HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ Folklor, Bolus 13 Kasım AŞIQ HÜSEYN SARAÇLI -100 Bu günlərdə XX əsrdə Azərbaycan aşıq sənətinin inkişafında müstəsna xidmətləri olmuş ustad aşıq Hüseyn Saraçlının "Nəğməli sinəmdə yüz dastan yatır” adlı kitabı nəfis şəkildə işıq üzü görüb. El ağsaqqalı Həbibov Məhəmməd Abdulla oğlunun dəstəyi ilə Bakıda "Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş kitabın tərtibçisi və redaktoru Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, məsləhətçi Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, rəyçi isə professor Şurəddin Məmmədlidir. Kitaba ustad aşığın qoşmaları, gəraylıları, deyişmələri və dastan repertuarından seçmələr daxil edilib.Xatırladaq ki, bu ilin yazında bu böyük sənətkarla bağlı xatirə kitabı da işıq üzü görüb. "Hüseyn Saraçlı” adlı bu kitabın da nəşrə hazırlayanı və redaktoru Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, məsləhətçisi isə mərhum Xalq şairi Zəlimxan Yaqubdur.Kitabda əsasən bu böyük sənətkarla bağlı müxtəlif illərdə yazılmış yazılar, xatirələr, ona ithaf olunmuş şeirlər toplanıb.Musa Nəbioğlu hər iki kitabı Hüseyn Saraçlının anadan olmasının 100 illik yubileyinə töhfə olaraq hazırladığını bildirib. Xatırladaq ki, Aşıq Hüseyn Saraçlı 1916-cı ildə qədim Borçalı mahalında – Saraçlı kəndinə anadan olub, Borçalı aşıq mühitinin ən məşhur nümayəndələrindən olmaqla, bütövlükdə Azərbaycan aşıq sənətinin inkişafında əvəzsiz xidmətləri ilə seşilib, məşhur dastan ifaçısı kimi tanınıb, Gürcüstanın Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb. 1987-ci ildə dünyasını dəyişən Hüseyn Saraçlının doğma kəndində büstü ucaldılıb, ölümündən sonra hər il xatirə günü qeyd olunur.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.