HƏRBI QƏNIMƏTLƏR PARKINDA DAĞIDILMIŞ VƏ QƏNIMƏT KIMI GÖTÜRÜLMÜŞ DÜŞMƏN TEXNIKASININ NÜMAYIŞ ETDIRILMƏSI GÜCÜMÜZÜN TƏNTƏNƏSIDIDIR

HƏRBI QƏNIMƏTLƏR PARKINDA  DAĞIDILMIŞ VƏ QƏNIMƏT KIMI GÖTÜRÜLMÜŞ DÜŞMƏN TEXNIKASININ NÜMAYIŞ ETDIRILMƏSI  GÜCÜMÜZÜN TƏNTƏNƏSIDIDIR 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəni təmin edən uğurlu əməliyyatları haqqında hələ uzun müddət danışılacaq, bitib-tükməyən məcrada söhbətlərə rəvac veriləcəkdir. 30 il idi ki, erməni işğalına məruz qalmış torpaqlarımız rəşadətli ordumuz tərəfindən azad olundu. Ermənilərin çirkin niyyətləri qarşısında müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman vətən oğulları keçilməz bir sədd çəkdi. Döyüşkən ruhlu ordumuz önündə davam gətirə bilməyən təcavüzkar ciddi itkilərə məruz qalaraq, silah-sursatı da döyüş meydanında atıb-qaçdı.

Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Hazırda həmin qənimətlər açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Ən qürurverici məqam kimi Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir. Bunları müşahidə etdikcə və cənab Prezidentin dünya birliyi ölkələrinə ünvanlanmış məntiqi fikirlərini dinlədikcə insan fəxarət hissi keçirir.

Bəli, 30 illik bir həsrət yaşayıb, nisgilli bir ömür sürdük. Artıq o gün gəldi; acılar bitdi, həsrət sona yetdi...


Torpaq həsrətindən doğan bir sıra keyfiyyətlər ruhumuzu sardı; torpağa, vətənə olan sevgimizi qat-qat artırdı, gücümüzə güc qatdı, mübarizlik ruhumuzu oxşadı, döyüşkənlik ruhumuzu oyatdı; vətənpərlik ruhumuz sanki tazələndi, ciyərdolusu nəfəs ala bildik; xalq olaraq əynimizə qəhrəmanlıq libası, cəsarət donu geydik...
Nəticə isə məlumdur: Vətənimizin döyünən ürəyi Bakıda ZƏFƏR paradı... Tarixi mədəniyyət və mənəviyyat şəhərimiz olan əziz Şuşamızın köksündəki müqəddəs Yuхarı Gövhər ağa məscidinin minarələrindən ucalan və ucaldıqca da o torpaqlara öz lətif rayihəsini yayan dünyanın ən gözəl səsi - azanın qəlblərə nur saçan şirin avazı... İgidlər oylağı Cıdır düzündə düzənlənən ilk konsert proqramı... Bayatı-Şirazın, Qarabağ şikəstəsinin Şuşanı, bütün Qarabağı ağuşuna alan xoş sədası... Rəşadətli əsgərlərimizin könülləri riqqətə gətirən “Yallı” musiqisinin qanadlarında şəstlə halay vurmaları...
Qürurverici anlar bir-birini əvəz edir: məğrur Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin müqəddəs Cıdır düzünün köksündə möhtəşəm görünüşü və əzəmətli duruşu, ailə üzvləri ilə birgə çay masası arxasında Azərbaycan süfrəsinin bəzəyi kimi paxlava dadması… Xalqımızın əziz bayramlarından olan Novruzun gəlişi münasibətilə alovlandırdığı bayram tonqalı və ərşə qalxan alov dilləri… İşğaldan azad olunmuş bölgələrə etdiyi səfərlər və bu məqamlarda verdiyi bəyanatlar, quruculuq işlərinin başlanması ilə əlaqədar dünya ictimaiyyətinə ötürdüyü ismarıclar, rayonların baş planlarının hazırlanması istiqamətində işlərin artıq başlanması barədə səsləndirdiyi fikirlər…
Nəhayət, ən qürurverici məqamlardan biri Hərbi Qənimətlər Parkının açılışı və cənab Prezidentin həmin açılış mərasimində əzəmət və məğrurluq rəmzi kimi ifadə etdiyi möhtəşəm nitqi:
“Bu Hərbi Qənimətlər Parkının açılışını bu gün etdim. Orada düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü göstərir, bir daha düşmənin məğlubiyyətini göstərir. Burada nümayiş etdirilən texnika məhv edilmiş və qənimət götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir. 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilmişdir və qənimət kimi götürülmüşdür.
Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər.”
Bütün bunları müşahidə etmək və görmək, izləmək və dinləmək insanı çox duyğulandırır. Təbii ki, bu xoş məcrada baş verən proseslərin zəminində ölkədə dərindən düşünülmüş və uğurla həyata keçirilən daxili və xarici siyasət dayanır. Həqiqətən də cənab prezident 2003-cü ildə hakimiyyətə gələrkən verdiyi sözə tam şəkildə əməl etdi. Bütün fitnə-fəsadlara, düşmənin hiyləgərliklərinə, riyakarlığına baxmayaraq, eyni zamanda ermənilərə hayan çıxan bir sıra ölkələrin canfəşanlığına məhəl qoymayaraq, onların təzyiqləri qarşısında ciddi-cəhdlə tab gətirərək, necə demişdi ki, ölkənin ərazi bütövlüyünü qoruyacağam və buna da nail oldu; düşmənə heç bir güzəşt edilmədi.
Çox mürəkkəb və taleyüklü məsələnin uğurla həllini tapması həm də xalq və dövlət həmrəyliyinin bariz nümunəsinin göstəricisidir. Uzun müddət davam edən işğaldan qurtulmaq naminə hamı bir nəfər kimi Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşdi və bütün gücümüz düşmənin məhv edilməsinə yönəldi. Bütün bunlar, təbii ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin təntənəsidir. Mövcud həmrəyliyimiz, Ali Baş Komandanın çağrışına cani-dildən səs verməyimiz, torpaqlarımızın işğaldan azad olunması uğrunda cənab Prezidentin inadla apardığı mücadilədə bir olmağımız qələbəmizin təminatçısı kimi çıxış etdi.
Bütün gücümüzü və qüvvəmizi ərazilərimizin işğaldan azad edilməsinə yönəltdik, uzun müddət yağı tapdağı altında inləyən yaralı torpaqlara yeni bir nəfəs, yeni bir həyat verdik.
Xalqımız cənab Prezidentə inanır, onun bütün sahələr üzrə həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Eyni zamanda Ali Baş Komandan da xalqın istəyini, onun artıq sülh yolu ilə həlli tükənən işğala son qoymaq arzusunu reallaşdırmaq naminə dünya birliyi önündə qətiyyət və böyük əzmkarlıq nümayiş etdirərək, mərdi-mərdanə şəkildə cəsarətli bir addım atdı.
Bu həm də müstəqil dövlət kimi Azərbaycanın özünütəsdiq faktının və yenilməzliyinin böyük bir təntənəsinə çevrildi…

Həbib Mirzəyev
AzTU-nun “Humanitar fənlər” kafedrasının müdiri
filologiya üzrə fəlsəfə doktoru, dosent


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: