QULU XALƏDDINOĞLU (1963)

QULU XALƏDDINOĞLU (1963) Qulu Xaləddin oğlu İsmayılov - 1963-cü il noyabr ayının 14-də qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Hamamlı kəndində anadan olub.
1970-ci ildə Hamamlı orta məktəbinin birinci sinfinə gedib və 1980-ci ildə orta məktəbi bitirib.
Elə həmin il Azərbaycan Politexnik institutunun (indiki Azərbaycan Texniki Universitetinin) Mexanika fakultəsinə daxil olub,
1985-ci ildə ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib.
Ali təhsilli mühəndis-mexanikdir. İnstitutu bitirdikdən sonra Bakı Maşınqayırma zavodunda müxtəlif vəzifələrdə işləyib.
1999-cu ildən 2003-cū ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" sayli hərbi hissəsində hərbi qulluqçu vəzifəsində çalışıb.
Poeziyanı çox sevir, gənc yaşlarından şeir yazmaqla məşğul olur.
Müxtəlif dövri mətbuatlarda şeirləri çap edilir.
“Sazlı-Sözlü Borçalı” Ədəbi Məclisinin üzvüdür.
Ailəlidir, iki övlad atasıdır.



ADAMLIQDAN UZAQSANMIŞ


Mən səni adam bilirdim,
Adamlıqdan uzaqsanmış.
Yaz nəfəsi yoxmuş səndə,
Şaxta,boran, sazaqsanmış.
Süni imiş məhəbbətin,
Dosta vəfan, sədaqətin,
Yalanıymış ibadətin,
Şər, böhtana qucaqsanmış.
Düzgünlüklə barışmayan,
Xeyrə, şərə qarışmayan,
Körüklə də alışmayan,
Odu sönmüş ocaqsanmış.

BİLƏSƏN

Çoxu sənə "biz qardaşıq" desə də,
Hər yetəndən qardaş çıxmaz biləsən.
Saxta olar özü kimi, sözü də,
Sidq ürəkdən əlin sıxmaz biləsən.
Kişi olan mərdin çörəyin yeyər,
Yamanı yox, yalnız yaxşını öyər,
Uzaq başı hərdən acı söz deyər,
Ancaq, heç vaxt, evlər yıxmaz biləsən.
Vəfalı dost illər boyu aranar,
Tapılanda "qəlbin teli" daranar,
Arxın suyu müvəqqəti yaranar,
Çaylar kimi daim axmaz biləsən.

QOCALTDI MƏNİ

Bir quş tək uçaraq gözümdən itən,
Ötən aylar illər, qocaltdı məni.
Ömrün payız fəsli hələ gəlməmiş,
Vaxtsız əsən yellər, qocaltdı məni.
Görəndə yaltaqlıq satılır baha,
Ürəyim dözmədi bu işə daha,
Hərdən nala vuran, hərdən də mıxa,
İki başlı dillər, qocaltdı məni.
Quluyam, dünyadan baş açmadım mən,
Bu hallar tez saldı saçlarıma dən,
Didərgin düşərək düşmən əlindən,
Köç eyləyən ellər, qocaltdı məni.

BİR QƏLƏMİ BİR DƏFTƏRİ

Əsil şair olan kəsin,
Heç azalmaz dərdi, səri.
Gecə-gündüz həmdəmidir,
Bir qələmi, bir dəftəri.
Ələ qələm alan andan,
Qaçar ucuz şöhrət, şandan,
Əziz olar ona candan,
Bir qələmi, bir dəftəri.
Mənliyini pula satmaz,
Gecələri rahat yatmaz,
Sarıldımı yerə atmaz,
Bir qələmi, bir dəftəri.
Duzlu olar hər söhbəti,
Sonsuz olar məhəbbəti,
İki şeydir var-dövləti,
Bir qələmi, bir dəftəri.
Vətən eşqi qanındadır,
Cismindədir,canındadır,
Bilin daim yanındadır,
Bir qələmi, bir dəftəri.

YAŞAMIŞAM BELƏ MƏN

Bu dünyanı mənə bəxşiş edələr,
Ucuz şöhrət arxasınca getmərəm.
Yüz yalvarıb "oxu" desə çiçəklər,
Bülbül olsam yad bağında ötmərəm.
Sözüm varsa,şəstlə üzə deyərəm,
İradəmlə dəmiri də əyərəm,
Lazım gəlsə "kəfəndən don" geyərəm,
Qorxaqların cərgəsində "bitmərəm".
Öz ömrümü yaşamışam belə mən,
Bir az erkən dən salmışam telə mən.
Vəfasızlıq bir kimsəyə hələ mən,
Etməmişəm, nə də heç vaxt etmərəm.

BƏLKƏ DƏ

Bu dünyada olmasaydı məhəbbət,
Dünya "boşluq"dan uçardı, bəlkə də.
Ayla günəş dəyişərdi yerini,
Ulduzlar zülmət saçardı, bəlkə də.
Əgər könül sevərək bir afəti,
Çəkməsəydi yardan ötrü xiffəti,
Olmasaydı sədaqəti, ülfəti,
Səadət bizdən qaçardı, bəlkə də.
Kin-küdurət, nifrət tüğyan edərdi,
Boylanardın hər yan qəmdi, kədərdi,
Yaxşılıqdan pislik öndə gedərdi,
Qəlbə tək o yol açardı, bəlkə də.

OLDUM MƏN

Ay insafsız bilirsənmi?
Həsrətindən kül oldum mən.
Boşa keçən neçə fəsil,
Neçə ayla il oldum mən.
Sənsiz günüm oldu qara,
Biləmmədim gedəm hara,
Dözəmmədim intizara,
Erkən bəyaz tel oldum mən.
Hicran qəlbi ox tək deşdi,
Baş açmadım bu nə işdi,
Xasiyyətim də dəyişdi,
Yaman acı dil oldum mən.
Sandım göydə günəş söndü,
Ulduzlar da yerə endi,
Göz yaşlarım selə döndü,
Dəclə, Fərat, Nil oldum mən.
Bir vaxt eşqlə hey curuydum,
"Heyratı"ydım, mən "Şur"uydum,
Çeşmələr tək dup-duruydum,
İndi artıq lil oldum mən.

DEYİLƏM


Deyəsən çox çəkdim sənin nazını,
Bil ki, innən belə çəkən deyiləm.
Məhəbbətin odu sönmüş qəlbimdə,
Yenidən "eşq evi" tikən deyiləm.
Bülbül tək bağçamda ötsən də belə,
Məni tərk eləyib getsən də belə,
Gözümdən ömürlük itsən də belə,
Arxanca göz yaşı tökən deyiləm.
Çıxarsan ta mənsiz gülşən seyrinə,
Qəlbi daşa "can" deməyin xeyri nə?
Köksümün altında sevinc yerinə,
Daha ağrı, acı əkən deyiləm.

YAŞADIM


Mən ömrü özümçün yaşamadım ha,
Mənə məxsus idi, səndə yaşadım.
Günəşli günləri aldın əlimdən,
Qalanın dumanda, çəndə yaşadım.
Eşqin sular kimi hər yana axdı,
Gözlər məni qoyub kənara baxdı,
Hicranın qəlbimi yandırıb yaxdı,
Saça vaxtsız düşən dəndə yaşadım.
Səadət ararkən ömür karvanım,
Həsrətə dost oldu yolda sarvanım,
Vəfasız yar oldu sevgi ünvanım,
İndi necə deyim mən də yaşadım?

ÇOXDUR

Bu dünyada görən nədən,
Qanmazların sayı çoxdur.
Qohum-qonşu, dost dərdinə,
Yanmazların sayı çoxdur.
Adını el-obasının,
Atasının,anasının,
Hətta uca Tanrısının,
Anmazların sayı çoxdur.
Nə veribsə aldığını,
Ömrə zəfər çaldığını,
Dünya fani olduğunu,
Sanmazların sayı çoxdur.

BU DÜNYANI SEVMƏK GƏRƏK


Daxildən gələn bir səslə,
Pıçıldayır mənə ürək: -
Tanrımız bəxş edib onu,
Bu dünyanı sevmək gərək.
Nə qədər acın olsa da,
Gözlərin yaşla dolsa da,
Yanağın gül tək solsa da,
Bu dünyanı sevmək gərək.
Dərdin,sərin daşsa belə,
Qəmin başdan aşsa belə,
Sevinc səndən qaçsa belə,
Bu dünyanı sevmək gərək.
Ataların bir sözü var: -
Hər gecənin gündüzü var,
Sərt üzü var, xoş üzü var,
Bu dünyanı sevmək gərək.
Yolumuzdur, izimizdir,
Söhbətimiz, sözümüzdür,
Dünya bizim evimizdir,
Bu dünyanı sevmək gərək.


QULU XALƏDDINOĞLU (1963) DƏYƏRSİZƏ DƏYƏR VERSƏN

Dəyərsizə dəyər versən,
Özun düşərsən dəyərdən.
Ömründə heç görmüsənmi,
Bal çəkə arı zəhərdən?
Arzuların puça çıxar,
Ümidlərin heçə çıxar,
Mənliyin də köçə çıxar,
Gözlərin dolar qəhərdən.
Sayma səni saymayanı,
Alma vecə almayanı,
İnsanlığı olmayanı,
Unut elə bu səhərdən.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: