YUBİLYARDAN HƏDİYYƏ

  YUBİLYARDAN  HƏDİYYƏ Bir neçə gün öncə sosial mediadan professor Mədəd Çobanovun “Azərbaycan antroponimiyasının əsasları” kitabının çap olunduğunu oxumuşdum. Bu qəbildən olan kitablar maraq dairəmdə olduğundan yuxarıda adı qeyd olunan kitabın da şəxsi kitabxanamda olmasını çox istəyirdim. Kitabın müəllifi Mədəd Çobanov olduğundan həmin kitabın məndə olacağına heç bir şübhəm yox idi. Çünki, Mədəd müəllimi kitabları və oğlu, dostum tanınmış jurnalist, naşir, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı vasitəsi ilə tanıyıram. Müşfiq Borçalı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində eyni vaxtda, o, filologiya, mən isə tarix fakültəsində təhsil almışıq.Tələbəlik illərindən onu şəxsən tanıyırdım. Sonralar “Borşalı toponimləri” kitabının həmmüəllifi (digər müəllif Mədəd Çobanovdur; B.,2012) kimi ona yazdığım məktub (məktubda kitabdan bir nüsxə mənə göndərməsini xahiş etmişdim, dərin təşəkkür hissi ilə bildirirəm ki, kitabı mənə göndərmişdir) dostluğumuza səbəb olmuşdur. Hal-hazırda Lənkəran bölgəsinin tarixi, toponimləri və etnoqrafiyası ilə bağlı yazılarım mütəmadi olaraq Müşfiq müəllimin baş redaktoru olduğu ZİM.Az saytında yerləşdirilir.

Müşfiq Borçalının atası Mədəd Çobanovun 80 illik yubileyi ilə bağlı keçiriləcək tədbirə məni dəvət etməsi “Azərbaycan antroponimiyasının əsasları” kitabı ilə bağlı istəyimin reallaşmasına səbəb oldu. 12 iyul 2017-ci il tarixində, saat 14.00-da Bakıda Atatürk Mərkəzində keçirilən yubiley tədbirində iştirak etdim. Yubilyar Mədəd Çobanov kimdir?

  YUBİLYARDAN  HƏDİYYƏ Mədəd Namaz oğlu Çobanov tanınmış türkoloq, görkəmli dilçi-alim, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professordur. 1937-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində anadan olan Mədəd Çobanov Tbilisi Dövlət Pedaqoji İnistitutunun tarix-filologiya fakültəsinin 1960-cı il məzunudur. Səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olan alim 80-ə yaxın kitabın, ali və orta ümumtəhsil məktəbləri üçün 28 proqramın, 100-ə yaxın jurnal və elmi məcmuə məqalələrinin, 600-dək elmi-tənqidi məqalənin, 100-dən çox rəy və məruzənin, 220-dən çox oçerkin müəllifidir.Mədəd müəllimi digər elm və yaradıcı şəxslərdən fərqləndirən əsas cəhətlərdən biri də “Həyatnamə” adlı kitab yazmasıdır. 2012-ci ildə çap olunan 210 səhifəlik bu kitabda alimin həyat və yaradıcılığı xronoloji ardıcıllıqla verilmişdir. “Həyatnamə” adı mənə sanki “Şahnamə”, “Dəhnamə”, “Nəsihətnamə”, “Səyahətnamə”, “Əxbarnamə”, “Hophopnamə” və digər məşhur kitabları xatırladır. Mənim üçün sevindirici haldır ki, Müşfiq Borçalıya 7 yanvar 2012-ci il tarixində ünvanladığım məktub “Borçalı toponimləri”ni “Kredo” qəzetindən oxuyuruq” başlığı altında “Həyatnamə” kitabında (səh.154) verilmişdir. Professor Mədəd Çobanovun 80 illik yubiley tədbirində Azərbaycan elminin, mədəniyyətinin və ictimaiyyətinin görkəmli nümayəndələri ilə bir yerdə olmaqdan böyük məmnunluq hissi keçirdim. Tədbirdə Mədəd Çobanov müəllifi olduğu “Azərbaycan antroponimiyasının əsasları” kitabını mənə hədiyyə etdi. Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun rəy yazdığı bu kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Afat Qurbanovdur. Kitab 2017-ci ildə Bakıda “Borçalı” nəşriyyatında 500 tirajla çap edilmişdir (üçüncü nəşr).Kitabın I və II nəşrləri müvafiq olaraq 1983 və 1998-ci illərdə olmuşdur. 412 səhifəlik “Azərbaycan antroponimiyasının əsasları” kitabı Təhsil Nazirliyi tərəfindən ali məktəb tələbələri üçn dərs vəsaiti kimi təsdiq edilmişdir. Olduqca səlis və rəvan bir dildə yazılmış bu vəsait “Bir neçə söz”, on üç fəsil və nəticədən ibarətdir. Kitabda dilçiliyin adları öyrənən şöbəsi olan onomologiya, antroponimlərin inkişaf tarixi, sistemi, köməkçi ad kateqoriyaları, antroponimiyada ad və adqoyma ənənələri, antroponimik hadisələr, adların mənşəyi və s. haqqında geniş məlumat verilmişdir. Kitabı böyük diqqət və maraqla oxuyub toponimika və onun bir sahəsi olan antroponimlər haqqında əlavə bilgilər əldə etdim.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Azərbaycan antroponimiyasının əsasları” kitabından ali məktəblərin filologiya fakültəsinin tələbələri, dil-ədəbiyyat, tarix və coğrafiya müəllimləri, magistrlər, doktorantlar, toponimika və antroponimika ilə məşğul olanlar faydalana biləcəklər. Zənnimcə, vəsaitdə adlar, familiya (soyad), təxəllüs və ləqəblər haqqında olan yazılar kimliyindən asılı olmayaraq hamı üçün maraqlı olacaqdır. Azərbaycan antroponimiyasına böyük töhfə olan “Azərbaycan antroponimiyasının əsasları” kitabı da professor Mədəd Çobanovun “Həyatnamə”“Borçalı toponimləri” kitabları kimi şəxsi kitabxanamın “qızıl fond”unu təşkil edən kitablar sırasındadır.

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi, bələdiyyə və AJB-in üzvü,
“Qızıl qələm” mükafatı laureatı

20.07.2017



ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: