AzTU-da “Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda Respublika Elmi-texniki konfransı öz işinə başlayıb Təhsil » AzTU 4 Nisan 2018-ci il Aprelin 4-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan “Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda Respublika Elmi-texniki konfransının plenar iclası keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül qoyublar, xatirəsinə ehtiramlarını bildiriblər.Konfrans Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.Konfransın açılış mərasimində AzTU-nun elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov çıxış edərək iştirakçıları salamlayıb və konfransın əhəmiyyətindən danışaraq bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilib. Ulu öndər Heydər Əliyevin “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” fikrini xatırladan prorektor 1918-1920-ci illərdə əsası qoyulan, lakin təşəkkül tapa bilməyən milli strategiyalarımızın müstəqillik illərində yüksək səviyyədə həyata keçirildiyini deyib. Təhsil-tədqiqat-istehsalat üçlüyünün Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün “Strateji Yol Xəritələri”ndə əsas prinsip olduğunu diqqətə çatdıran İlham Pirməmmədov Cümhuriyyətimizin 100 illiyi ərəfəsində bu sahənin problemlərinin müzakirə olunması və lazımi mexanizmin yaradılması təşəbbüsünün vacib amil olduğunu bildirib.Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov çıxışında qeyd edib ki, Təhsil-tədqiqat-istehsalat vəhdətinin yaradılması və son illər bu istiqamətdə görülən işlər elmin sənayeyə tətbiq edilməsi üçün əlverişli mühit formalaşdırıb.Daha sonra AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin icrasında “Dördlü HELIX” modelinin tətbiqi” adlı məruzə ilə çıxış edib.NRYTN-nin Radio televiziya yayımı və peyk rabitəsi istehsalat birliyinin texniki direktoru, əməkdar mühəndis Mikayıl Abbasov “Azərbaycanda çoxproqramlı rəqəmli televiziyanın tətbiqi”, AzTU-nun professoru, Əməkdar elm xadimi Həsən Hüseynov “Texnopark inklüziv inkişafın müəyyənedici amili kimi”, AzTU-nun dosenti Zəfər Cəfərov isə “Sənaye üçün sistem mühəndisliyi üzrə ali təhsil ixtisasının vacibliyi” adlı məruzələrlə çıxış ediblər. Sonda AzTU-nun İctimai Şurasının sədri, professor Şahlar Əsgərov məruzələrlə, həmçinin Azərbaycan elminin inkişaf meyilləri ilə bağlı fikirlərini bölüşüb və qeyd edib ki, konfransın əsas predmeti olan Təhsil-tədqiqat-istehsalat üçlüyünün tətbiqi texnologiyanın yaradılmasından asılıdır.Qeyd edək ki, konfransa respublikamızın 23 müxtəlif müəssisəsindən 130-a yaxın məqalə daxil olub.Konfrans 6 bölmə üzrə 2 gün davam edəcək.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.