ƏKBƏR QOŞALIYA UĞURLAR ARZUSU İLƏ... Təhsil » AzTU » AzTU-nun MƏZUNLARI 12 Nisan Bu günlərdə Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, mənim əziz dostum qardaşım, istedadlı qələm sahibi, tanınmış şair-nasir-publisist, Azərbaycan Jurnalistlər Birliyinin (1995) və Azərbaycan Yazıçılar Birliyinin (1998) üzvü; Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu və sədri (1998-ci ildən) Əkbər Qoşalı özünün Facebook səhifəsində müxtəlif dövrlərdə çəkilmiş foto-şəkillərini paylaşmışdı. Həmin şəkillər məni də özünə cəlb etdi. Bir çox dostlarımız kimi mən də öz ürək sözlərimi yazdım. Yazdım ki...Həmin ürək sözlərimi bir qədər də genişləndirib aşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edirəm!.. Olduqca mənalı və şərəfli ömür!..Düz 30 ildi ki, tanıdığım bu ömrün bir-birindən dəyərli olan səhifələri məni sevindirir... Sənin tələbəlik illərin - ömrünün bulaq kimi coşub çağlayan gənclik dövrü sanki elə indi də mənim gözlərimin qabağındadır...Redaksiyamıza - istər "Ziya" qəzetinə, istər "Təhsil" qəzetinə, istərsə də, sonralar "Borçalı" nəşriyyatına gələndə, sən təkcə öz yazılarını, şeirlərini gətirməzdin. Həm də dostlarının, qohumlarının, hətta Bakıdan uzaqdan - kəndinizdə, rayonunuzda yaşayan, qələm məhsulları heç bir yerdə çap olunmayan istedadlı şəxslərin yazılarını da gətirərdin... O vaxtlar nəşr etdiyimiz "Addımlar" almanax ədəbi məcmuəsində çap olunan müəlliflər arasında məhz sənin gətirdiklərin həmişə çox olurdu...Sanki həmin almanax-məcmuələrin tərtibçisi də elə sən özün idin...Sən elə o vaxtdan təkcə özün üçün yox, dost üçün, tanış üçün, el-oba üçün, millətimiz üçün, xalqımız üçün çalışırsan!..Tələbəlik illərindən başlayan bu gözəl ənənəni bu gün də ləyaqətlə davam etdirirsən.Mən deyərdim ki, sən elə düz 30 ildi ki, mənim millətimin sevimli elçisisən, xalqımın təmənnasız vəkilisən!...Dostlarımızın hansı tədbirində, hansı məclisində oluramsa, səni orada görürəm və sevinirəm.Sən sözün əsl mənasında KİŞİ adamsan!..Mən səni belə tanıyıram..Var ol, qardaşım!..Nə yaxşı ki varsan!..Həmişə bizləri öz uğurlarınla sevindir!..Gün o gün olsun ki, 100 yaşını təbrik edək!..Böyük hörmət və ehtiramlaMüşfiq BORÇALI,ZİM.AZ REDAKSİYADAN: Əkbər Qoşalı (Yolçuyev Əkbər Mehdi oğlu) - 1973-cü il aprelin 3-də Tovuz rayonunun Qoşa kəndində anadan olub. Orta təhsilini Qoşa kənd natamam orta məktəbində (1980-1988) və Çatax kənd orta məktəbində (1988-1990) alıb.Əkbər Qoşalı 1990-cı ildə Azərbaycan Texniki Universitetinə (keçmiş Politexnik İnstitutu) qəbul olunub, 1995-ci ildə bu ali məktəbi “Elektronika mühəndisi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (keçmiş BSİPİ) “Dövlət və bələdiyyə idarəetməsi” istiqaməti üzrə ikinci ali təhsil alıb.Əkbər Qoşalı Dövlət orqanlarında iş təcrübəsinə 1996-cı ilin fevral ayında Gənclər və İdman Nazirliyi, Gənclərlə iş üzrə Baş İdarəsinin “Sosial proqramlar” şöbəsində təlimatçı olaraq başlayıb. Həmin ilin aprel ayından isə nazirliyin “İctimai-siyasi” şöbəsinin baş təlimatçısı vəzifəsinə keçirilib və 2000-ci ilin aprelinədək burada çalışıb. Azərbaycan Prezidentinin fəxri sədrliyi ilə fəaliyyət göstərən Azərbaycanda ATATÜRK Mərkəzi yaranandan əmək fəaliyyətini burada davam etdirən Ə.Qoşalı, 2006-cı ilin aprelinədək Mərkəzin elmi əməkdaşı, 2006-cı ilin aprelindən həmin ilin noyabr ayınadək şöbə müdiri vəzifəsində çalışıb. 2006-cı ilin noyabrından 2008-ci ilin mayınadək “N” saylı h/h-də zabit kimi həqiqi hərbi xidmət keçən Ə.Qoşalı, hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən ATATÜRK Mərkəzinin şöbə müdiri vəzifəsinə qayıdıb və hazırda həmin vəzifəni daşıyır. Müstəqil Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider qarşısında çıxış edib; digər Forumların nümayəndəsi olub. Bir neçə gənclər təşkilatının qurulmasında yaxından iştirak edib, təşkilat sədri, təşkilatların seçkili orqanlarının üzvü, o cümlədən, Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Komissiya sədri olub. 2010-cu ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən 2020-ci ildə Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürüb. Hazırda, 1998-ci ildə Dünya Türk Gəncləri Birliyinin Qazaxıstanda keçirilən VIII qurultayında Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı olan Ə.Qoşalı, eyni zamanda Milli QHT Forumu İdarə Heyətinin (2006-cı ildən bəri) üzvü, Azərbaycan Yazıçılar Birliyi (AYB) Nəzarət-təftiş Komissiyasının sədr müavini (2014-cü ildən bəri), AYB-nin orqanları – “Ədəbiyyat Qəzeti”nin (2004-cü ildən bəri) və “Ulu Çinar” jurnalının (2010-cu ildən bəri) redaksiya heyəti üzvü, CASCFEN Məclisinin üzvü, www.dgtyb.az; www.bizimyazi.az ədəbi saytlarının baş redaktorudur. “Yeni Azərbaycan” qəzetinin Ədəbiyyat şöbəsinin redaktoru olub (2011-2017). Özbəkistanın “Kitab Dünyası” qəzetinin (2017), Türkiyədə çıxan “Yüce Erek” dərginin (2001), habelə “Kərkük” qəzetinin (2006) Azərbaycan təmsilçisidir. Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun fəxri üzvüdür.1998-ci ildə Dünya Türk Gəncləri Birliyinin Qazaxıstanda keçirilən VIII qurultayında Gənc Türk Yazarları Birliyinin başçısı seçilmişdir. Sonrakı illərdə Çuvaşıstanda və Azərbaycanda keçirilən IX-X qurultaylarında yenidən başqan seçilmişdir (1999-2000). 2010-cu ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürmüşdür.Ə.Qoşalı 1990-cı illərdən eyni zamanda ədəbi fəaliyyətə başlamışdır. Gənc türk yazıçılarının şeir, hekayə və publisist əsərlərindən ibarət "Qar çiçəyi" (1997), "Türkün səsi" (1999) toplularını tərtib edib, çap etdirmişdir.İlk kitabı "Ömür qoyub gedənlər" (1998) Tovuz rayonunun Böyük Qışlaq bölgəsinin şəhid övladlarından bəhs edir. Türk dünyasının görkəmli şəxsləri seriyasından "Nursultan Nazarbayev" siyasi portreti kitabçasının müəllifidir (2002). Həmin il nəşr olunan "Azərbaycan türkologiyası"nın (1920-1938) tərtibçilərindən biridir.Əkbər Qoşalının müəllifi, tərtibçisi, redaktoru, önsöz müəllifi olduğu 40-a yaxın bədii, elmi kitabı çıxıb. O cümlədən, “Ömür qoyub gedənlər”, “Azərbaycan türkologiyası” bibloqrafiyası (ortaq), “Altun bitik”, “Ölümlərin ötəsi”, “Çağdaş Azərbaycan Ədəbi Qurumları”, “Azərbaycan Gənclər Hərəkatı”, “Gəldik. Gördük. Yazdıq”, “Bölgələrdən səslər”, “Can Azərbaycan”, “Səs... Söz... Rəng...”, “Yeni nəsil tatar şeiri antologiyası”, “Yeni Qazax şeiri antologiyası”, “Özbək şeir çələngi”, “Qəlbdəki və qələmdəki Qarabağ”, “Fəzanın cazibəsi” və s.Əsərləri bir neçə dilə tərcümə olunaraq yayımlanıb. Dəfələrlə ölkə daxilində və xaricində keçirilmiş uluslararsı konfrans, simpozium və festivallarda nümayədə və nümayəndə heyətinin başçısı olaraq iştirak etmişdir.Ailəlidir, üç övladı var.Ə.Qoşalının əməyi dövlətimiz və hökumətimiz tərəfindən yüksək qiymətləndirilib.Azərbaycan Prezidentinin 1322 saylı Sərəncamı ilə “Tərəqqi” medalı,Azərbaycan Prezidenti adından Müdafiə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Ordusu-100” yubiley medalı,Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü (2008),“Respublika Gənclər Mükafatı” (2002),“Fəxri Gənc” Qızıl Döş Nişanı (2010),Rəsul Rza Fondunun “Rəsul Rza” Mükafatı (2009),Qırğız Respublikası “TOKTOKUL SATILGANOV Fondu”nun medalı (2014),Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinın “Fəxri fərmanı”, Qazaxıstanın “Töleqen Ayberqanov” (2016) və“GÜLTEKİN” medalı (2018),TÜRKSOY-un plaketi (2014), “Fəxri fərman”ı (2015),İraq Gənclər və İdman Nazirliyinin gümüş plaketi (2013),Makedoniya Mədəniyyət Nazirliyinin “Təşəkkür Bəlgəsi”,Arxangelsk (RF) Vilayəti Mədəniyyət Nazirliyinin “Fəxri fərman”ı (2017),Rusiya Yazıçılar Birliyinin “Fəxri fərmanı” (2017),Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatı Respublika Komitəsinin, AGİN-in, Azərbaycan Müdafiə Nazirliyinin, Azərbaycan Jurnalistlər Birliyinin (2003), Milli QHT Forumunun, Makedoniya “Ufuk” Vəqfinin, Makedoniya Türk QHT-ləri Birliyinin, Tatarıstan Yazıçılar Birliyinin, Çuvaşıstan Yazıçılar Birliyinin, Saxa (Yakutiya) Yazıçılar Birliyinin, Özbəkistanın nüfuzlu “Kitab Dünyası” qəzetinin, Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi Məclisinin, Gənc Qaqauz Yazıçılar Birliyi, Azərbaycandakı Rus İcmasının və b.-nın “Fəxri fərman” və “Diplom”ları ilə təltif edilib.Biz də Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, mənim əziz dostum qardaşım, istedadlı qələm sahibi, tanınmış şair-nasir-publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü; Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu və sədri Əkbər Qoşalıya uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, şərəfli əmək fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,"Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru,filologiya üzrə fəlsəfə doktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.