Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib Təhsil » Nazirlik 12 Şubat Fevralın 12-də Təhsil Nazirliyində orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı mətbuat konfransı keçirib.Mətbuat konfransında bildirilib ki, orta ixtisas təhsili pilləsində tədrisin səmərə və keyfiyyətinin yüksəldilməsi zərurəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarına əsasən eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb. Qərara görə, 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.Təhsil Nazirliyinə bu qərarın icrası nəticəsində qənaət olunan maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsi, həmçinin müvafiq maddi-texniki bazasının təhsil sisteminin məqsədləri üçün istifadəsinin təmin olunması tapşırılıb.Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması nəticəsində tələbələrin sayı azalmadığına görə müəllimlərin dərs yükü mövcud səviyyədə qalacaq. Beləliklə, qəbul olunmuş qərar müəllimlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək.Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması bu təhsil pilləsində kadr hazırlığının səmərə və keyfiyyətinin yüksəldilməsinə, müasir təhsil sisteminin tələblərinə cavab verməsinə xidmət edir. Təhsili idarəetmə sisteminin və infrastrukturunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması və ölkəmizin inkişaf konsepsiyasına uyğun yenidən qurulması tədbirləri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilir.Sonda jurnalistlərin çoxsaylı sualları cavablandırılıb. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.