Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər MEDİA » "Zirvə" 28 Aralık Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi-tədqiqat müəssisəsinin Elmi şurasının növbəti iclası keçirilib.İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq humanitar və ictimai elmlər üzrə 2015-ci ilin əhəmiyyətli hadisələri barədə geniş və ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə AMEA-nın 70 illik yubileyi münasibətilə akademiya işçilərinin, o cümlədən rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin əməkdaşlarının dövlət mükafatları ilə təltif edilməsini ölkə rəhbərliyinin elmə və elm adamlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb. Ölkə Prezidentinin AMEA-nın yubileyində iştirakını və dərin məzmunlu çıxışını elmi sferada gələcək tədqiqatların aparılması sahəsində yeni istiqamətlərin meydana qoyduğunu xatırladan akademik İsa Həbibbəyli kollektiv adından ölkə başçısına dərin minnətdarlığını ifadə edib. Akademik İ Həbibbəyli cari ildə institutda aparılan elmi-tədqiqat işlərinin mühüm istiqamətləri, ədəbi araşdırmaların müasir müstqəllik dövrünün tələblərinə uyğunlaşdırılması və növbəti dövr üçün proqram xarakterli gələcək fəaliyyət istiqamətləri barədə ətraflı söhbət açıb. Son illərdə Ədəbiyyat İnstitutunda aparılan elmi-tədqiqat işlərinin geniş əhatə dairəsinə malik olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli 7 cildlik Azərbaycan ədəbiyyatı tarixinin 5-ci cildinin və 10 cildlik ədəbiyyat tarixi çoxcildliyinin 1-ci cildinin üzərində son redaktə işlərinin aparıldığını bildirib. İnstitut rəhbəri çoxcildliklərin müvafiq olaraq 6-cı və 7-ci cildləri, həmçinin 2-ci və 3-cü cildləri üzərində də işlərin nəzərdə tutulan səviyyədə görüldüyünü qeyd edərək, ədəbiyyat tarixi külliyyatını institutun şərəfli tarixi vəzifəsi kimi səciyyələndirib.Sonra Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov institutun cari ildə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Elmi-tədqiqat müəssisəsinin 2015-ci ildəki elmi, elmi-təşkilati fəaliyyəti barədə ətraflı məlumat verilən, institutun gündəlik qaynar həyatını əks etdirən soxsaylı slaydlarla müşayiət olunan geniş məruzədən sonra çıxışlar dinlənilib.Filologiya elmləri doktorları Şirindil Alışanlı, Məhərrəm Qasımlı, Mahirə Quliyeva, Tahirə Məmməd, Qəzənfər Paşayev və başqaları məruzə ətrafında çıxış ediblər. Son ildə Ədəbiyyat İnstitutunda iş şəraitinin yaxşılaşdığını, elmi əməkdaşların müasir informasiya texnologiyaları ilə yüksək təminatını xüsusi vurğulayan alimlər öz çıxışlarında akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”, Rusiyada çıxan “Literaturnaya qazata” ilə birgə layihə üzrə Xüsusi buraxılışları, ilin ən mühüm hadisəsinə çevrilib. Bundan başqa, institut əməkdaşları tərəfindən 40-dan artıq kitab və monoqrafiyanın nəşr olunmasını, yerli və xarici nəşrlərdə çap edilən 800-dən çox elmi məqaləni, ədəbiyyatşünas alimlərin xarici ölkələrdə 70-dən yuxarı beynəlxalq tədbirlərdə çıxışları və iştirakını, “İlin alimi”, “İlin gənc alimi” nominasiyaları üzrə təsis edilən mükafatları ilin ən əhəmiyyətli və yaddaqalan hadisələri kimi səciyyələndiriblər. Çıxışlarda elmi əməkdaşlara göstərilən diqqət və qayğıya görə Akademiya rəhbərliyinə, o cümlədən institutun direktoru, akademik İsa Həbibbəyliyə minnətdarlıq hissi ifadə olunub.AMEA Humanitar Elmlər Bölməsinin üzvü, müxbir üzv Təhsin Mütəllimov çıxış edərək Nizami adına Ədəbiyyat İnstitutunun son illərdə, o cümlədən bu il qazandığı nailiyyətləri yüksək qiymətləndirib, aparılan elmi-tədqiqat işlərinin perspektivliliyini xüsusi vurğulayıb. Müxbir üzv Təhsin Mütəllimov əvvəlki illərlə müqayisədə institutun bütün istiqamətlər üzrə inkişaf etdirildiyini, yüksək dərəcədə nəzərə çarpan artım tempinə görə ədəbiyyatşünas alim kimi fərəh hissi keçirdiyini dilə gətirərək Əədbiyyat İnstitutunun universitetlərin filologiya fakültələri ilə əlqalərinin genişləndirilməsini, belə olduqda ədəbiyyat dərsliklərinin birgə yazılmasının əhəmiyyətini təklif kimi səsləndirib.Sonda akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək hesabat məruzəsinin bəzi detalları ilə bağlı ətraflı danışıb, mövcud problemlər barədə təkliflərini bildirərək növbəti ildə qarşıda duran vəzifələr üzrə müvafiq tövsiyə və tapşırıqlarını bildirib.Elmi şuranın iclasında gündəlikdə duran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.