüncəsi ilə qəlbində alovlanan intiqam hissiylə yaşayaraq, “mən böyüyəndə əmimin qisasını alacağam” deyirmiş. Bəlkə də Əmrah elə kiçik yaşlarından şəhid olacağını hiss edirmiş. Axı deyirlər şəhidlər şəhid olacaqlarını öncədən duyurlar.

Hər kəsə məlumdur ki, müasir dünyamızın ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr dünyanın hər yerindən xəbər verməkdən əlavə, həm də çox gözəl bir ünsiyyət vasitəsidir. Mən təsadüfən fezbook səhifəsində 44 günlük müharibənin iştirakçısı olmuş Qazi Cavid Nurinin şəhid Səfərli Əmrah Çingiz oğlu haqqında yana-yana danışdığını gördüm. Şəhid və qazi ailələri haqqında silsilə yazılar hazırladığım üçün bu paylaşım diqqətimi çəkdi. Və mən bu dəfə də şəhidimiz Səfərli Əmrahın döyüş yolunu işıqlandırmağı qərara aldım.

İgid qəhrəmanımızı gələcək nəsillərə tanıtmaq üçün onun keçdiyi həyat və döyüş yoluna nəzər salaq:

Səfərli Əmrah Çingiz oğlu - 1998-ci il aprelin 2-də İmişli rayonunun Göbəktala kəndində dünyaya göz açıbdır. Orta təhsilini isə İmişlinin Yalavac kənd orta məktəbində əmisi İdris Səfərovun adını daşıyan məktəbdə almışdır. Onu da qeyd edim ki, Səfərov İdris 1994-cü ilin I Qarabağ müharibəsinin şəhididir. O, təhsil aldığı Yalavac kənd tam orta məktəbinin yeganə şəhid məzunu olduğu üçün məktəb Səfərov İdrisin adını daşıyır.
Səfərli Əmrah , 2 aprel 2016-cı ildə həqiqi hərbi xidmətə çağrılıb. Bir il altı ay həqiqi hərbi xidmətini başa vurur, elə həmən vaxtda da ordu sıralarında müddətdən artıq xidmət etmək üçün hərbi hissənin rəhbərliyinə müraciət edir, müraciətinə müsbət cavab gəlir. O, müddətdən artıq xidmət göstərir və müharibəyə də könüllü yollanır. Bunları qeyd etməkdə məqsədim odur ki, Əmrah və onun kimi minlərlə igid övladlarımızın Vətənin ağır günündə təkcə həqiqi hərbi xidmətlə kifayətlənmədiklərini, Vətən qarşısında məhz Vətən oğlu olaraq daha artıq xidmət göstərmək istədiklərini nəzərə çatdırmaqdır. Qəhrəman oğullarımız canlarını Vətən uğrunda fəda etsələr də, ölümün gözünə dik baxmağı bacardılar.
Əmrah hələ kiçik yaşlarından mehribançılığı, səmimiliyi, vətənpərvərliyi ilə öz yaşıdlarından fərqlənirdi. Hər kəslə ünsiyyət qurmağı bacaran Əmrahın dostu, yoldaşı çox idi. Şəhidimizin atasının dediyi kimi Əmrahın “çevrəsi böyük idi”. Atası onu da qeyd etdi ki, ölkənin müxtəlif bölgələrindən otuz yeddi nəfər döyüş dostu şəhidimizin dəfn mərasimində iştirak etmək üçün gəlmişdi.
Səfərli Əmrah hələ orta məktəbdə təhsil alarkən, artıq müharibənin nə demək olduğunu anlayırdı, torpaqlarımızın düşmən tərəfindən işğal olunduğunu qüruruna sığışdıra bilmirdi. O yalnız düşmənlə döyüşəcəyini, torpaqlarımızı işğaldan azad edəcəyini düşünür və şəhid əmisinin qisasını alacağı fikri ilə böyüyürdü.
2020-ci ilin 27 sentyabrında başlanan müharibədən kənarda qala bilməyən Əmrah, arzusunu reallaşdırmağa can atdı. O öz istəyi ilə döyüşə yollandı. Əmrah, olduqca vətənpərvər, xalqına, millətinə bağlı idi. Arzuları, xəyalları olduqca çox idi. Vətən sevgisi onun bütün sevgilərini üstələdi. Zəfər günümüzə sanalı günlər qaldığı bir vaxtda, 4 noyabrda Şuşanın azadlığı uğrunda döyüş tapşırığını yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucaldı.
İşğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən otuz il müddətində işğalda qalan torpaqlarımız, Azərbaycanın nizami Milli Ordusunun əsgər və zabitləri olan cəsur döyüşçülərimizin iştirakı ilə 44 gün müddətində azad edildi. Bu bəlkə də tarixdə müddəti az olan və çox nadir baş verən müharibələrdən biri idi. Bizə az zaman içərisində belə zəfər gününü yaşadan qəhrəman oğullarımız ilə fəxr etməyə haqqımız vardır.
Illərlə Qarabağ həsrətilə yanan, dünyasını dəyişən ata-babalarımızın, ev-eşiklərindən zorla didərgin salınmış soydaşlarımızın ah-naləsini dünya sanki duymurdu, görmürdü. Bu laqeydlik sözsüz ki, gənclərin heysiyyatına, qüruruna toxunurdu. Hər an Ali Baş Komandanın döyüş əmrini gözləyən gənc nəsil atalarının yarımçıq qalmış işlərini tamamlamaq üçün hazır dayanmışdılar. Əmrah da bu gənclərdən biri idi. O texniki peşə məktəbini bitirir, hərbidə sürücü mexanik olur.
Hərbiyə kiçik yaşlarından çox həvəsi olan şəhidimiz, 21 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının əsgəri olaraq Qarabağa yollanır. 22 yaşlı Əmrah noyabrın 4-də Şuşa uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır.
Cəsur döyüşçü, igid şəhidimiz Səfərli Əmrah, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüş əməlliyyatlarında vəzifə borcunu yerinə yetirərkən şəhid olmuşdur. Atasının göndərdiyi foto-şəkillər içində bir şəkil də diqqətimi cəlb etdi. “Şəhid Səfərli Əmrahın küçəsi”.

Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu SəfərliyəCanını torpağına fəda edən Əmrahın göstərdiyi şücaəti dövlət tərəfindən lazımınca dəyərləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı 15.12.2020-ci il tarixli sərəncama əsasən Səfərli Əmrah Çingiz oğlunu ölümündən sonra “Vətən uğrunda” medalı, 18.12. 2020-ci il tarixli sərəncama əsasən “İgidliyə görə” medalı, 24.12.2020-ci il tarixli sərəncama əsasən “Cəbrayılın azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli sərəncama əsasən “Füzulinin azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli sərəncama əsasən “Xocavəndin azad olunmasına görə” medalı və 29.12.2020-ci il tarixli sərəncama əsasən isə “Şuşanın azad olunmasına görə” medalı ilə, 24.06.2021-ci il tarixli sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.

İgid şəhidimiz Əmrah haqqında danışan döyüş dostu Qazi Cavid Nuri, çox kövrək xatirələrə toxundu. Yüksək, şəxsi keyfiyyətlərə malik olan qonurgözlü, yaraşıqlı şəhidimiz Əmrahın sevgi tarixçəsinin yarım qaldığını söyləyən Qazimiz ürək ağrısı ilə: “Əmrahın dörd illik bir sevgisi var idi. O sevdiyi xanımla nişanlanmaq, toy etmək arzusunda idi” dedi. Təəssüf ki, taleyin yazısı onun qismətinə bəylik kürsüsünü deyil, şəhadətlik taxtını yazdı. Döyüş dostu, düşmən işğalından azad olunan torpaqlarımızda Hadrutun, Xocavəndin, Şuşanın uğrunda gedən döyüşlərdə Əmrahla birlikdə keçdikləri döyüş yolundan da danışdı. Əmrah həmişə deyərmiş ki, bəlkə qismətimizdə şəhid olmaq da var. “Vətən yolunda şəhid olmaq şərəfdir”.

Biz şəhidimizin haqqında bu materialı hazırlayarkən atası ilə söhbət əsnasında Əmrahın ailənin tək oğul övladı, yəni iki bacının bir qardaşı olduğunu da öyrəndik. Təbii ki, hər bir valideynin övladları haqqında gözəl xəyalları, fikirləri olur. Lakin, şəhidimizin nakam ömür yolu onun valideynlərinin bütün arzularını ürəklərində qoydu. Sinəsi od-tutub yanan valideynlərin tək bir təsəllisi, öğullarının igidliyindən, cəsarətindən duyduqları qürur hissi, baş ucalığıdır.
Ana üçün övladını itirməsi qədər ağır dərd ola bilməz. Analar çox vaxt bu dərdi aşkarda hiss etdirməsələr də, gizlində balaları üçün ağı deyir, oxşayır, ağlayırlar.
Vətən yolunda şəhid olan Əmrah Səfərliyə anası Sevil xanımın dilindən həsr etdiyim bir şeiri də sizlərlə bölüşmək istəyirəm.


ÜZÜNƏ HƏSRƏT QALDIĞIM BALAM

II Vətən müharibəsi şəhidi
Səfərli Əmrah Çingiz ogluna
həsr edirəm


(anasının dilindən)


Sən gedəni bağımda soldu gülüm, çicəyim,
Oğul, oğul deməkdən dərd bağladı ürəyim.
Sən idin hər təsəllim, sən idin hər istəyim,
Qayıt gəl ay üzünə həsrət qaldığım balam.

Mən belə etməmişdim sənə arzu, murazı,
Səndən sonra itibdir yaşamağımın dadı.
İndi mənə deyilir şəhid Əmrah anası,
Qayıt gəl ay adına həsrət qaldığım balam.

Yanır sinəm beləcə, köz də tutmayır yaram,
İstərəm səni görüm mənim mərd, ciyər param.
Mən sənin təsəllini de indi kimdən alam?
Qayıt gəl ay boyuna həsrət qaldığım balam.

Sən elimizin fəxri, qürurumuzsan bizim,
Vətən sevdalı balam, nər oğlumuzsan bizim
Adın Vətən oğludur, ər yurdumuzsan bizim,
Qayıt gəl ay izinə həsrət qaldığım balam.

Ovuna bilməyirəm, süzülür yaş gözümdən,
Əmrah adi bitməyir söhbətimdə, sözümdə.
Mən səni axtarıram, hey gəzirəm özümdə,
Qayıt gəl ay səsinə həsrət qaldığım balam.

Sən Vətən harayına canını etdin fəda,
Qoymadın düşmən sənin yurdunda at oynada.
Qalib çıxdın döyüşdən, özün şəhid olsan da,
Qayıt gəl ay ömrünə həsrət qaldığım balam.

Azərbaycanın qəhrəman, igid oğulları sırasında adı çəkilən Səfərli Əmrah Çingiz oğlu, onun döyüş dostlarının, tanıyanların, sevənlərin qəlbində hər zaman yaşayacaqdır. Nə qədər Azərbaycan var şəhidlərimiz daim yad ediləcəkdir. Azərbaycan xalqı şəhidlərinin dəyərini bilən xalqdır. Şəhidlərimizin hər birinin məzarı insanların ziyarətgahına çevrilmişdir. Onları unutmağa haqqımız yoxdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

20.02.2022.

PƏRİXANIM MİKAYILQIZI,
"Elm və Təhsil" qəzetinin baş redaktoru,
AJB-nin üzvü, şair-publisist, tədqiqatçı-jurnalist,
F.b.Köcərlinin tədqiqatçısı,
Dövlət qulluğunun baş müşaviri,
"Xarı Bülbül" medalı mükafatçısı
və bir cox media mükafatları laureatı.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: