Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRAYYƏ MƏMMƏDOVA

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRAYYƏ MƏMMƏDOVA TƏBRİK EDİRİK!..

Bu gün - 17 sentyabr - dəyərli ziyalımız, tanınmış pedaqoq, təcrübəli müəllim, səmimi həmkar, gözəl qadın, nümunəvi valideyn, qayğıkeş ana, mehriban, xanım-xatın nənə, vətənpərvər, yurdsevər və xeyirxah insan, bir sözlə, çox hörmətli şəxsiyyət - Sürayyə xanım Məmmədovanın doğum günüdür!..


Sürayyə Yəhya qızı Məmmədova - 1958-ci ildə
qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) şəhərində ziyalı ailəsində anadan olub. (Atası Yəhya Mustafa oğlu Məmmədov birinci azərbaycanlıydıki Rusiyanın Voloqda şəhərində ali təhsil alıb öz vətəninə qayıtmış, Başkeçid pendir-yağ zavodunda bir mühəndis kimi əmək fəaliyyətinə başlamış və sonralar uzun müddət həmin zavodun direktoru vəzifəsində çalışmışdır.)

Sürayyə Məmmədova 1965-ci ildə Dmanisi şəhərindəki
1 nömrəli orta məktəbə daxil olub və 1975-ci ildə
həmin məktəbi müvəffəqiyyətlə bitirib.
Elə həmin il ali təhsil almaq üçün Bakı şəhərinə yollanıb
və burda Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus dili və ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universitetinə) daxil olub.
1979-cu ildə həmin ali məktəbi bitirib, taleyin hökmü ilə ailə həyatı qurub, Rusiyaya yollanıb və Saratov vilayətində ilk pedaqoji əmək fəaliyyətinə başlayıb.
Bir il sonra Çelyabinsk şəhərinə köçüb və orada öz müəllimlik fəaliyyətini 1987-ci ilə qədər şərəflə davam etdirib.

1987-ci ildə yenidən doğma Başkeçidə - Dmanisi şəhərinə qayıdıb və burada vaxtı ilə orta təhsil aldığı öz doğma məktəbində pedaqoji fəaliyyətini davam etdirib.
Ötən əsrin 90-cı illərində Başkeçiddə baş vermiş məlum olaylardan, təqib və təzyiqlərdən sonra, burada yaşayan minlərlə soydaşımız kimi, o da yenidən doğma Azərbaycana pənah gətirməli olub, Bakıya qayıdıb və burada - Sabunçu rayonundakı 94 saylı orta məktəbdə əmək fəaliyyətini davam etdirib.

1997-ci ildən isə pedaqoji fəaliyyətini Sabunçu rayonundakı 107 saylı orta məktəbdə davam etdirən Sürayyə Məmmədovanın qabaqcıl təcrübəsi nəzərə alınaraq 2002-ci il yanvarın 1-dən həmin rayondakı 271 saylı məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Düz doqquz il həmin vəzifədə ləyaqətlə çalışıb.
Həmin məktəbdə rus bölməsinin bağlanması ilə əlaqədar olaraq S.Məmmədova 2011-ci ildən pedaqoji fəaliyyətini Nərimanov rayonundakı Evrika liseyində davam etdirib.
2017-ci ildən isə "İdrak" liseyində çalışır.

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı, dəyərli şəxsiyyət, zəhmətkeş və xeyirxah insan, dəfələrlə Fəxri fərman və mükafatlarla təltif olunan Sürayyə xanım Məmmədova həm də gözəl ana və mehriban nənədir: 2 övladı, 3 nəvəsi var.
Oğlu - Rüfət Allazov 2005-ci ildə Azərbaycan Polis akademiyasını fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində işləyir.
Qızı Səbinə xanım - İngilis dilinin tərcümə fakütləsini bitirib. Peşəkar tərcüməçidir. Ailəlidir.

Biz də təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı, dəyərli şəxsiyyət,
çox hörmətli Sürayyə xanım Məmmədovanı bir daha doğum günü münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında
və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: