YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!.. AzTU, Təbriklər 10 Mayıs Professor Arif Tapdıq oğlu Məmmədov! Bu ad respublikamızda və onun hüdudlarından kənarlarda elmi-pedaqoji ictimaiyyətə yaxşı tanışdır. O, bir istehsalatçı, müəllim və alim kimi şöhrət qazanmış gözəl ziyalılarımızdandır.Mən Arif müəllimi 1991-ci ildən, tələbələlik illərindən o, hələ Bakkondinsioner EİB-də mərkəzi zavod laboratoriyasının rəisi vəzəfəsində çalışarkən tanıyıram. Elə ilk görüşümüzdən də o məndə xoş təəssürat yaratmışdır. Geniş dünya görüşünə, çoxşaxəli və çoxspektrli elmi biliklərə malik olması, sadəliyi və təvəzökarlığı ilə fərqlənən Arif müəllim, çoxları kimi mənim də rəğbətimi qazanmışdır. Mən hələ tələbə ikən onun rəhbərliyi ilə elmi tədqiqat işləri aparmağa başlamış və sonradan Arif müəllim mənim elmi rəhbərim olmuşdur. Təkcə mən yox, onlarla tədqiqatçılar Arif müəllimin xeyirxah münasibətindən yararlanaraq elmi tədqiqat işlərini uğula yerinə yetirmiş və müdafiə etmişlər.O, 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun Metalurgiya fakultəsinin “Qaynaq istehsalının avadanlığı və texnologiyası” ixtisasını bitirərək, mühəndis-mexanik ixtisas dərəcəsi almışdır. 1971-1973-cü illərdə Ümumittifaq elektrik maşınqayırma elmi-tədqiqat institutu Bakı bölməsində “Bərk xəlitə ştampları” laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişdir. 1974-1998-ci illərdə “Bakı kondisioneri” EİB-də mexanik, baş usta və mərkəzi zavod laboratoriyasının rəisi vəzifələrində çalışaraq, keçmiş Sovetlər Birliyi və bir çox xarici ölkələrdə bu müəssisənin geniş şöhrət və nüfuz qazanmasında öz töhfələrini vermişdir. Arif müəllim 1974-1975-ci illərdə Yaponiyada təcrübə keçərək, qabaqcıl texnika və texnolgiyalarla yaxından tanış olmuşdur.O, 1984-cü ildə Rusiya Federasiyasının Novoçerkassk Politexnik İnstitutunda 05.02.01- “Maşınqayırmada materialşünaslıq” ixtisası üzrə namizədlik, 1991-ci ildə isə Minsk şəhərində 05.16.06 – “Ovuntu metallurgiyası və kompozisiya materialları” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ildən professordur. Arif müəllim 1998-ci ildən 2016-cı ilədək Azərbaycan Texniki Universitetinin “Tökmə və qaynaq istehsalı” kafedrasının müdiri vəzifəsində işləmişdir. Hazırda “Konstruksiya materialları” kafedrasına rəhbərlik edir. O, çox məhsuldar bir alim, əzmkar tədqiqatçıdır. Onun əsas elmi istiqaməti “Ovuntu metallurgiyası və materialşünaslığı”dır. 300-dən çox elmi-metodiki əsərin müəllifidir. Bunlardan 5-i monoqrafiya, 10 dərslik və dərs vəsaiti, 40-dan çoxu isə ixtira və patentdir. Elmi-pedaqoji fəaliyyəti dövründə onlarla elmlər namizədi və 2 elmlər doktoru yetişdirmişdir.Bütün bu deyilənlərə yanaşı Arif müəllim geniş ictimai fəaliyyətlə də məşğuldur. O, 1993-2002-ci illərdə Ali Attestasiya Komissiyasının texnika üzrə ekspert şurasının üzvü olmuşdur. 1996-cı ildən indiyədək AzTU-da fəaliyyət göstərən dissertasiya Şuralarının üzvü və 2006-2011-ci illərdə D02.171 dissertasiya şurasının elmi katibi olmuşdur.Arif müəllim bir tədqiqatçı alim kimi də geniş fəaliyyət göstərir. 2008-ci ildə Dövlət büdcəsindən maliyyələşən “Nanostrukturlu materialların sintezi və tətbiqi problemləri” elmi-tədqiqat laboratoriyasını yaratmış və hazırda onun elmi rəhbəridir.Professor A.Məmmədov xarici ölkələrin alimlərilə də geniş elmi əlaqələrə malikdir. O, Türkiyə cumhuriyyətində fəaliyyət göstərən və hər iki ildən bir keçirilən Beynəlxalq Toz metallurgiyası konfransının Azərbaycan üzrə üzvüdür. Ukraynanın Materialşünaslığın problemləri İnstitutu, Rusiya Federasiyasının cənubi Ural Dövlət Universiteti və s. digər elm və təhsil Mərkəzlərilə geniş elmi əməkdaşlıq edir.Hörmətli müəllimim, texnika elmləri doktoru, professor Arif Tapdıq oğlu Məmmədovun 70 yaşı tamam olur. Bu əlamətdar yubiley münasibətilə onu təbrik edir, uzun ömür, can sağlığı, yeni-yeni uğurları arzulayıram.Nizami İSMAYILOV,professorREDAKSİYADAN:Biz də "Ziya" qəzetinin və "ZiM.Az" saytının bütün yaradıcı heyəti adından görkəmli alim, xeyirxan insan, Azərbaycan Texniki Universitetinin “Konstruksiya materialları” kafedrasının müdiri, “Nanostrukturlu materialların sintezi və tətbiqi problemləri” elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri,texnika elmləri doktoru, professor Arif Tapdıq oğlu Məmmədovu anadan olmasının 70 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,"Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.