Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub Təhsil » BDU 10 Aralık Bakı Dövlət Universitetində görkəmli alim və ictimai xadim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, BDU-nun sabiq rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədovun 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov görkəmli alimin zəngin elmi fəaliyyətindən danışıb. Bildirib ki, 1971-ci ildən 1987-ci ilədək BDU-nun elmi işlər üzrə prorektoru, 1987-1989-cu illərdə isə rektoru vəzifələrində çalışan Yəhya Məmmədovun fəaliyyət dövrü mürəkkəb illərə düşsə də, o, universitetdə tənəzzülün qarşısını almağa çalışıb, milli düşüncənin beşiyinə çevrilən bu təhsil ocağının başında böyük vətənpərvər bir ziyalının dayandığını ləyaqətlə nümayiş etdirib.Tədbirdə Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov “Görkəmli alim, ictimai xadim və elm təşkilatçısı” mövzusunda məruzə edib.Sonra çıxış və xatirələr dinlənilib. Professor Yəhya Məmmədovun həyat və elmi fəaliyyətindən danışan natiqlər, eyni zamanda, uzun müddət müdiri olduğu Hesablama riyaziyyatı kafedrasının fəaliyyətinə də toxunublar. Bildiriblər ki, görkəmli alim Yəhya Məmmədovun rəhbərliyi ilə kafedra çox geniş və əhatəli inkişaf yolu keçib, bu illərdə hesablama riyaziyyatı bir elm sahəsi kimi inkişaf edib və respublikada onun məktəbi yaranıb. Hesablama riyaziyyatı kafedrası bu gün dünyanın qabaqcıl universitetləri ilə sıx əməkdaşlıq əlaqələri qurub, əməkdaşlar nüfuzlu universitetlərdə təşkil olunmuş beynəlxalq elmi konfranslarda geniş məruzələrlə çıxış edirlər.Sonra professor Yəhya Məmmədovun ailə üzvləri adından akademik Kamal Abdulla çıxış edib.Konfrans iki gün davam edəcək və 4 bölmə üzrə 130 məruzə dinləniləcək.Mətbuat və informasiya şöbəsi, 10 dekabr 2015-ci il.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.