Şərəfli həyat yolu - Qələmşah İdrisov ADPU, "XXI əsrin Ziyalıları" 19 Ağustos Xalqımızın belə bir fəlsəfi deyimi var: “Niyyətin hara? mənzilin də ora”. İnsan öz xəyallarında nəyə üstünlük verirsə, həmin arzulara çatmağın da yollarını müəyyən edir, və onlara çatmaq uğrunda fədakarlıqla mübarizə aparır. Vətəninə, xalqına layiqli vətəndaş olmaq hər bir insanın özündən, aldığı ailə tərbiyəsindən asılıdır. Torpağın müqəddəsliyi isə ilk növbədə başqalarına nümunə olmaqda onun əvəzolunmaz gözəlliyi bu torpağın verdiyi barında, bərəkətindədir. Saf təbiətin bəhrəyə gətirdiyi insanlar və ondan qidalananlar qüvvətli, namuslu, istedadlı, və həyatda müdrik olurlar. Respublikamızın şimal bölgəsinin ziyalı müəllimlərindən söhbət açarkən təhsil sahəsində özünün elmi, metodiki, pedaqoji bilik səviyyəsi ilə fərqlənən əzmkar, öz üzərində müntəzəm çalışan, tədqiqatçı alim, şair, rəssam kimi böyük hörmətə malik olan Qələmşah Seyidəhməd oğlu İdrisovdur. Qələmşah İdrisov - 18 iyun 1964-cü ildə doğma yurdumuzun füsünkar guşələrindən biri olan –Xaçmaz rayonunun Qıraqlı kəndində dünyaya göz açıb. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra, 1982-ci ildə sənədlərini ADPU-nun “Bədii qrafika” fakültəsinə verir və həmin fakültəyə qəbul olunur. Q.İdrisov 1983-1985-ci illərdə Rusiya Federasiyasının Xabarovsk vilayətində hərbi xidmətdə olarkən Baykal-Amur Maqistralının tikintisində tərtibçi rəssam kimi işləmiş və uğurlu yaradıcı fəaliyyətinə görə RSFSR Ali Soveti tərəfindən medalla təltif edilmişdir. Qələmşah İdrisov 1988-ci ildə Sank-Peterburq Rəssamlıq Akademiyasında və Dövlət Ermitajda təsviri sənət nəzəriyyəsi üzrə kurslardan keçmişdir. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirən Qələmşah İdrisov əmək fəaliyyətinə təhsil aldığı doğma Qıraqlı kənd tam orta məktəbində başlayıb. Bu dövrdə Dövlət Televiziyasında keçirilən “Yurdum, yuvam məskənimsən” telemüsabiqəsində onun dərs verdiyi tələbələr bütün respublika üzrə III yer tutmuş və “Fəxri Fərman”larla təltif edilmişlər. Məlum qanlı-qadalı 1992-1993-cü illərdə o, Ə.Hüseynzadə adına Azərbaycan Dövlət və İncəsənət Universitetinin Quba filialında müəllim kimi fəaliyyətə başlamışdır. Qələmşah İdrisov 2000-ci ildən bəri indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında müəllim, metodist, kafedra müdiri, direktor müavini vəzifələrində çalışmış, hazırda pedaqoji fakültənin dekanı vəzifəsini şərəflə icra edir. Qələmşah müəllim elmi-tədqiqat işləri ilə məşqul olmuş, 2002-ci ildə dissertant olduğu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Dilçilik nəzəriyyəsi” üzrə namizədlik dissertasiyasının müdafiəsinə buraxılmış, 2007-ci ildə isə Bakı Dövlət Universitetinin Elmi Şurasında professor Nərgiz Paşayevanın rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Qələmşah müəllim daim axtarışda, yazıb yaratmaqdadır. O, bir alim kimi həmişə ortalıqa yeni nəsə qoymaq eşqi ilə çalışır. Respublikanın müxtəlif qəzet və jurnallarında 100-dən çox elmi, metodiki, publisistik məqalələri işıq üzü görüb. Qələmşah müəllim “Ürəyimi açıram” (şeirlər)-2006, “Qıraqlı toponimi və qıraqlılar”-2008, “Azərbaycan dilində təsviri sənət terminləri”-2010, “Xaçmaz toponimləri”-2011, “Yurd sevgisi”-2013, “Professor Qəzənfər Kazımov və Azərbaycan dilçiliyi”-2014, “Toponimika”- 2019, “Zəfər çələngi” (şeirlər)- 2021, kimi 8 kitab müəllifidir. Qələmşah müəllimin “Toponimika” kitabında ali məktəblərdə tədris olunan “Toponimika” fənni üzrə proqram materiallarını əhatə edən mövzularla yanaşı, bu sahədə aparılan son toponimik tədqiqatlara da geniş yer ayrılmışdır. “Zəfər çələngi” (şerlər) kitabı isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib Azərbaycan Ordusunun II Qarabağ müharibəsindəki şanlı qələbəsinin poetik ifadəsidir. Kitabdakı şeirlərdə Tovuz döyüşlərindən başlamış böyük qələbəyə qədər yol gələn qəhrəman oğullarımızın- şəhid və qazilərimizin bədii obrazları yaradılmaqla bərabər Vətən, torpaq, yurd sevgisi də öz poetik ifadəsini tapmışdır. Müəllifin dövlət və dövlətçiliyə məhəbbət hissi şeirlərinin əsas xəttini təşkil edir. “Zəfər çələngi” (şerlər) kitabı böyüyən nəslin vətənpərvərlik tərbiyəsində və qəhrəman oğullarımızın şəxsi nümunəsi ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Qələmşah İdrisov elmi, publisistik və ədəbi yaradıcılığına görə “Qızıl Qələm”, “Səməd Vurqun”, “Araz” ali ədəbi mükafatlarına layiq görülmüşdür. Şair A.A.Bakıxanov tərəfindən bünövrəsi qoyulmuş “Gülüstan” elmi-ədəbi məclisinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 30 il eyni tədris müəsisəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, pedaqoji prosesin ahəngdar təşkilində səriştəlilik nümayiş etdirməsində zəngin təcrübəyə malik olan Qəlıəmşah müəllim sözün həqiqi mənasıbda sağlam kollektivin bərqərar olunmasında da böyük rol oynamışdır. ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev çoxsaylı dəlillərlə fikrini əsaslandıraraq dedi: -Qələmşah müəllimin əməyinin, filialın səmərəli fəaliyyətində mühüm rolu olmuşdur. Bu indi də davam edir. Elə bilirəm ki, məndən əvvəlki direktorların da bu nəcib insan haqqında fikirləri vaxtında öyrənilsəydi, dediklərimlə üst-üstə düşəcəkdi. 30 il müddətində filialda təhsil alan və bu tədris ocağını bitirən bütün tələbələr Qələmşah müəllimin mənəvi övladlarıdır. Belə xoş ehtiram, səmimi münasibəti hər kəs qazana bilmir. Filialımızda müəllim adına çox böyük hörmət vardır. Bu cəhətdən Qələmşah müəllimin adının daha iftixarla çəkilməsi bütünlükdə pedaqoji kollektivin onun şəxsiyyətinə olan dərin ehtiramının nəticəsidir. Bütün bunların hamısını o, illərlə, qram-qram qazanmışdır. Filalın direktoru kimi onun təhsilin məzmununun həyata keçirilməsi, dərslərin təşkilinə nəzarət, metodik rəhbərlik, təlim və tərbiyənin keyfiyyətinə nəzarət kimi funksiyalarının uğurla həyata keçirilməsindən həmişə razılıqımı ifadə etmişəm. ADPU-nun Quba filialının tədris şöbəsinin müdiri Mələk Bağırovanın da fikirlərinin hamıya maraqlı olacaqına inanaraq dəyişiklik etmədən çatdırmağı həmmüəllif olaraq vacib bildik: - “Qələmşah müəllim xeyirxah insan, yaxın dost, sirdaş, eləcə də öz işini, sənətini fanatcasına sevən, biliyini, təcrübəsini sevimli həmkarları ilə paylaşan gözəl pedaqoqdur. O, bizim kollektivin günəşi, odu, hərarətidir, günəşsiz hava ürəksıxıcı olduğu kimi Qələmşah müəllimsiz də filialımız darıxdırıcı olur, nəsə çatışmır. Qələmşah müəllimin adı çəkiləndə dərhal göz önünə şərəfli, ləyaqətli bir ömür yaşayan əsil azərbaycanlı oğlunun portreti canlanır. Şərəfli ömrünün, pedaqoji fəaliyyətinin 30 ilini doğma təhsil ocağımızda gənc nəslin təlim-tərbiyəsinə sərf edən böyük bir pedaqoji kollektivin qayğı və tələblərinə həssaslıqla cavab verən Qələmşah müəllimin pedaqoji sahədə təcrübəsi son dərəcə zəngindir. Mən arzu edirəm ki, nə qədər gözündə nur, canında təpər, ulu yaradanın verdiyi tükənməz enerji var, şərəfli müəllim ömrünü, idarəçilik funksiyasını möhkəm qoruyub saxlasın. Bu nəcib yolda ona möhkəm can sağlığı, yeni-yeni nailiyyətlər arzu edirəm”. Ulu Öndərimiz Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək demişdir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi, müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Belə müəllimlərdən biri də uğurlarından inamla söz açdığımız Qələmşah İdrisovdur. Biz ona geniş, dərin və zəngin pedaqoji düşüncə sahibi olan bir insana uzun ömür, səmərəli yaradıcılıq uğurları və sağlam həyat arzulayır, doğum günün mübarək olsun deyirik. Şıxəmməd Seyidməmmədov, ADPU Quba filialının “Təbiət fənnləri və onun Tədrisi metodikası” kafedrasının baş müəllimi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Nəhayət Şirinova, ADPU Quba filialının əməkdaşı. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ZiM.Az-ın Şimal bölgəsi üzrə nümayəndəsiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.