284 saylı orta məktəbdə "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbir keçirilib Məktəblər, "Elm və Təhsil" 18 Ocak UNUTSAQ, UNUDULARIQ!.. Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) "20 Yanvar" faciəsinin 32-ci ildönümü ilə baglı F-07 nömrəli əmrinin icrası məqsədlə paytaxtda fəaliyyət göstərən bütün təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş bir sıra silsilə tədbirlər keçirilib. Məktəblərdə "20 Yanvar - Zəfərə gedən yol",“20 Yanvar - Azadlığa gedən yolun zirvəsi”, “20 Yanvar sınağı: azərbaycançılıq nümunəsi”, “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, bədii qiraət gecələri və s. təşkil edilib. BŞTİ-nin təhsil müəssisələrində xalqımızın milli qürur günü ilə bağlı xüsusi dərslər, kitab, foto və rəsm sərgiləri, həmçinin pedaqoji kollektiv və şagirdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub. Tədbirlərdə BŞTİ rəhbərliyi, İdarənin əməkdaşları, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər. Bakı şəhəri Qamət Abbasov adına 284 saylı tam orta məktəbində də Qanlı 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar məktəbin mövcud Fəaliyyət Planına əsasən bir sıra tədbirlər keçirilib. Belə tədbirlərdən biri də məktəbin 5 e və 5 c siniflərində “Azərbaycan tarixi” fənninin müəllimi Zöhrə Səmədovanın təşkilatçılığı ilə təşkil olunub. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan "20 Yanvar - Zəfərə gedən yol" adlı tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb. Qeyd olunub ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib. Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyiblər, çəkdikləri rəsmləri və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Tədbirdə məktəbin dərs hissə müdürü Sevda Əmirova, 5e sinifinin rəhbəri Elmira Qoşquyeva, 5c sinifinin rəhbəri Rəşadət Tapdıqova, məktıbin məzunu olmuş Şəhid Ramil Hüseynovun bacısı Aynur Hüseynova və onun dostları da iştirak ediblər.Məktəbin direktoru Nizami Novruzov tədbiri yüksək dəyərləndirib və zəhməti keçən hər bir şəxsə təşəkkürünü bildiririb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.