AzTU-da Beynəlxalq İnnovasiyalar yarışının təqdimatı keçirilib

AzTU-da Beynəlxalq İnnovasiyalar yarışının təqdimatı keçirilib 2018-ci il Aprelin 13-də Azərbaycan Texniki Universitetində (AzTU) Beynəlxalq İnnovasiyalar Yarışının-ActInSpace layihəsinin təqdimatı keçirilib.

Təqdimatda AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov əvvəlcə ActInSpace– Fransız Kosmik Agentliyinin (CNES) təşəbbüsü ilə həyata keçirilən və 5 qitədə 60-dan çox şəhəri birləşdirən beynəlxalq innovasiya müsabiqəsi haqqında qısa məlumat verib. Prorektor qeyd edib ki, ActInSpace- dünya miqyasında sahibkarları, tələbələri və yaradıcı insanları bir araya gətirən bir beynəlxalq layihədir. Sübhan Namazov bildirib ki, tələbələrin belə layihələrdə iştirakı onların gələcək elmi işlərinə, karyeralarına böyük təkan olacaq.

Daha sonra UFAZ-ın nümayəndəsi Elsanə Babaşova layihənin qayda və şərtləri haqqında ətraflı məlumat verib və bildirib ki, 25-26 may tarixlərində Azərbaycan-Fransız Universitetində istedadlı gənclərin potensialının üzə çıxarılması məqsədilə keçiriləcək Startup ideyalar yarışında ideyaları olan gənclər iştirak edəcək. Burada qalib gələn ideyalar beynəlxalq finala vəsiqə qazanacaq. Elsanə Babaşova təqdimatında ideyaların əsasən kosmik tədqiqatlarla əlaqəli olmasını xüsusilə vurğulayıb. Yarışda ideyaları olan gənclər qrup şəklində təmsil olunacaqlar. Hər qrupda 2-5 nəfər iştirakçı olacaq və bu iştirakçılardan 2 nəfəri mütləq ingilis dilini bilməlidir ki, Beynəlxalq finalda qrupunu təmsil edə bilsin. ActİnSpace layihəsinin əsas şərti isə təqdim olunacaq ideyaların heç bir yarışda təqdim olunmayan ideyalar olmasıdır.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və suallar ətrafında müzakirələr aparılıb.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: