Şərəfli peşə sahibi - Süsən Qulamova Tv 30 Mart 830 100 1 2 3 4 5 "MÜƏLLİMLƏRİMİZ" Süsən Rəhman qızı Qulamova - 1983-cü il may ayının 16-də Bakının Maştağa qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini Maştağada yerləşən C.Cabbarlı adına 187 saylı tam orta məktəbdə alıb. Sonra təhsilini Şuşa Pedaqoji Kollecində davam etdirərək ibtidai sinif müəllimi ixtisasına yiyələnib. 2003-cü ildən vaxtıilə oxuyub təhsil aldığı elm ocağında ibtidai sinif müəllimi kimi çalışır. Süsən müəllimə şagirdlərinə təkcə ilkin bilikləri öyrətməklə kifayətlənmir. Onun ümdə məqsədi vətənə, cəmiyyətə layiqli vətəndaş yetişdirməkdən ibarətdir və uşaqlara bu keyfiyyətlərə sahib olmaları üçün müxtəlif biliklər, vərdişlər aşılayır. Süsən müəllimə bilik və bacarıqlarını artırmaqdan ötrü bir çox beynəlxalq təlimlərdə iştirak edib və onun iştirakı sertifikatlarla dəyərlərləndirilib. O, Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən 2022-ci ildə "İlin müəllimi", 2023-cü ildə isə "İlin fəal müəllimi" seçilib. Süsən müəllimənin hazırda rəhbərlik etdiyi lll b sinfinin şagirdləri müxtəlif məntiq yarış və olimpiadalarında iştirak etmişlər.Nəzrin Ramin qızı Məmmədzadə - 2021-ci ildə keçirilmiş HYKMO riyazi-məntiq olimpiadasında və Kənan Zaur oğlu Allahverdi - 2023-cü ildə keçirilmiş TİMO riyazi-məntiq olimpiadasında bürünc medal qazanmışlar. Süsən müəllim eləcə də, "Gənclər təşkilatı" və bir neçə ictimai birliklə birlikdə tədbirlər hazırlamış, videoçarxlar çəkmiş, fləşmoblar hazırlamışdır. Buna nümunə kimi lll b sinifinin "İrəli" İctimai Birliyinin gəncləri ilə birlikdə əməkdaşlıq edərək ərsəyə gətirdikləri "20 Yanvar" faciəsini təcəssüm etdirən "ƏBƏDİ MƏSƏL" flaşmobunu göstərə bilərik. "Təhsildə inkişaf və innovasiyalar" üzrə hər il keçirilən Qrand layihələrin iştirakçısı olan Süsən müəllimə 2022-ci ildə keçirilən Vl Qrand müsabiqəsində "5 yaşlı kulturoloqlar" layihəsi ilə iştirak etmiş və qalib olmuşdur. Yeri gəlmişkən, qısaca da olsa, həmin LAYİHƏ haqqında da məlumat vermək istəyirik: Layihədə əsas MƏQSƏD: - azyaşlılarda düzgün davranış qaydalarını, düzgün danışığı, düzgün rəftarı, bir sözlə, etik qaydaları formalaşdırmaqdır.Kiçik yaşlarından başlayaraq uşaqlarda bu qaydaları vaxtında aşılamaq lazımdır ki, onlar məktəbə, I sinifə qədəm qoyanda artıq bu vərdişlərə yiyələnmiş olsunlar.QAYDALAR:- düzgün danışıq və nitq effektləri, nəzakətli sözlər;- düzgün rəftar, düzgün davranış.Qaydaları balacalara aşılamaq üçün Süsən müəllimə təlimlərdən istifadə edib. Təlimlər müxtəlif oyunlara, cizgi filmlərinə baxmağa, şəkillər üzərində nağıl, hekayə qurmağa, nağıl dinləməyə əsaslanıb. TƏDBİRİN XƏTTİ: Məktəb üzrə 5 yaşlı məktəbə hazırlıq qrupları arasından 20 nəfər seçilir və sadaladığımız ədəb-ərkan, nəvaziş qaydaları bu azyaşlılara dediyimiz qaydada aşılanır. NƏTİCƏ: Bütün bu təlimlərdən sonra uşaqlar məktəb daxilində dəhlizlərdə gəzərkən həm yaşıdları, eləcə də, başqa şagirdlər arasında hər hansı xoşa gəlməz hərəkət, söz görəndə onlara vərdişləri tövsiyə etmişlər. Yəni : "dostlar, belə deməməliyik, belə davranmamalıyıq" kimi düzgün davranış qaydalarını uşaqların dilindən eşitmək çox sevinc verici bir haldır. Öz yaşıdları arasından seçilmiş bu 20 azyaşlı öz yaşıdlarına nümunə oldular, qazandıqları təcrübəni onlarla bölüşdülər və layihə kiçik tədbirlə yekunlaşdırıldı. Tədbirdə, uşaqların şirin tələffüzləri ilə, ədəb-ərkan qaydalarına həsr olunmuş şeir ifa olundu.Layihənin sonunda uşaqları dəyərləndirərək sertifikatlar təqdim olunmuşdur. Biz də Süsən müəlliməyə, eləcə də, onun şagirdlərinə yeni-yeni uğurlar arzulayırıq və aşağıda həmin tədbirdən hazırlanmış kiçik bir video-roliki dəyərli izləyicilərimizə təqdim edirik!..Ülviyyə MƏHƏMMƏD,"Elm və təhsil" qəzetinin şöbə müdiriZiM.AzZiM.Az/Tv təqdim edir:"5 yaşlı kulturoloqlar"ZiM.Az/Tv. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.