“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, Unutsaq, unudularıq!.. 30 Temmuz Aprel döyüşlərində qəhrəmancasına şəhid olan pilotlarımızdan biri də Təbriz Musazadədir. Biz də şəhidin ailəsi ilə görüşmək üçün onun ata evinə yollandıq. Evdə heç kimsənin olmadığını görüb şəhidimizin atası ilə telefon əlaqəsi saxladıq. Məlum oldu ki, şəhid atası darıxdığı üçün Təbrizin məzarını ziyarət etməyə gedib. Bir az gözlədik və evə gələndən sonra şəhidimizin atası Taryel müəllimlə görüşdük:“Həftədə üç – dörd dəfə məzarını ziyarətə gedirəm...”“Siz zəng vuranda Təbrizi ziyarət etməyə getmişdim. Qala bilmirəm. Hər həftə üç – dörd dəfə məzarını ziyarətə gedirəm. Təbriz mənim gözümün ağı – qarası bir oğlum idi, o da şəhid oldu. Təbriz 1981 – ci ildə anadan olub. Elə yaşadığımız NZS qəsəbəsindəki 165 saylı orta məktəbi bitirdi. Doğrusu, onun hərbçi olmağını istəmirdik, amma özü israr etdi ki, yox, mən hərbçi olacam. Təbriz bununla da Cəmşid Naxçıvanskı adına hərbi məktəbə qəbul olundu. Oranı bitirdikdən sonra isə Hərbi akademiyada təhsilini davam etdirdi. “O, məni iki dəfə ölümdən qurtarıb...”Sonra seçim olanda Hərbi Hava qüvvələrinin zabiti kimi pilot olaraq xidmətə başladı. İlk olaraq "Nasosnı" deyilən yerdə işlədi. Sonra oradan Kürdəmirə yollandı və bir neçə il də orda işlədi. 2005 – ci ildə ailə qurandan sonra isə Qala qəsəbəsinə qayıtdı. İki övladı var. Bizimlə yaşayırdı Təbriz. O, məni iki dəfə ölümdən qurtarıb. Mən özüm iki dəfə ağır əməliyyat keçirmişəm. İndi Təbrizsiz çox çətindi. Əməliyyat olunduğum üçün həkimlər mənə siqareti qadağan etmişdilər. Amma indi Təbrizdən sonra fikirdən siqaret çəkirəm. Təbrizdən sonra heç ölmək mənim üçün elə də əhəmiyyət kəsb eləmir. “Dedi ki: “Toydayam, narahat olmayın, gələcəm...”Təbriz Aprelin 1 – də anasıyla danışdı. Dedi ki: “Toydayam, narahat olmayın, gələcəm”. Biz də inandıq. Aprelin 2 – də bizə xəbər verdilər ki, Təbriz şəhid olub. Biz qohumlardan evə gəlincə gəlib küçədə gördüm ki, adam əlindən küçədə yer yoxdu. Təbrizin cənazəsini aprelin 10 – da gətirdilər. 11 – i isə dəfn edildi. Təbrizdən sonra anası da xəstəliyə düşdü. İndi qohumların evində xəstə yatır. Təbrizgil ailədə iki övladı idilər: ilk övladım Təbriz, sonra isə bacısı idi. Təbriz uşaqlıqdan çox aktiv uşaq idi, övladım olduğu üçün demirəm. İdmana gedirdi. Futbolla məşğul olurdu. Təbriz uşaqla uşaq, böyüklə böyük kimi idi. İndi təklif olunub ki, Təbrizin adını bitirdiyi 165 saylı məktəbə versinlər. Mən də bir şəhid atası kimi istəyim odur ki, Təbrizin adı yaşasın”.Taryel müəllim Təbrizin yatdığı otağı onun xatirələri ilə bəzəyib. Paltarlarını, ayaqqabılarını, şəkillərini həmin otaqda saxlayır. Biz də şəhid atasının dəvəti ilə həmin otağa daxil oldub şəhid pilotumuzun həyat yolu ilə tanış olduq. Sonda şəhidimizin atasına bir daha başsağlığı verib oradan ayrıldıq. Allah şəhidlərimizə rəhmət eləsin.Vasif Əlihüseyn. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.