Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimatı olub Yeni nəşrlər, Tiflis 4 Haziran 2017-ci il iyunun 4-də Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, uzun müddət hüquq-mühafizə sistemində və prokurorluq orqanlarında məsul vəzifələrdə çalışmış, "Azərbaycan Bayrağı" ordenli alim,hüquq elmləri doktoru,baş ədliyyə müşaviri, Şirxan Adıgözəlovun Tbilisidə gürcü dilində nəşr olunan “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” adlı kitabının təqdimatı keçirilib.Tbilisidə fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva açıb. O, ölkələrimiz arasındakı mədəni əlaqələrdən danışıb, elm adamlarının əsərlərinin Azərbaycan və gürcü dillərinə tərcümə olunmasının münasibətlərimizin inkişafına töhfə verdiyini vurğulayıb və Gürcüstanda ilk dəfə olaraq multikulturalizmdən bəhs edən kitabın təqdimatının keçirildiyini bildirib. Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili çıxışında azərbaycanlıların kompakt yaşadığı Marneulidə azərbaycanlıların və gürcülərin birlikdə multukulturalizmi həyata keçirdiklərini bildirib. O qeyd edib ki, əsrlərlə birgə yaşayan hər iki xalq öz adət-ənənələrini yaşadır və bayramlarda və tədbirlərdə bir-birinə qonaq gedir, mehriban və sülh içində yaşayırlar. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Azərbaycanda multikultural dəyərlərin inkişafından və bu dəyərlərin dünyanın bir çox ölkələrinə nümunə olacağından söz açıb, ölkələrimiz arasındakı oxşar xüsusiyyətlərdən, mədəni dəyərlərdən, hər iki ölkədəki tolerantlıqdan danışıb, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğu nəzərə çatdırıb, Azərbaycanın multikultural dəyərlərinin dünya ölkələri üçün nümunə olduğunu bildirib. Bakıda keçirilən idman oyunlarının və bir sıra mötəbər tədbirlərin yüksək səviyyədə təşkil edilməsinə diqqət çəkən səfir bunun Azərbaycanın uğurlarını göstərən nümunələrdən olduğunu deyib. O, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Şirxan Adıgözəlovun müəllifi olduğu “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının gürcü dilinə tərcümə olunmasını yüksək qiymətləndirib. Tədbirdə iştirak edən kitabın elmi redaktoru, Azərbaycan Prezidenti yanında Siyasi Araşdırmalar İnstitutunun direktoru, Azərbaycan Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov çıxışında müasir dünyada baş verən proseslərdən, Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətlərindən danışıb. O, qloballaşan dünyada cərəyan edən bəzi xoşagəlməyən hadisələrə toxunub, tolerantlıq və multikultural dəyərlərə xüsusi önəm verməklə yanaşı, həmin dəyərləri qoruyaraq dünyaya önəmli mesajlar çatdıran Azərbaycanın bu sahədə əldə etdiyi uğurları diqqətə çatdırıb. Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, “Gürcüstan” qəzetinin redaktoru, Əməkdar Jurnalist İslam Əliyev, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaak Novruzov, gürcü ziyalılarından - kitabın rəyçilərindən biri olan ART Paralel TV-nin rəhbəri Tengiz Txilava, Həkimlər Liqasının sədri Qiya Salakveridze və başqaları çıxış edərək müasir dövrdə multikulturalizmin aktuallığından, Gürcüstanda yaşayan xalqların dostluğundan, Azərbaycan və gürcü xalqlarının əsrlərdir davam edən qardaşlıq münasibətindən danışıblar, kitabda Azərbaycan kontekstində dövlətin həyata keçirdiyi siyasətin geniş təhlilinin aparıldığını vurğulayıb, Azərbaycan ilə Qərb arasındakı multikultural dəyərlərin oxşar və fərqli cəhətlərindən söz açıblar.Multikulturalizm mövzusunun hər zaman aktual olduğunu və son zamanlar multikulturalizmin Azərbaycanda və Gürcüstanda həyatın bir hissəsinə çevrildiyi vurğulayan çıxışçılar Azərbaycanda dini konfessiyaların qanun qarşısında eyni statusa malik olduğunu, multikulturalizmin Azərbaycanda dövlət səviyyəsində inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd ediblər və multikulturalizm ənənələrindən bəhs edən və gürcü oxucuları tərəfindən yüksək qiymətləndirilən bu yeni kitabın multikulturalizmin öyrənilməsində, təbliğində mühüm rol oynayacağı bildiriblər. Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Azərbaycan-Gürcüstan xalqları arasında dostluğun qorunub saxlanılmasında əvəzsiz xidmətlərinə görə kitab müəllifi Şixan Adıgözəlova və kitabın elmi redaktoru professor Elman Nəsirova Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin diplomunu təqdim edib.Professor Elman Nəsirov isə səfir Dursun Həsənova, muzeyin direktoru Leyla Əliyevaya, “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyevə, kinorejissor, kitabın tərcüməçisi Tengiz Txilavaya və «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri, Azərbaycan və Gürcüstan Jurnalistlər Birliklərinin üzvü, Gürcüstanın “Şərəf” və “Şöhrət” ordenləri kavaleri Şahismayıl Şəmmədoğluna Siyasi Araşdırmalar İnstitutunun diplomlarını təqdim edib. Sonda müəllif Şirxan Adıgözəlov kitabın iki dildə çap olunmasından və təqdimat mərasiminin Tbilisi şəhərində keçirilməsindən məmnun olduğunu vurğulayıb, kitabın nəşrində və təqdimatında əməyi olanlara təşəkkür edib, öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu kitabın başqa ölkələrdə də təqdimatlarının keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, kitabın elmi redaktoru Milli Məclisin üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov, rəyçilər Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və ART Paralel TV-nin rəhbəri Tengiz Txilavadır.Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, uzun müddət hüquq-mühafizə sistemində və prokurorluq orqanlarında məsul vəzifələrdə çalışmış "Azərbaycan Bayrağı" ordenli alim, hüquq elmləri doktoru, baş ədliyyə müşaviriŞirxan Adıgözəlovu yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.