"ÜMİD" qəzeti, N: 07-08, 15.01.2016 - səh.2. MEDİA » "Ümid" 18 Şubat ƏLİXAN YƏHYAOĞLU: “EL ÜÇÜN AĞLAYAN GÖZDƏN OLMASIN” Ulu babaların qurduğu yurd-yuvalardan, qədim yaşayış məskənlərindən olan, 30-dan artıq böyük nəsilləri birləşdirən Faxralı kəndi öz tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, elm və təhsilinə görə Borçalıda sayılıb seçilən ellərdən biridir. 1924-cü ildə ilk ibtidai məktəb kimi əsası qoyulan elm ocağı, 1927-ci ildə “Fəhlə-Gənclər Məktəbi” (rusca-Şkola Kolxoznıy Molodyoj-ŞKM) adı ilə 8 illik məktəbə çevrildi. Əvvəllər şəxsi evlərdə fəaliyyət göstərən siniflər 1934-cü ildən sonra məcburiyyət qarşısında Türkiyəyə qaçmış (?) insanların evlərində yerləşdirilmişdir.Məktəblilərə peşə öyrətmək üçün yaxşı təchiz olunmuş Faxralı məktəbinə qonşu kəndlərdən və rayonlardan gələn şagirdlərə yataqxana təşkil olunmuşdur. Əsasən kənardan gətirilmiş müəllimlərin sırasında Faxralının orta təhsilli gəncləri də vardır. Bu illərdə Tiflis və Sarvan (indiki Marneuli şəhəri) rayonunda fəaliyyət göstərən pedaqoji texnikumlara Faxralı gənclərinin axını başlandı. 1935-ci ildə Faxralı 8 illik məktəbin bazası üzərində təşkil edilən orta məktəbin Gəncə və Qazaxdan, Tiflis və Sarvandan gələn müəllimlər həm gənclər, həm də yaşlı nəsillər arasında savadsızlığın aradan qaldırılması yolunda öz bilik-bacarıqlarını əsirgəmədilər. Sonrakı illərdə bu müqəddəs peşəyə yiyələnmək işləri Faxralı ziyalıları tərəfindən daha uğurla həyata keçirildi. 1938-ci ildə Faxralı orta məktəbinin ilk buraxılışı oldu. Sonrakı illərin birində bu məktəb rəsmən Arif Əliyev adına 1 saylı məktəb adlandırıldı. 1933-cü ildə Faxralı kəndinin Şahbuzlu adlanan hissəsində açılan ibtidai məktəbin strukturu 1971-ci ildə dəyişdirilərək 8 illik məktəblə və sonra 2006-cı ildə isə bu struktur yenidən dəyişdirilərək orta məktəbə çevrildi və rəsmən 2 saylı ümumtəhsil məktəbi adlandırıldı. Vaxtilə 1 saylı məktəbin şagird kontingetinin sayı 2500-ə, 2 saylı məktəbin isə 250-ə yaxın idi. Hər il məktəbi bitirən şagirdlərin 40-50 nəfəri dünyanın müxtəlif ali təhsil ocaqlarına qəbul olunaraq el-obanın adını ləyaqətlə daşıdılar və şərəflə ucaltdılar. Təssüflər olsun ki, indi maddi çətinliklər ucbatından bir qrub kənd əhalisi müxtəlif ölkə və şəhərlərdə yaşadıqlarına görə kənddə məktəblilərin sayını təxminən 7 dəfə azalıb (?).Vaxtı ilə Faxralı məktəblərini bitirmiş məzunlar müxtəlif ixtisaslar üzrə ali təhsil alan mütəxəssislərin bir çoxu doğma məktəbin fəaliyyətini davam etdirilməsi, gənc nəsillərin savadlanması və yeni kadrların yetişdirilməsi üçün öz bilik-bacarıqlarını əsirgəmirlər. Belə ziyalı, qayğıkeş müəllimlərdən ikisinin-Ələddin Məmmədalı oğlu Qasımovun və Həmid Kərimovun keçdikləri həyat yollarından, əmək fəaliyyətlərindən qısa məlumat vermək istəyirik.Hər iki eloğlu, tay-tuş, dost və həmkar olan Ələddin Qasımov 1938-ci ildə, Həmid Kərimov 1940-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olublar. Uşaqlıq və gənclik illəri birgə keçən dostların arzu-diləkləri də, dünyagörüş və əqidələri də, məqsəd və məramları da eyni olub. Müxtəlif siniflərdə oxusalar da, 1958-ci tədris ilində iki buraxılış sinif:10-11-cilər birlikdə orta məktəbi bitirdilər. Bu gənc məzunlar 1958-cı ildə indiki N.Tusi adına ADPU-nin coğrafiya-biologiya fakültəsinə qəbul olundular. 1959-cu ildə birinci kursu bitirdikdən sonra hər iki dostu indiki Bakı Dövlət Universitetinin eyni fakültəsinə keçirdilər və 1963-cü ildə universiteti bitirdilər. Ələddin Qasımov 1987-ci ildən 1999-cu ilədək Faxralı orta məktəbində direktor vəzifəsində çalışıb. 2001-ci ildə Həmid Kərimov, 2014-cü ildə isə Ələddin Qasımov Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunublar. 2015-ci ilin dekabrında bölgə qubernatoru Paata Xizanaşvili, köməkçisi Nuqzar Salia və Bolnisi İcra başçısı Qoqi Meşveliani Faxralı məktəbinə baş çəkmiş, vətən qarşısındakı xidmətlərinə və uzunmüddətli pedaqoji fəaliyyətlərinə görə Ələddin Qasımova və Həmid Kərimova diplom təqdim etmişlər.Bolnisi rayon İcra başçısı Qoqi Meşveliani müəllimlərə müraciət etmişdir: “Mən fəxr edirəm ki, munisipalitetin nəzdində sizin simanızda layiqli müəllimlər çalışır. Siz bir neçə nəsil yetişdirmişsiniz və ümid edirəm ki, bundan sonra da bilikli və savadlı gənclərin yetişdirilməsində var gücünüzü əsirgəməyəcəksiniz”. Ələddin Qasımıov və Həmid Kərimov artıq 53 illik pedaqoji təcrübələri ilə “bir yandan boşalıb, bir yandan dolan dünyamızda” sədaqətli dostlar, qayğıkeş eloğlular, mədəni və savadlı ziyalılar, bir-birinə “can” deyib “can eşidən” insanlar başqalarına nümunə kimi davranırlar. Onların qəlblərinin dərinliklərində kök atan istək-arzularını gələcəkdə də həyata keçirəcəklərini dedilər: “Tanrı talemizə bəxş etdiyi ömrümüzün sonrakı illərini mənalı yaşamaq naminə, gücümüz və imkanımız çatana qədər pedaqoji fəaliyyətimizi gələcək nəsillərin təlim-tərbiyəsinə, əsl vətəndaş kimi böyümələrinə həsr edəcəyik”. Bölgə qubernatoru Paata Xizanaşvili həmkar dostlara diplom təqdim edərkən demişdir: “Sevindirici haldır ki, pedaqoji fəaliyyətlərini davam etdirən, ahıl yaşlı Ələddin Qasımov və Həmid Kərimov özlərini gümrah hiss edən və əhval-ruhiyyələri yüksəkdir. Kəndin namusu olan belə bir insanların fəaliyyətlərini yenə də davam etdirəcəklərinə çox sevinirəm”. Bəli, ata-babalarımızın bir deyimini desək yerinə düşər: “El üçün ağlayan gözdən olmasın”."ÜMİD" qəzeti, N: 07-08, 15.01.2016. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.