RƏVAN CAVİD (HƏSƏNƏLİYEV)

RƏVAN CAVİD (HƏSƏNƏLİYEV) RƏVAN CAVİD (HƏSƏNƏLİYEV) - 1998-ci il 19 yanvar tarixində Goranboy rayon Səfikürd kəndində anadan olmuşdur. 2015-ci ildə Səfikürd kənd tam orta məktəbinin məzunu olmuşdur. Hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mühəndisliyi” fakultəsində təhsil alır. Həvəskar şairin şeirləri “Mübariz” qəzetində, “Laçın yurdu”, “Ulduz” jurnallarında, “Goranboy” almanaxında və bir çox internet portallarında dərc olunmuşdur. “Bağışla” kitabının müəllifidir. O, Azərbaycan Yazıçılar Birliyinin layihəsi olan “3-cü Gənc Ədiblər Məktəbi”nin üzvüdür.

Bir yad şəhər...

Bir səhər oyanasan,
pəncərəndən yad şəhər sənə “salam” söyləyə,
Xəzər dalğalarını yad sahilə söykəyə.
Unudasan hər şeyi,
başqa cür başlayasan bir günəşli səhərə,
yuxunu danışasan sənə yad bir şəhərə.
Gecələr içməyəsən qırmızı, tünd şərabdan,
şərab edib içəsən qara, tünd gecələri.
Qocalasan bir günlük,
başqa cür dolaşasan köhnə, dar küçələri.
Atıb beşmərtəbədən tozlu xatirələri,
uşaq kimi bağlayıb taxta pəncərələri
Ki, Allah eşitməsin
hıçqırıq səslərini bu qaranlıq mənzildə.
Bir səhər oyanasan,
görəsən nə Xəzər var,
nə Bakı var sahildə…

Payız təkliyim...

Nə yağış bizimdi, nə də bu şəhər,
yağış payızındı, Bakı Xəzərin.
Bu pıçıltılar da bizim deyil heç,
sadəcə üşüdür payız xəzəli.
Bir az pəncərədən yağışa baxıb,
təklikdən yorulub qalaram bezar.
Telefon əlimdən düşməz ki yerə
birdən təsadüfən “necəsən?” yazar.
Bəzən də şəklinlə söhbətləşərək,
yuxuya gedərəm elə bilmədən.
Amma şəkildəki bircə kəz deməz,
“Üstüaçıq yatma-xəstələnərsən”.
Yalnızlıq üşüdən şəhərdəyik biz,
payız bəhanədi tənhalar üçün.
Bir-iki ay keçsin o da bezəcək,
o da tərk edəcək Bakını bir gün.

BU ŞƏHƏRDƏ SƏN YOXSAN…

Necə də soyuyubmuş sən getdiyin o yollar,
necə də tənha qalıb tərk etdiyin bu qollar.
Limanlar gəmisizdi, sahillərdə yox sakin,
yoxluğunla barışıb,
dəniz, dalğalar sakit.
Bu şəhərdə sən yoxsan, boş qalıbdır küçələr,
Səhərlər gec açılır, gün nurunu gec ələr.
Yoxluğun qonağımdı səhər, axşam, gecələr,
Şeirlər kölgəsində şair ruhum dincələr…
Saçlarının rəngi də unudulub, bağışla,
amma gözlərin hələ yadımda ilk baxışdan,
Bu payız da yağacaq keçən ilki yağışlar,
yəqin payızlar bizi ayrılığa bağışlar.
Getdiyin qədər yoxluq, yoxluğun qədər əzab,
Səssizcə bağırıram çəkib ahı, istirab,
Gedişində verdiyin o suala bir cavab,
– bir də açılmayacaq bağladığın o kitab.
Bu şəhərdə sən yoxsan, boş qalıbdır küçələr,
Səhərlər gec açılır, gün nurunu gec ələr.
Yoxluğun qonağımdı səhər, axşam, gecələr,
Şeirlər gölgəsində şair ruhum dincələr…

KÖRPƏ

Necə misgin görünür
səmaların boz rəngi,
istəyərdim inanım günəş heç batmayacaq,
dəyişdikcə həyatın notlarının ahəngi,
kaş inana biləydim,
içimdəki o körpə məni heç atmayacaq,
hələ də tapmamışam
yazdığım sətirlərdə dediyin həqiqəti,
şeirləri yalan san,
çoxda bağlanma mənə
birdən mən də yalansam?!
“şeirlərin gözəldi” deyib keçmə üstündən
bəs onlar da yalansa?!
İçimdəki körpənin kipriklərində qalan
şəffaf qəhərəm indi,
sakinləri boz kölgə, binaları daş məzar,
soyuq şəhərəm indi,
tüstü-duman içində gecələri yatmayan,
sərxoş səhərəm indi,
hecalarda yaşayan, baxışlarında itən
sonsuz kədərəm indi.
Keçmişimdə yox onsuz
gələcəyimə gedən bir körpüdən aslıyam,
bəlkə hələ uşağam,
bəlkə böyümək üçün,
içimdəki o məsum, o körpədən aslıyam.

BOŞLUQ

Nə yazım boş otağa?!
Boş otaq özü şeir,
divarlara qulaq as,
darıxdığımı deyir.
Bu səliqəsiz divan,
üstü kül, kağız masa…
bir şəklin olmalıdır,
buralarda, hardasa…
keçən həftədən şərab,
dünəndən qalmış bayat…
əslində, hər şey köhnə,
bir təzə sənsiz həyat.
Danışmağa heç kim yox,
Tanrı da susub, dinmir.
Sobanı qalamışam,
amma otaq isinmir…
üşüyürəm bu evdə,
qucağın yoxdu deyə,
boşluğun qolu olmur,
indi sarılım nəyə?!
Yoxam, sanki bitmişəm
getdiyin həmin andan,
sevməyi tərgitmişəm,
sənsizliyi tapandan…

.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: