"ÜMİD" qəzeti, N: 05-06, 15.12.2015. POEZİYA MEDİA » "Ümid" 18 Şubat POEZİYAQurban ƏZİZLİQurban Abbasqulu oğlu Rzayev (Əzizli) 1942-ci ildə Marneuli rayonunun Əzizkənd kəndində anadan olub. 1959-cu ildə Əzizkənd 7-illik məktəbini, 1962- ci ildə Alget 1 saylı orta məktəbini, 1967-ci ildə isə indiki N.Tusi adına ADPU-nin filologiya fakültəsini bitirib. Əzizkənd məktəbində dərs hissə müdiri, sonra isə direktor vəzifələrində çalışıb. Dövri mətbuatlarda şeirləri çap olunur. QALSIN (Şair Dünyamalı Kərəmin 95 illik yubileyinə) Bir ömrün sevgisi, qoy sevinc yaşı, Şairin qəlbinə, gözünə qalsın. Kərəm sənətinə vurğunluq payı, Borçalı oğluna, qızına qalsın. Ömrünü bəzədi saysız uğuru, Heç zaman sınmadı şair qüruru. Dizinin taqəti, gözünün nuru, İstərəm iradə, dözümə qalsın. Gül açdı qəlbinin arzu, muradı, Kişiyə yaraşdı “Əməkdar” adı. Ömründən, günündən heç usanmadı, Bu həvəs qəlbinin közünə qalsın. Günlərin birində yayıldı səda, İgidə “Abdallı” olub abidə. Dövranın gözəldir, yaşa, ay Dədə, Alqışlar xalqımın sözünə qalsın. Nələr yaratmadı sevimli ustad, Qoy ona yar olsun mənalı həyat. Halal qazandığı bu şöhrət, bu ad, Ustad şairimizin özünə qalsın. Azdır,Qurban Əziz, indiki yaşın, Doxsan beş bəzəyin, ilmə, naxışın, Ayə, Kərəmoğlu, mənim alxışım, Qoy şair ömrünün yüzünə qalsın. …yüzünə qalsın. Ənvər TARİQ Ənvər Dursun oğlu Kərimov 1934-cü ildə keçmiş Borçalı rayonunun Sarvan kəndində anadan olub. 1951- ci ildə 1 saylı Sarvan məktəbini, 1955-ci ildə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib. İki il Naxçıvanda işlədikdən sonra, 1957-ci ildən 1997-ci ilədək Marneuli şəhərinin 3 saylı məktəbində riyaziyyat müəllimi işləyib. “Maarif əlaçısı” və “Əmək veteran”dır. Şeirləri mətbuatda dərc olunur. Onun 4 oğul və 3 qızından16 nəvəsi və 17 nəticəsi var. QƏZƏL Qamətin sərv kimi, zülflərin lam kimidir, Yanıram pərvanətək, surətin bir şam kimidir. Pərişan tellərini oxşamağa şanə gərək, Şanənin bağrı yarıq, qəlbi firavan kimidir. Öpərəm gözlərini, inciməsən, huri- mələk, İnciməzsən, duyuram, surətin əlvan kimidir. Təbibim, sanma məni xəstə olan saqi kimi, Saqinin badələri dərdimə dərman kimidir. Məni, sən sakit ikən, mehman eylə mənzilinə, Bilirəm, mənziliniz isti qucaq, can kimidir. De nədən duymayırsan dərdlərimi, ey vəfalım, Tariqəm, mən görürəm, ləblərin al-qan kimidir. NAZLANA-NAZLANA Ala gözlüm, şux bədənlim, Gəlir, nazlana-nazlana. Dodaqaltı, həzin-həzin, Gülür, nazlana-nazlana. Boylandıqca sola-sağa, Görən istər bir də baxa. Gül-çiçəyi yığa-yığa, Sərir nazlana-nazlana. Tutdum zərif əllərindən, Dürr tökülür dillərindən. Bağça-bağın güllərindən, Dərir, nazlana-nazlana. Ay camallım mənə baxdı, Könlümü odlara yaxdı. Axşam çağı, görüş vaxtı, Dönür, nazlana-nazlana. Ənvər sevib bir cananı, Belə gözəl deyin hanı? Asta sorub ad-sanını, Dinir, nazlana-nazlana. İSTƏRƏM Eşqin bəlasından düşdüm kəməndə, Dərdin əlacına dərman istərəm. Uzun gecələri yola salmağa, Könüllər oxşayan mehman istərəm. Kədərlənsəm, qəhər boğar, neyləyim, Loğman gələ, dərdim ona söyləyim. Yara mehman gedəm, sözün dinləyəm, Ağlamayan çeşmi giryan istərəm. Ala gözlər xumarlanıb baxanda, Şimşək kimi xəyalımda çaxanda. Nazı, qəmzələri məni sıxanda, Taledən ömrümə fərman istərəm. Uç, ey könlüm quşu, dolan hər yanı, Yara söylə, qoy yetirsin dərmanı. İstəsə qurbandır, verrəm canımı, Yaralı könlümə loğman istərəm. Tariqəm, deyirəm ürək sözümü, Qınamaq istədim özüm özümü. Görməyə can atdım yarın üzünü, Görmədim, görməyə imkan istərəm. BƏXTİYAR MÖVLƏLİ Bolnisi rayonunun Bala Muğanlı kəndində anadan olub. 1965-ci ildə Marneuli internat məktəbini, 1974-cü ildə isə M.F.Axundov adına AXDİ-nun Rus dili və ədəbiyyatı fakültəsini bitirib. 1968-ci ildən hal-hazıradək müəllim, 1974-cü ildən 2010- cu ilədək isə dərs hissə müdiri vəzifəsində çalışıb. “Hər duyğu bir şeirdir” (2003) və “Ürəkdən gələn nəğmələr” (2014) şeirlər kitabı işıq üzü görüb. ÜRƏYİM Şad olubsan sevinmişəm, gülmüşəm, Mən səni özümə bir dost bilmişəm. Qəm-kədəri sifətimdən silmişəm, Dərd düşdü qəlbimə nədən, ürəyim? Gəncliyimdə yük düşübdü üstümə, Alışmışam, isinmişəm istinə. Kor olmuşam burum-burum tüstünə, Qoru məni üşütmədən, ürəyim. Bir hikimət var söylədiyim sözümdə, Qoyma mənim arzum qalsın gözümdə. Bir tufandır gecəm də, gündüzüm də, Saxla məni bu döyüşdən, ürəyim. Ağ saçlarım nələr çəkir başımda, Öz dərdi var çöldə o boz daşın da, Bəxtiyaram, mənim ahıl yaşımda, Saxla məni didişmədən, ürəyim. DÜNYA Səninlə həmişə savaşmışam mən, Qəlbimdə fikrimlə dolaşmışam mən. Dağlar zirvəsində dolaşmışam mən, Əllərim yetməyir ətəyə, dünya. Gəncliyimdə çox qanunlar pozmuşam, Yuxuları gələcəyə yozmuşam. Haqq-ədalət, həqiqəti yazmışam, Bal çəkdim arıtək pətəyə, dünya. Mövləli, yaşın keçib, qocalmısan, Sözlərinlə nakəslərdən bac almısan. Murodağın zirvəsinə ucalmısan, Dağlar bənzəməsin təpəyə, dünya. Bilal Xıdırov 1941-ci ildə Bolnisi rayonunun Babakişilər (Musopriani) kəndində anadan olub. 1952-ci ildə Babakişilər ibtidai məktəbini, 1957-ci ildə Aşağı Güləver 8 illik məktəbini, 1959-cu ildə Ayorta orta məktəbini bitirib. Bakı dənizçilik məktəbində oxuyub, geoloji-kəşfiyyat idarəsində fəhlə, avtomobil çilingəri işləyib. İki oğlu, bir qızı və yeddi nəvəsi var. QAYIT GƏL (İranda müalicə olunan şair eloğlum, mərhum Araz Rəsuloğluna ) Şair dostum,yüngül olsun yastığın, Öz elinə, öz obana qayıt ngəl. Çoxdur sənin yollarını gözləyən, Hara getsən, dön bu yana, qayıt gəl. Hər bir quşa çox əzizdi yuvası, Can incidər qərib ölkə davası. Öz elinin, öz yurdunun havası, Məlhəm olar şirin cana, qayıt gəl. Hələ güc var qatlanmayan biləkdə, Neçə-neçə arzular var ürəkdə. Yaxın vaxtda nəvə görsən bələkdə, Gələcəksən din-imana, qayıt gəl. Yaxın gündə toy məclisi qurulsun, Qoy sevənlər bir də dönüb vurulsun. Bir az vuraq, keflərimiz durulsun, Könül açan ərmağana, qayıt gəl. Uzaq olsun canımızdan dərd-bəla, Şadlıq edək, yallı gedək qol-qola. Çaxır bizi gətirməsə bir hala, Araq çəksin imtahana, qayıt gəl. CAVANLIQ Vaxtında bilmədim qədrini sənin, Quş olub əlimdən çıxdı cavanlıq. Hərdən şərik çıxıb hər sevincimə, Hərdən də qəlbimi sıxdı cavanlıq. Qorudu ömrümü hər gələn ildən, Vaxtımı anlatdı ağarmış teldən. Baxıb qocalığın pəncərəsindən, Gözümə eynəyi taxdı cavanlıq. Saçlarım ağappaq tellərə döndü, Kədərim kükrəyən sellərə döndü. Dolandı fəsillər, illərə döndü, Zirvədən aşağı baxdı cavanlıq. Yaşa Həbib oğlu Bayramov 1997-ci ildə Bolnisi rayonunun Kolayır kəndində anadan olub. 2015-ci ildə Kolayır ümumi məktəbini bitirib. Yaşa şeirlər yazmaqla yanaşı, həm də saz ifaçısıdır. O, hazırda Gürcüstan Silahlı Qüvvələri sırasənda vətən borcunu yerinə yetirir. Toyuna gələcəm Gələcəm toyuna sadə biritək, Kənardan əyləşib, süzəcəm səni. Süzgün baxışımla, xoşbəxt halımla Gəlinlik donunda, üzəcəm səni. Dostların sağlığı qeyd olunanda, Köhnə bir dost kimi çıxış edəcəm. Ürək sözlərimi gətirib dilə, Şəninə bir neçə şeir deyəcəm. Hamı düşünəcək: “görən kimdi bu” ? Bəlkə də rəfiqən tanıyar məni. Bilmirəm, dostlarım nə söyləyəcək? Bəlkə də hamısı qınayar məni. Nəhayət, son dəfə baxıb üzünə, Gözümlə əlvidə söyləyəcəyəm. Sənin gözlərindən yaş axa-axa, Mən durub məclisi tərk edəcəyəm. İlahi göndərən paydır Zəlimxan Hər sözü, söhbəti incidir, zərdir, İlahi göndərən paydır Zəlimxan. Tanrı kəlməsiylə dolub sinəsi, Coşqun şəlalədir, çaydır Zəlimxan, İlahi göndərən paydır Zəlimxan. Sahilsiz dəryadır, dərin dənizdir, Ana təbiətlə sanki əkizdir. Turan ellərinə doğma, əzizdir, Yunisə, Vurğuna taydır Zəlimxan, İlahi göndərən paydır Zəlimxan. Ay Yaşa, qeyrətli oğulu gördüm, Göylərnən danışan ağılı gördüm.. Qorqud düşüncəli ahılı gördüm, Sənətdə günəşdir, aydır Zəlimxan, İlahi göndərən paydır Zəlimxan. TƏBRİK EDİRİK!Bolnisi rayonu, Kolayır kənd sakini Mirzə Mirzəyevi doğum günü münasibəti ilə nənələri Zəhra və Minavar xanım, dayıları Gülümxan müəllim və Qurban, bibiləri Telnaz, Qönçə, Gülcahan, Sevda və Səbinə, yeznələri Erniz, Şamil və Roman təbrik edir və ona cansağlığı, uzun ömür, xoş gələcək, vətənə və xalqa başucalığl gətirən ləyaqətli bir insan olmasını arzulayırlar. TƏŞƏKKÜR “Dostluq Məşəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Gürcüstan nümayəndəliyinin rəhbəri Fərzalı Dövlət oğlu Həsənov (Kolayır kənd sakini) Bolnisi Mədəniyyət Mərkəzi ilə müntəzəm əlaqə saxladığına və hər zaman dəstəklədiyinə görə Mərkəzin əməkdaşları adından təşəkkür edir və ona minnətdarlığımızı bildiririk. BMM-nin İdarə heyəti . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.