RUHUN ŞAD OLSUN, HAMLET KAZIMOĞLU!... AzTU-nun MƏZUNLARI, Borçalı, Nekroloqlar, Arxiv 3 Haziran Mən bu gün təxminən 25 il əvvəli xatırlayıram... Azərbaycan Texniki Universitetində "Ziya" qəzetinin redaksiyası nəzdində əsasən tələbələrdən ibarət olan ədəbi dərnək yaratmışdıq. Sonralar bu ədəbi dərnək "Çeşmə" Ədəbi Birliyinə çevrildi, "Addımlar" adlı ədəbi toplular çap etdik. Daha sonralar isə bu ədəbi birliyi Baş redaktoru olduğum "Təhsil" qəzetinin nəzdində davam etdirdik... Bir müddət sonra isə "Söz-sözə" və "Qar çiçəyi" Ədəbi birlikləri yarandı... Məclislərimizə xeyli sayda gənc istedadlar gəlirdilər... Onlar arasında bu gün ədəbi ictimaiyyətin yaxşı tanıdığı Əkbər Qoşalı, Təranə Rəhimli, Səhər, Dilarə Şahidqızı, Qurban Təbiətoğlu, Ötərxan Kədərli, İradə Sarıyeva, Həmid Ormanlı, İradə Qaracayeva, Akif Məmmədov və başqaları da var idi. Mən bu gün çox şadam ki, onların ilk qələm məhsullarının mətbuatda işıqüzü görməsində az-çox məhz mənim də əməyim olub... Hər dəfə həmin gənclərdən kimisə görəndə və ya hansısa qəzet və ya jurnal səhifələrində, eləcə də internet portallarında hansınınsa şeirinə və yazısına rast gələndə ürəyimdən bir acılı-şirinli sızıltı keçir. Ona görə acılı-şirinli sızıltı deyirəm ki, bu sızıltıda həm sevinc, həm də kədər notları cəmləşir. Sevinirəm ona görə ki, bizim o illərdə gənclərə göstərdiyimiz diqqət və qayğı hədər getməmiş, bu gün onların hər biri istedadlı qələm sahibi kimi tanınır və onların uğurları hamı kimi məni də sevindirir... Kədərlənirəm ona görə ki, həmin o illərdə redaksiyamıza həmişə abır-həya ilə, sanki utana-utana gələn, olduqca saf, büllur kimi təmiz qəlbli, şair təbiətli, boylu-buxunlu, gözəl, yaraşıqlı, parlaq istedad sahibi və bizim məhz onun bu parlaq istedadına arxalanaraq gələcəyinə daim böyük ümidlər bəslədiyimiz sevimli dostumuz-qardaşımız,əslən Ulu Borçalımızın qədim Faxralı kəndindən olan Hamlet Kazımoğlu(21.03.1970 - 19.04.2001) bu gün təəssüflər olsun ki, aramızda yoxdur...Amma onu da qeyd edim ki, Hamlet Kazımoğlunun yaradıcılığının ədəbi ictimaiyyətə tam şəkildə çatdırılmamasında bəzən özümü qınasam da, nə yaxşı ki, özümə təsəlli verməyə bir ip-ucum var. Bu ip-ucu üçün dostum-qardaşım Əkbər Qoşalıya minnətdaram. Ona görə minnətdaram ki, o, Hamlet Kazımoğlunun unudulmaması üçün böyük əmək sərf edir. Necə ki, Hamlet Kazımoğlunun hələ sağlığında, onun şeirlərinin çapına nə dərəcədə maraq göstərirdisə, eynilə elə indi də o cür maraq göstərir.Mən də böyük qürur və fəxr hissi ilə qeyd edirəm ki, Hamlet Kazımoğlunun hələ sağlığında ilk mətbuu şeirlərini "Ziya", "Təhsil" və "Şərqin səsi" qəzetlərində, "Addımlar" poeziya məcmuəsində çap etdiyim kimi, ölümündən sonra da onun elə ilk kitabını da məhz mən çap edərək qədirbilən oxuculara ərmağan etdim. Onu da vurğulayım ki, Hamlet Kazımoğlunun mənim naşirliyim sayəsində işıqüzü görmüş ilk kitabındakı şeirlər də məhz Əkbər Qoşalının gərgin əməyi sayəsində toplanmış və tərtib olunmuşdur. Mən fürsətdən istifadə edərək, Sədaqətli Dost - Vəfalı Yoldaş - Etibarlı Həmkar simvolu olan Əkbər Qoşalını elə buradan alqışlayır və ona öz dərin təşəkkürümü bildirirəm... Var Ol, Qardaşım!..Hamlet Kazımoğluya isə Allahdan rəhmət diləyir, RUHUN ŞAD OLSUN, QARDAŞIM!--deyirəm...BÖYÜK MƏSULİYYƏT HİSSİ İLƏ ONU DA BİLDİRİRƏM Kİ, HAMLET KAZIMOĞLUNUN ƏZİZ XATİRƏSİ ONU TANIYANLARIN QƏLBİNDƏ ƏBƏDİ YAŞAYACAQDIR!..Axı, ata-babalarımız gözəl deyib: Unutsaq unudularıq!..Dərin hörmət və böyük ehtiramla:Müşfiq BORÇALI,19.04.2015. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.