İMZASINDAN TANINAN ŞAİR Müşfiq Borçalı, Ramiz Abdullayev 13 Haziran 556 İMZASINDAN TANINAN ŞAİRRamiz Abdullayev haqqında yazılanlar“Borçalı”Bakı-2014Tərtib edib nəşrə hazırlayanı, Redaktoru və Ön sözün müəllifi:Müşfiq BORÇALI.Rəyçi:Mədəd ÇOBANOV,Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor B M-048652 - 12 -13, 2014, Qrifli nəşr. 700122 © “Borçalı” NPM, 2014.© Ramiz Abdullayev, 2014.İMZASINDAN TANINAN SƏNƏTKAR - NƏĞMƏKAR ŞAİR-DRAMATURQ(Ön söz əvəzi)Poeziya Tanrı vergisidir! - deyirlər. Bəli, bu, doğrudan da belədir! Adam var bu vergi ona üç yaşında verilir, Adam var, on üç yaşında, Adam da var ki… Adam da var ki, elə dünyaya gələndə şair doğulur!..Şair var, bir sətirindən, bir bəndindən bəllidir. Adam var ki, qalın-qalın kitablar nəşr olunsa da şair kimi tanınmır.Şair var, bir bəndini əzbərləmək üçün bir həftə vaxt sərf olunur. Şair də var ki, şeirləri qısa bir vaxtda nəğmələrə çevrilir, dillər əzbəri olur. Şair var, imzasını tanıdır, şair var imzasından tanınır.İmzasından tanınan şairlərdən biri də Ramiz Abdullayevdir. Onun imzası bu gün Azərbaycanda oxuculara, xüsusilə də poeziya həvəskarlarına və nəğməsevərlərə artıq yaxşı tanışdır. Onun imzasını görən oxucu elə o dəqiqə böyük bir həvəslə həmin əsəri oxumağa can atır və bir su içimə oxuyub başa vurur… Və fikirləşir: «Görəsən, çoxdandır ki tanıdığı bu imzanın müəllifi kimdir?».Əziz oxucular! Buyurun, imzasını tanıdığınız sənətkarın şərəfli və mənalı ömür yolunun səhifələri ilə Sizlər də tanış olun: Ramiz Həbibulla oğlu Abdullayev 1953-cü il iyunun 23-də Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. 1960-1970-ci illərdə həmin qəsəbədəki 128 saylı orta məktəbdə oxuyub. 1970-ci ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olub. 1972-1974-cü illərdə hərbi xidmət borcunu şərəflə yerinə yetirib. 1975-ci ildə texnikumu bitirərək təyinatla Bakı-yük stansiyasına göndərilib və orada post növbətçisi, stansiya növbətçisi, manevra dispetçeri vəzifələrində çalışıb. 1978-ci ildə Dəmir Yolu İdarəsində neft doldurma şöbəsində dispetçer, 1979-1994-cü illərdə Bakı-Biləcəri sahəsində qovşaq dispetçeri, 1994-cü ildə Dəmir Yolu İdarəsində neft doldurma şöbəsində rəis müavini işləyib. 1995-1999-cu illərdə “Təfəkkür” Universitetində “Dəmir yolunun istismarı” ixtisası üzrə ali təhsil alıb. 1996-cı ildən indiyə qədər “Daşıma Prosesləri İdarəetmə” Birliyiridə rəis müavini vəzifəsində çalışır. Kollektiv arasında böyük hörmətə və nüfuza malikdir. “Fəxri dəmiryolçu” şərəflə daşıyır.Ən əsası, Ramiz Abdullayevi tanıyanlar yaxşı bilirlər ki, o həm də bədii yaradıcılıqla da məşğul olur, gözəl qələm sahibidir, istedadlı söz ustasıdır, nəğməkar şairdir, bacarıqlı poeziya yaradıcısıdır, əsərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan dramaturqdur. Ramiz Abdullayevin ilk şeirləri respublikanın müxtəlif mətbuat orqanlarında - «Azərbaycan gəncləri», «Azərbaycan dəmiryolçusu», «Təhsil», «Şərqin səsi», «Ziya», «Elm və Təhsil», «Azad Azərbaycan», «Vişka», «Kirpi» və s. qəzet və jurnallarda, «Addımlar» (1995, 1996) poeziya toplularında çap olunub, sonralar bir neçə kitabı nəşr olunub, əsərləri radio və televiziya verilişlərində səslənib. İki yüzdən çox şeirinə nəğmə bəstələnib əsərləri tamaşaya qoyulub. Şeirləri və mahnıları toplanmış 22 audio və 7 video kasset dinləyicilərinin ixtiyarına verilib. Daha dəqiq desək, tanınmış bəstəkarlardan 25 nəfəri şairin 250-dən artıq şeirinə musiqi bəstələmiş və 80-dən artıq müğənninin ifasında həmin mahnılar xalqımıza təqdim olunmuşdur. Haqqında neçə-neçə məqalələr yazılmış, filmlər çəkilmişdir. Hələ 2003-cü ildə Ramiz Abdullayevin 50 illik yubileyi ərəfəsində Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov “Nəğməkar şair - Ramiz Abdullayev - 50” adlı ayrıca kitab yazmış və nəfis şəkildə nəşr etdirərək oxucuların ixtiyarına vermişdir.Ramiz Abdullayevin «Necə unudum səni» adlı ilk şeirlər kitabı 1996-cı ildə «Qızıl qələm» mükafatı laureatı, şair Oktay Rzanın «Təbiilik də var, səmimilik də…» sərlövhəli ön sözü ilə oxucuların ixtiyarına verilib.Şairin «Sevgi duyğuları» adlı ikinci kitabı 1997-ci ildə tanınmış alim-şair, professor Vafiq Nəsirin «Uğurlar arzusu ilə» sərlövhəli ön sözü ilə işıq üzü görüb. Mövzulara uyğun surətdə dörd bölmədə cəmləşdirilmiş həmin kitabın «Vətəni düşməndən azad edək biz!..» sərlövhəli birinci bölməsində Ana Vətənimiz, müqəddəs Odlar yurdu Azərbaycanla, o taylı-bu taylı el-obalarımızla, yağı düşmən tapdağı altında qalıb bizi haraylayan min bir bərəkətli torpaqlarımızla bağlı qələmə aldığı şeirlər toplanmışdır. «Saf məhəbbət üsdə düşməz kölgələr…» sərlövhəli ikinci bölmədə müəllifin saf sevgi və məhəbbət ruhlu lirik şeirləri verilmişdi. Üçüncü bölmədə şairin sözlərinə bəstəkar Nadir Məmmədovun bəstələdiyi mahnıların mətnləri, dördüncü bölmədə isə müəllifin «Qəzəllər»i toplanmışdır.2000-ci ildə nəfis şəkildə və Azərbaycanın Xalq şairi Məmməd Arazın «Ön söz»ü ilə açılan «Sevgi dolu gecələr» (101 nəğmə) adlı üçüncü kitabı Ramiz Abdullayevə daha böyük uğurlar gətirdi. 2001-ci ildə istedadlı qələm sahibi Ramiz Abdullayev dördüncü kitabı ilə yenidən oxucuların görüşünə gəldi. Özü də bu dəfə tam başqa üslubda, tam başqa bir əsərlə!.. Onun növbəti kitabı - «Olacağa çarə yoxdur!» adlı iki hissəli musiqili kamediyası da böyük maraqla qarşılandı. C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram teatrının aktyorları tərəfindən Azərbaycan Milli Akademik Dram Teatrının və Ş.Qurbanov adına Musiqili Komediya Teatrının səhnələrində tamaşaya qoyuldu. Tamaşa bütövlükdə AzTV-1-də və digər TV kanallarında göstərildi. Tammaşaçıların qəlbinə yol tapdı. Bir qədər sonra isə AzTV-1-də eyniadlı film çəkildi və tamaşaçılara təqdim olundu.Daha sonralar isə Ramiz Abdullayevin “Biznesmen” (2004) və “Pasport” (2008) adlı daha iki musiqili komediya əsəri oxucuların ixtiyarına verildi. 2007-ci ildə dramaturq Ramiz Abdullayevin “Biznesmen” adlı iki hissəli musiqili komediyası C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyorları tərəfindən Ş.Qurbanov adına Musiqili Komediya Teatrının səhnəsində oynanıldı, tamaşa “Space” TV tərəfındən çəkildi və bütövlüklə telekanalda göstərildi. 2008-ci il iyun ayında isə Ramiz Abdullayevin “Pasport” adlı iki hissəli musiqili komediyası Dövlət Gənclər Teatrının aktyorları tərəfindən Ş.Qurbanov adına Musiqili Komediya Teatrının səhnəsində oynanıldı, “Space” TV tərəfındən çəkildi və bütövlüklə telekanalda göstərildi.Onu da qeyd edək ki, 2002-ci ildə yenə bizim naşirliyimiz və “İmzasından tanınan sənətkar” sərlövhəli “Ön söz”ümüzlə şair Ramiz Abdullayevin “Vətən torpağı” adlı daha bir şeirlər kitabı “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. Bir qədər sonra həmin kitab tanınmış şair-tərcüməçi Givi Paçxataşvili tərəfindən bütövlüklə və eyni zamanda böyük ustalıqla rus dilinə çevrilmiş və nəfis şəkildə nəşr olunaraq oxuculara təqdim olunmuşdur.Daha sonralar isə Ramiz Abdullayevin “Bahar yağışı” (2006), “Sevgi çiçəyi” (2008), “101 kəlam” (2010), “Seçilmiş şeirlər” (2013) kitabıları işıqüzü görmüşdür.Böyük sevinc və fərəf hissi ilə onu da vurğulayaq ki, Ramiz Abdullayev qısa bir vaxtda «Abdulla Şaiq», «Vətən», «Qızıl Qələm», «Qızıl açar» və “Qızıl Buta” mükafatları ilə təltif olunmuş, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilmiş… Dədə Qorqud” adına “Vətən Övladı” qızıl medalına layiq görülmüşdür... Bu uğurlar həmışə məni də sevindirmişdir. Çünki Ramiz Abdullayevin əsərlərinin demək olar ki, əksəriyyətinin işıqüzü görmasində mənim də əməyim var və onun bir-birindən maraqlı və oxunaqlı olan çoxsaylı kitablarını məhz mən redaktə etmiş və nəşrə hazırlamışam.Budur, istedadlı nəğməkar şair-dramatuq qardaşımız Ramiz Abdullayev haqında daha bir kitabı oxucuların ixtiyarına veririk. Bu kitabda müxtəlif vaxtlarda onun haqqında yazılmış məqalələr toplanmışdır. Əminəm ki, bu kitab da Ramiz Abdullayevin öz kitabları kimi oxucular tərəfindən böyük maraqla qarşılanacaq. Elə buna görə də, əvvəlcədən Ramiz Abdullayevi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Müşfiq BORÇALI. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.