ADNSU rektoru Çinin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb

ADNSU rektoru Çinin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Çinin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb.

ADNSU-nun Mətbuat Xidmətindən Zim.Az-a bildiriblər ki, Rektor Mustafa Babanlı ADNSU ilə Çinin Neft Universiteti arasındakı əlaqələri yüksək dəyərləndirərək iki ali məktəb arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Hazırda ADNSU-da 95-i bakalavr, 15-i isə hazırlıq pilləsində olmaqla ümumilikdə 110 çinli tələbənin təhsil aldığını qeyd edən proferssor M.Babanlı onların hazırlıq səviyyəsinin arzuolunan səviyyədə olmadığını söyləyib. Çinli tələbələrin həm dil, həm də ixtisas üzrə biliklərinin aşağı səviyyədə olduğunu vurğulayan rektor, onların ADNSU-da təhsil alaraq sadəcə diplom deyil, bilik qazanmalarını istədiyini bildirib. M.Babanlı növbəti təhsil ilindən etibarən hazırlıqsız tələbənin ADNSU-ya qəbul edilməyəcəyini xüsusi vurğulayıb. 10-20 tələbə, amma hazırlıqlı, bilik qazanmaq istəyən tələbənin ADNSU-ya qəbulunun daha məqsədəuyğun olduğunu qeyd edən rektor bildirib ki, çinli tələbələr universitetdə fəaliyyət göstərən hazırlıq pilləsində təhsil ala bilər. Burada çinli gənclərə dil bilikləri ilə yanaşı kimya, fizika, riyaziyyat fənləri keçiləcək və daha sonra onlara biliklərinin müqabilində birinci kursdan başlayaraq ADNSU-da təhsil almaq imkanı yaradılacaq. “ÇXR bizim üçün çox mühüm ölkədir. Biz dostlarımız üçün yaxşı mütəxəssislər hazırlamalıyıq”, - deyə rektor Mustafa Babanlı vurğulayıb və ADNSU-nun bu istiqamətdə Çinin Neft Universiteti ilə birgə işləməyə hazır olduğunu sözlərinə əlavə edib.

Çinin Neft Universitetinin nümayəndə heyətinin rəhbəri Çjan Dun Ye ADNSU ilə əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd edərək Azərbaycana təhsil üçün 3 aylıq rus dili kursu keçmiş və hazırlıqlı tələbələrin göndərildiyini bildirib. Onun sözlərinə görə, Çində ali məktəb seçimini tələbə tək etmir, o, bu barədə qərarı valideynləri ilə birlikdə verir. Çinin Neft Universitetinin nümayəndəsi rektorla görüşdən sonra çinli tələbələrlə görüşəcəyini və onların qeyri-qənaətbəxş səviyyədə oxumaları ilə bağlı məsələni müzakirə edəcəklərini bildirib. Qonaq Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin 1934-cü ildə, ADNSU-nun isə 1920-ci ildə yaradıldığını qeyd edib. O, ADNSU-nu çox yüksək qiymətləndirdiklərini, bir çox Çin vətəndaşının bu universitetdə təhsil aldığını söyləyib. Çinin Neft Universitetinə tezliklə yeni rektorun rəhbərlik edəcəyini qeyd edən qonaq ADNSU rektoru M.Babanlını təmsil etdiyi ali məktəbə dəvət edib.

Rektor M.Babanlı ADNSU-nun neft və qaz, geologiya, geofizika sahəsində təhsil verən ilk ali məktəb olduğunu qonaqların diqqətinə çatdıraraq tarixi olan belə bir universitetin özünün adı və sanbalını qorumalı olduğunu vurğulayıb. O, qonaqlardan çinli tələbələrlə görüş zamanı onları bəlkə nəyinsə qane etmədiyini soruşmağı xahiş edib və əgər belə hallar olarsa, universitetin həmin problemi aradan qaldırmağa hazır olduğunu bildirib. M.Babanlı çinli tələbələr üçün proqramda dəyişiklik etməyə belə, hazır olduğunu qeyd edərək tələbələrdə də oxumaq istəyinin olmasının vacibliyini vurğulayıb. Rektor ADNSU-da çinli tələbə kontingentinin sayının artmasını arzuladığını, lakin bunun keyfiyyətin aşağı düşməsi hesabına baş verməli olmadığını bildirib. Çinin Neft Universitetinin nümayəndə heyətinə Çinə dəvətə görə təşəkkürünü bidirən professor M.Babanlı Çinin Neft Universiteti ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün müxtəlif müstəvilərdə, o cümlədən elmi layihələr üzərində birgə fəaliyyətin səmərəli olacağını vurğulayb.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: