AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilibAzərbaycan Texniki Universitetində (AzTU) ordumuzun tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərinin 6-cı ili ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə AzTU-nun Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn məzunlarının ailə üzvləri də iştirak edib.


AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov bildirib ki, Aprel döyüşləri Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin bünövrəsi olub. Məhz dördgünlük Aprel döyüşləri ilə xalqımız 23 ildən sonra qələbə sevinci yaşayıb.

Azərbaycan Ordusu erməni təxribatına cavab olaraq sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb. Aprel döyüşləri zamanı Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edilib. Kamran Rəsulov bildirib ki, həmin döyüşlərdə AzTU-nun məzunları Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyev də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidlərin əziz xatirəsinin əbədi yaşadılması üçün universitetdə tələbələr arasında mütəmadi olaraq maarifləndirmə işlərinin aparıldığı da diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən birinci Qarabağ müharibəsinin iştirakçısı, jurnalist Elçin Məmmədli də Azərbaycan Ordusunun Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində tarix yazdığını qeyd edib. Vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. AzTU-nun Media ilə iş və kommunikasiya şöbəsinin Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri Zöhrə Məmmədova Aprel döyüşlərində şəhid olan məzunlarla bağlı xatirələrini bölüşüb.

Daha sonra AzTU-nun Aprel döyüşlərində şəhid olan məzunlarının valideynləri çıxış edib.
Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qələbə əzmini, gücünü bütün dünyaya göstərdi. Bu döyüşlər Azərbaycanın işğalla barışmayacağını bir daha sübut etdi. Bu gün Azərbaycan qalib ölkədir. Bu qalibiyyət nəticəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının qisası da alınmış oldu.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: