AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksiya heyətinə üzv seçilib

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksiya heyətinə üzv seçilib TƏBRİK EDİRİK!..

Azərbaycan Texniki Universitetinin (AzTU)
Energetika və avtomatika fakültəsinin dekanı,
texnika elmləri namizədi, dosent
Hüseynqulu Quliyev
Rusiyanın “Электрические станции” adlı
elmi-texniki jurnalının
redaksiya heyətinə üzv seçilib.

Qeyd edək ki, ay ərzində bir dəfə nəşr olunan jurnalda elektrik stansiyalarının istehsal problemləri, eyni zamanda elektrik və istilik enerjilərinin istehsalı, ötürülməsi və paylanması zamanı yaranan bütün problemlər əks olunur.

Rusiya Energetika Nazirliyinin həmtəsisçisi olduğu jurnalda dərc edilən məqalələrdən seçmələr “Scopus” bazasına daxil olunur.


AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksiya heyətinə üzv seçilib Quliyev Hüseynqulu Bayram oğlu - 1963-cü ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub.
1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika, avtomatika, mexanika fakültəsini, Elektrik sistemləri və şəbəkələri ixtisası üzrə bitirib.

1985-88-ci illərdə Sumqayıt elektrik şəbəkəsində növbətçi mühəndis, rele mühafizəsi mühəndisi və dispetçer vəzifələrində işləyib. 1988-ci ildə indiki Sumqayıt Dövlət Universitetinin Elektrik sistemləri və şəbəkələri kafedrasında laborant, sonradan isə həmin kafedrada assistent, baş müəllim və dosent vəzifələrində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasında (doktoranturasında) təhsil alıb. H.B. Quliyev 2004-cü ildə “Sənaye yük düyünlərində qeyri-sinusoidal rejimlərin analizi üsullarının işlənməsi” mövzusu üzrə dissertasiya müdafiə edib və texnika elmləri namizədi alimlik dərəcəsini alıb. Hazırda “Elektroenergetika sistemlərində elektrik enerjisinin keyfiyyət göstəricilərinin intellektual texnologiyalar bazasında idarə olunmasının nəzəri-metodik əsaslarının işlənməsi” mövzusunda elmlər doktorluğu dissertasiya işini tamamlayıb. Onun əsas elmi istiqamətləri Soft Computing texnologiyalarının, xüsusilə qeyri-səlis məntiq nəzəriyyəsinin elektrik şəbəkələrində reaktiv gücün kompensasiyası, rasional güc paylanması, rejim parametrlərinin idarəolunması, yaşıl enerji texnologiyalarının enerjisistemə inteqrasiyası, enerjisistemin dayanıqlığı və s. kimi məsələlərin həllinə tətbiqi problemlərini əhatə edir. H.B.Quliyevin aldığı elmi nəticələr Azərbaycan enerjisistemində müvəffəqiyyətlə tətbiq edilir. 2009-cu ildə TEMPUS proqramı çərçivəsində “Azərbaycan Ali Məktəblərində müasir mühəndis təhsili” layihəsi üzrə Köln Ali məktəbində ezamiyyətdə olub.

2010-2013-cü illərdə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin Tədris və İnnovasiya məsələləri üzrə direktor müavini işləyib. Eyni zamanda, “Enerjisistemin optimal idarəedilməsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib. Bundan sonra əvvəl aparıcı elmi işçi, elmi istiqamət rəhbəri olub. 2015-ci ildən 2020-ci ilədək “Enerjisistemin rejimləri” şöbəsinin rəisi vəzifəsində çalışıb. 2010-cu ildən AzTU-nun Avtomatika və idarəetmə kafedrasının 0,5 ştat dosenti vəzifəsində işləyir.

2021-ci ildən AzTU-nun Energetika və avtomatika fakültəsinin dekanı təyin olunub.

H.B.Quliyev ümumilikdə 240-dan yuxarı elmi-metodik işin, dərsliklərin, monoqrafiyanın müəllifidir. Elmi məqalələri ölkə və Scopus, Web of Sience beynəlxalq istinad bazalarına daxil olan xarici dövri elmi nəşrlərdə dərc edilib. Mütəmadi olaraq respublikada və xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxışlar edir.

2012-ci ildən Y.N.Rudenko adına "Böyük energetik sistemlərin etibarlılığının tədqiqinin metodik məsələləri" beynəlxalq elmi seminarının, 2017-ci ildən onun təşkilat bürosunun və 2020-ci ildən isə Beynəlxalq Proqram komitəsinin, eyni zamanda “ELECTRO-energetics-technics-mechanics + control” Beynəlxalq Elmi-İstehsalat jurnalının redaksiya heyətinin üzvüdür.

ADNSU-da fəaliyyət göstərən Dissertasiya şurasının elmi seminarının üzvüdür.

AzTU-nun Elmi Şurasının üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür (YAP).


Biz də Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı, texnika elmləri namizədi, dosent Hüseynqulu Quliyevi Rusiyanın “Электрические станции” adlı elmi-texniki jurnalının redaksiya heyətinə üzv seçilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: