AzTU-da Beynəlxalq elmi-texniki konfrans keçirilib Təhsil » AzTU 29 Eylül Sentyabrın 28-də Azərbaycan Texniki Universitetində “Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfransı öz işinə başlayıb.Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Universitetin foyesindəki büstü önünə təzə-tər gül-çiçəklər düzüblər. Konfransın plenar iclasını AzTU-nun rektor əvəzi Xalıq Yahudov giriş sözü ilə açaraq, qonaqları və iştirakçıları salamlayıb. Azərbaycan Respublikasının Dövlət himni səslənib. Daha sonra X.Yahudov çıxışına davam edərək, konfransın keçirilməsində məqsədin maşınqayırmada intellektual texnologiyalar sahəsində müasir elmi-texniki istiqamətlər üzrə mütəxəssislərin apardıqları tədqiqatları və alınmış nəticələri müzakirə etmək olduğunu bildirib.Təhsil nazirinin müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yusif Məmmədov keçirilən tədbirin əhəmiyyətindən danışaraq iqtisadiyyatın, texnologiyanın inkişafına bu konfransın ciddi təsir göstərəcəyini bildirib.Çıxışlarda qeyd olunub ki, konfrans vasitəsilə texnoloji inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi, MDB və digər xarici dövlətlərin alimləri ilə elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi mümkün olacaq.Sonra Rusiya Elmlər Akademiyası Maşınşünaslıq İnstitutunun laboratoriya müdiri, Əməkdar elm xadimi, Lenin mükafatı laureatı, texnika elmləri doktoru, professor Boris Muxtarbekoviç Bazrov, Türkiyənin Sparta şəhərindəki Süleyman Dəmirəl Universitetinin mühəndis fakültəsinin mexanika kafedrasının müdiri, dr., professor Abdullah Avey və AzTU-nun kafedra müdiri, Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Həsən Hüseynovun məruzələri böyük maraqla qarşılanıb.Konfransın elmi katibi, texnika elmləri doktoru, professor Nizami İsamyılov ZiM.Az-a bildirib ki, plenar iclasında Türkiyə, Rusiya, Almaniya və Ukraynadan olan alimlər, böyük zavod və müəssisə rəhbərləri, maşınqayırma sahəsi ilə maraqlanan iş adamları iştirak edib. Sonra konfrans öz işini 8 bölmə üzrə 3 gün davam etdirib. Maşınqayırma sahəsinə aid son dərəcə əhəmiyyətli məsələlərin müzakirə olunduğu beynəlxalq konfransda “İntellektual idarəetmə sistemləri”, “Avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri”, “Maşınların layihələndirilməsində innovativ metodlar”, “Maşınqayırmada keyfiyyət: problemlər və perspektivlər”, “Yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası”, “Bərk cisim, maye və qaz mexanikasının problemləri”, “Logistik sistemlər”, “Təhsildə intellektual texnologiyalar və resurslar” mövzularında 240-dan çox elmi məruzə dinlənilib.Konfransda iştirak edən alimlər müvafiq bölmələr üzrə intellektual idarəetmə sahəsində əldə olunmuş nailiyyətlərin, avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri, yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası, logistik sistemlər, intellektual texnologiyaların inkişaf ənənələri, təhsildə və istehsalatda istifadə olunan innovativ metodlar haqqında məruzələrlə çıxış ediblər.Qonaqlar AzTU-nun Heydər Əliyev Mərkəzini və laboratoriyalarını gəzib, Universitetlə yaxından tanış olublar.Müşfiq BORÇALI, "Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.