Peyğəmbərin uşaqlığı... (Epik-dramatik poema) Poeziya, Qarayazı 16 Mayıs Mərhəmətli, Rəhmli Allahın adı ilə!Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir).Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allaha tərəf qaytarılacaqdır!Gecəni gündüzə, gündüzü də gecəyə qatan Odur. O, ürəklərdə olanları biləndir!(Ey insanlar!) Allaha və Peyğəmbərinə iman gətirin. əl-Hədid surəsi, ayə: 1-7.Başlanğıc(Yaxınlıqdakı məsciddə sübh azanı çəkilir. Şair namaz qılır. Namazı qılıb qurtarandan sonra, əllərini göyə açıb dua edir.)Ş a i rYa Rəbbi! Nə mislin, nə şərikin, nə tayın var,çatmaz ucalıqda Sənə sonsuz ucalıqlar.Gözlər görə bilməz Səni, Sən zirvədə təksən,daim dirisən, daima dövran sürəcəksən!..Ey şahi-ədalət, nə gözəl səltənətin var!Heyrət, yenə heyrət, nə müqəddəs sənətin var!Nurunla işıqlandı Sənin hər iki dünya,bir zərrə işıq ver, yaşasın məndəki dünya!..(Hava yavaş-yavaş işıqlaşmağa başlayır. Günəş bütün əzəməti ilə yüksəlir, göy üzü büllur çilçıraq kimi alışıb yanır. Şair ayağa qalxır. Dərin düşüncədən sonra, bir əlini sinəsinə qoyaraq)Ş a i r Necə qüdrətli bir insan, necə şəfqətli bir əl,qəlbi, vicdanı günəşdir, üzü aydan da gözəl.O deyir - “zülmə baş əymə!”, O deyir - “haqq yola gəl!”,Seçirik haqqı nahaqdan, sevirik Allahı biz,sevgili Peyğəmbərimiz!Sözü dürr, söhbəti dürr, dünyaya hikmətlə gəlib,eşqi düz, ilqarı düz, dumduru ülfətlə gəlib,şərə nifrətlə gəlib, xeyrə məhəbbətlə gəlib,ruhu pak, xisləti pak, niyyəti pak, fikri təmiz – sevgili Peyğəmbərimiz!Zamanın zülmətini yarmaq üçün göndərilib,ucalıq zirvəsinə varmaq üçün göndərilib,bütün insanlığı qurtarmaq üçün göndərilib, iki aləm günəşi, baş tacımız, sərvərimiz –sevgili Peyğəmbərimiz! Birinci fəsil(Gecə. Ay işığı. Aminə evinin pilləkənində oturub, əlini çənəsinə söykəyib, aylı səmanı seyr edir. O, kədərli və düşüncəlidir.) A m i n əÇəkilib tarıma qəlbimin simi,yenə fikirliyəm, kədərliyəm mən.Yenə ay işığı tül pərdə kimiasılıb göylərin pəncərəsindən.(aya baxıb deyir)Yatanlar nə bilir yuxusuzuq biz?..Sən göydə oyaqsan, mən yerdə oyaq. Amma yuxu deyil bizim dərdimiz,bizi kim duyacaq, kim anlayacaq?(Aminə ayağa qalxıb evə girir. Qapı ağzında ayaq saxlayır, çiynini qapıya söykəyib, yatmış Abdullaha baxır.)A m i n ə(məhzun)Oh, mənim həbibim!.. Şahım, sərvərim –çöhrəsi ay kimi işıqlı adam!..Səninlə yaşanıb əziz günlərim,səninlə xoşbəxtəm, səninlə şadam.Eşqi ərşə qalxan odam, ocağam,yağacaq üstümə leysan, elə bil!Sanki yuxudayam, oyanacağam, sanki bu səadət mənimki deyil!(Aminə fikirli-fikirli o biri otağa keçir. O, pəncərəyə yaxınlaşıb, bayırı seyr edir.)A m i n əSəhərə az qalıb... Səhər obaşdanticarət karvanı tərpənəcəkdir.Abdullah gedəcək, mənsə nigaranonu gözləyəcəm... o, dönəcəkdir!..(kürəyini pəncərəyə söykəyir, həyəcanlı)Of, yenə şübhələr, yenə qorxular!..Yenə ürəyimdə fırtınalar var!(üzünü əlləriylə örtüb ağlayır.)* * *Söküldü göylərin qara ilməsi,ağardı dan yeri xam gümüş kimi.Abdullah getmişdi, amma zövcəsihələ qapıdaydı... ah, hicran qəmi!..Abdullah onunla vidalaşaraqhava açılmamış yola düzəldi.Aminə gözlədi, gözlədi... ancaqAbdullah gəlmədi, xəbəri gəldi!.. Karvan qayıdıb gəlmişdi. Abdullah gəlməmişdi. Dedilər: “O, ticarət yolçuluğundan qayıdanda qəfil naxoşlayıb, Mədinədə dayısının yanında qalıb”. Əbdül-Müttəlib xəbəri eşidən kimi oğlu Harisi Mədinəyə göndərdi...İkinci fəsil(Mədinə şəhəri. Vaxt günbatan çağıdır. Sakit üfüqlər köz kimi alışıb yanır. Abdullah halsız bir şəkildə uzanıb. Üstünü örtüblər. O, üzünü pəncərəyə tərəf çevirib, qürub edən günəşə baxır.)Könlümün bağçası uçmuş, bağı üryan, ölürəm,yandı bağrım hicr ilə, can evi büryan, ölürəm.Göz yaşın yağmur elə, səp sinəmin atəşinə,gəl yetiş naləmə, ey didəsi giryan, ölürəm!..Hardasan, ey gözümün nuru həbibim, hardasan?..Ölürəm, səndən uzaq halı pərişan ölürəm. Fərağın insafı yox, cövr eləyir xəstə cana,ahü zar etdi könül, yandı biyaban, ölürəm.Əsdi hicran küləyi, coşdu tufan, söndü çıraq,oldu vəslin yuvası yer ilə yeksan, ölürəm.Ey təbib, can verirəm, dərdimə axtarma dəva, əmri bəklər sinədən çıxmaq üçün can, ölürəm. Söyləyin sevgilimə gözləməsin bir də məni,deyin - “onsuz qayıdır Məkkəyə karvan”, ölürəm!..Son ürək sözlərimi söyləmədim mən ki sənə,qəbrimin üstünə gəl, sərvi-xuraman, ölürəm!Üçüncü fəsil Haris Mədinəyə gəlib çatdı. Ancaq gecikmişdi, çox gecikmişdi... Haris darısqal həyətə girdi. Qara çarşablı bir qarı qapı ağzında oturmuşdu. O, çarşabını ağzına tutub için-için ağlayırdı. Haris, arvadı görər-görməz nə baş verdiyini anladı. Amma inanmadı, inanmaq istəmədi. Qapı aralı idi. Haris qapını ehmalca itələyib içəri keçdi. Abdullahın üzünü örtmüşdülər. Qohum-əqrəba ətrafına yığılıb ağlayırdılar. Harisin gözləri qaraldı, qulaqları batdı. Kürəyini divara söykəyib, başını sinəsinə əydi... ... Haris qara xəbərlə Məkkəyə qayıtdı. Bu xəbər bütün ailəni sarsıtdı, göz yaşlarına qərq etdi...Aminə ah çəkdi... ey odlu firqət!.. Bu necə xəbərdi, bu necə dəhşət! Bütün ümidləri saraldı, soldu,bütün arzuları yandı, kül oldu!..Həyatın qəribə təzadına bax:qəlbində boşluq var, bətnində uşaq!A m i n ə(göz yaşları içində)Mənim ciyərparəm, ürəyim, canım,dünyaya gəlməmiş yetim qalanım!..A b d u l l a h ı n x ə y a l ı(görünür)Ağlama, sevgilim... ölüm ki, haqdır!..Tutub bu dünyanı kim qalacaqdır?..(çəkilir.) * * *İstər az, istərsə dünyaca dərd çək,qırılma, əyilmə, dərdi də mərd çək!Aminə dünyaca dərd çəkən oldu,dünyaca dərdini mərd çəkən oldu!Bu ağrı, qəlbini doğradı, əzdi,yenə şax dayandı, vüqarlı gəzdi.İtirdi yarını... yenə eşqinənur səpdi göylərin hilalı kimi...Aminə yazıldı Şərqin qəlbinəqadın vəfasının timsalı kimi!..Dördüncü fəsil(Əbdül-Müttəlibin evi. Kiçik və sadə bir otaq. Evin xidmətçisi Ümmü Eymən otağı səliqə-səhmana salır. Aminə pəncərə önündə, əli çənəsində əyləşmişdir. O, fikirlidir.)Ü m m ü E y m ə n (Aminəyə baxıb düşünür) Onu əfkarlı, sınıq, halı pərişan görürəm,ürəyi qana dönüb, bağrını şan-şan görürəm!Bu qədər ağlasa kim, göz yaşı əlbət quruyar,baxıram gözlərinə, orda bir ümman görürəm.Hanı vəsl ilə gülən sevginin aydın səhəri?..Əsdi yel, söndü çıraqlar, şəbi-hicran görürəm!..A m i n ə (çönüb ona baxır) Ümmü Eymən, bu nə qəmdir, nə müsibət görəsən?!Nə üçün gəldi fəraq, getdi səadət görəsən?!..Gözlədim hər səhər, axşam yarımın yolunu mən,gəlmədi, gəldi xəbər... ah, bu nə dəhşət görəsən?!..Ölüm – Allah qərarı, etmərəm üsyan əsla!..Fələyin bildiyi vardır, bu nə hikmət görəsən?..Beşinci fəsil(Şair “Qurani-Kərim”i öpüb gözünə qoyandan sonra, kitabı sinəsinə sıxıb, məmnun halda gülümsünür.)Ş a i rBütün kainatın sərvəri, nuru,bütün insanlığın fəxri, qüruru,ay kimi işıqlı, su kimi duru,Məhəmməd Mustafa dünyaya gəldi!Gəldi könüllərdə günəş yandıra,bütün kainatı işıqlandıra.Gəldi cəhaləti əzə, sındıra,Məhəmməd Mustafa dünyaya gəldi!Sevindi yer üzü, sevindi göylər,ərzə gözaydınlıq verdi mələklər.Çəkildi qaranlıq, açıldı səhər,Məhəmməd Mustafa dünyaya gəldi!* * *Aminə! Aminə, oyan yuxudan,Aminə! Aminə, gözlərin aydın!..Elə bil, insan yox, günəş doğmusan,günəşi bətnində gəzdirən qadın!Bir oğul gətirdin bu dünyaya sən,bu ümmət haqqını itirməyəcək.Çünki heç bir ana daha bu gündəndünyaya Məhəmməd gətirməyəcək!Altıncı fəsil(Badiyə. Axşamdır. Yarıqaranlıq çadır. Yerə köhnə kilim sərilib. Bayırdan qarışıq səslər eşidilir: kimsə kiminləsə salamlaşır, uşaqlar oynaşır, qaçışır, qoyun-quzu mələşə-mələşə yamacdan dönür. Həlimə yorğun və fikirlidir. O, uşağın beşiyini asta-asta yırğalayır.)Seyr edin, fikrə dalıb bir Ərəbistan qadını,dinləyin dərdi böyük, qəmləri dastan qadını.Kömək ol, ey böyük Allah, fənadır xeyli halı,ac yatıb körpəsi, eyvah, boşalıb un çuvalı.Kasıbın sahibi Sənsən, Sənə bel bağlamalı,eşit, ey sahibimiz, gözləri giryan qadını!..Çağırır Allahı... imdad, daha bitsin çiləsi!..Necə məsumdu bu qəmgin duruşu, asta səsi.Zamanın xəncəri batmış, yaralanmış sinəsi,dəymə, tufan qoparar səhranın aslan qadını!Açılır göylərə hər gün dua üstündə əli,nə qədər qəm çəkib, ah, dünyaya insan gələli!..Yenə bir dağtək əyilməz görürük bir gözəli, – əyə bilməz həyatın qəm yükü sultan qadını!..H ə l i m ə (əllərini göyə açaraq)İlahi! İnsanı salma nəzərdən,insan günah edən, Sən əfv edənsən.Ucasan, Böyüksən! Biz nəkarəyik?Bir quluq, bir heçik, bir biçarəyik.Bağışla qulları, böyük Yaradan!Bağışla qulları, yazıqdır insan!.. (Haris təngnəfəs içəri girib, əlinin arxası ilə alnının tərini silir.) H a r i s (əlini havaya çırparaq)Eh, deyəsən dünya bizdən bac alır,kimi dəmdən, kim qəmdən bezardı.Qiymətini nə qaldırır, nə salır,biz təzəyik, dünya köhnə bazardı.Bu dünyanın əyrisi nə, düzü nə?Asta yeri, tikan batar dizinə.Tamarzıyıq bircə şirin sözünə,dedikləri baş qaxıncı, azardı. Biri “yalan!” - dedi, biri “düz!” - dedi,bu nə mərəkədi, nə həngamədi?Bilmirəm kiminçün nəçidi, nədi,bu gen dünya kasıb üçün məzardı.H ə l i m ə (şəfqətlə gülümsəyərək)Nəyə gərək cah-cəlallı saraylarxeyir yoxsa, sevgi yoxsa ürəkdə?Bir evdə ki məhəbbət var, xeyir var,sənə şirin gələr yavan çörək də.Zəhmət çəkək, əlimiz var, çox şükür,dua edək, dilimiz var, çox şükür.İtirməyək həqiqətin yolunu,böyük Allah ac buraxmaz qulunu.İnsan inamını itirən zamanitirir hər şeyi, budur həqiqət!Ayaqsız, ya əlsiz yaşayar insan,inamsız yaşamaq - əsil fəlakət! * * * Vaxtaşırı Məkkəyə Badiyədən süd anaları gəlirdilər. Varlı ailələrin südəmər uşaqlarını əmizdirmək üçün götürüb, yenidən geriyə qayıdırdılar. Beləliklə, uşaqlar Məkkənin boğanaq havasından uzaq, sağlam böyüyürdülər, süd anaları isə pul qazanırdılar. Yenə Məkkəyə süd anaları gəlmişdilər. Həlimə onların arasında idi. Həlimə bura səfalətdən canını qurtarmaq, kasıblığın daşını atmaq ümidi ilə gəlmişdi. Badiyədə uzun müddət idi ki, quraqlıq və qıtlıq hökm sürürdü. Badiyə xalqının yeməyə çörəyi, içməyə suyu qalmamışdı. Həlimənin də uşaqları ac idi! Özünün də acından südü tamamən kəsilmişdi. Onu daşıyan sısqa ulaq da acından birtəhər olmuşdu, güclə yerindən tərpənirdi. Ona görə də Həlimə Məkkəyə hamıdan gec çatmışdı. Hərə bir uşaq tapıb götürmüşdü. Nə döyməyə qapı qalmışdı, nə götürməyə uşaq! Həlimə Məkkənin darısqal küçələri ilə fikirli-fikirli addımlayırdı. Qəfil, tanımadığı nurani bir qoca ilə qarşılaşdı. Qoca mülayim bir səslə dedi: – Qızım, bura adamına oxşamırsan?.. Üzgün görünürsən, bir dərdinmi var? – Badiyədən gəlmişəm, ağsaqqal. Əmizdirmək üçün uşaq götürmək istəyirdim... tapmadım... Görünür, qismət deyilmiş. – Adın nədir, qızım? – Həlimə. – Kimlərdənsən? – Bəni-Səd tayfasındanam. – Mənim südəmər nəvəm var, oğlumun oğludur. Ancaq yetim olduğu üçün sizinkilərin heç biri onu götürmək istəmədi. Yəqin fikirləşdilər ki, yetimi əmizdirmək qazanclı olmayacaq. – Əgər onların heç biri, qazanc xatirinə, yetim bir körpəyə süd vermək istəməyiblərsə, onda, heyif onların daşıdığı “ana” adına! Gedək, ağsaqqal! O uşağı mən götürəcəm! Əbdül-Müttəlib Həliməni evə gətirdi. Aminə otağın küncündə oturmuşdu. Qucağındakı körpə mışıl-mışıl yatırdı. Təzəcə yuxuya getmişdi. Həlimə ehmalca onun yanında oturdu. Uşağa nəvazişli, şəfqətli baxışlarla baxdı. Sonra başını qaldırıb Aminənin üzünə baxdı. Aminə xəfifcə gülümsündü. Həlimə: – Maşallah, nur topu kimi uşağınız var! Aminə: – Sağ olun! H ə l i m ə (yatmış körpəni əzizləyir) Ay üzlüm, dönüm başına,qoy qorusun Xudam Səni!Yaxşı ki, çıxdın qarşıma,görməyimə şadam Səni!Ciyərparəm, göz bəbəyim,gün işığım, tər çiçəyim.Ay şirinim, ay göyçəyim,çox istəyir adam Səni!Bəla gəlib bizim elə,aclıq aman vermir hələ.Qollarıma qüvvət gələ,başım üstdə tutam Səni! * * *H ə l i m əÖpüb, qucağıma götürdüm Onu,sinəmə süd gəldi, qoluma qüvvət.Bizim Badiyəyə gətirdim Onu,gəldi arxasıncan xeyir, bərəkət.Həmin gün gur yağış töküldü göydən,İlahi, gördüyüm yuxudur, nədir?Bir anlıq gözümə inanmadım mən,Dedim:– Aman Allah!.. Bu möcüzədir!Bayıra yüyürdük görüb yağışı,güldük, qucaqlaşdıq sevincimizdən.Yağışa qarışdı gözümün yaşıfərəhdən kövrəlib ağlayanda mən.Çəkdi üstümüzdən əlini darlıq,süfrələr düzəltdim, qazanlar asdım.– Sənin sovqatındı bu bəxtiyarlıq! -deyib Məhəmmədi bağrıma basdım.Qaldı evimizdə beş yaşınadək,Məkkəyə dönməyin çatmışdı vaxtı.Onu qucaqladım, gülümsəyərəkbaşını qaldırıb üzümə baxdı.Necə sağollaşıb, ayrılasan ki?..Yaman öyrəşmişik bir-birimizə!..İşıqdı, günəşdi, şəfəqdi sanki,ümidlər, sevinclər gətirdi bizə!..... Ülfəti, dostluğu bitirmədin Sən,oğulsan, dayaqsan mənə, Məhəmməd!Ölüncə haqqımı itirmədin Sən,südüm halal olsun Sənə, Məhəmməd!Yeddinci fəsilAminə naçardır, çarə nədir bəs?..Göz yaşı içində keçib altı il!..Onu unutsunmu? Unuda bilməz!..Onu gözləsinmi? O, dönən deyil!..Nə dönüş yeri var, nə ümid yeri,ürəkdən soruşun ayrılıq nədir!Məkkədə ağlayıb qəm çəkir biri,birinin məzarı Mədinədədir!..A m i n ə (çarəsiz) Ey günəş qucağı şəhri-Mədinə,bileydin nə çəkir yazıq Aminə!..Sənin torpağında sevgilim yatır,nə ünüm yetişir, nə əlim çatır!..(O, əlləri ilə üzünü örtüb hıçqırır.)Səkkizinci fəsil Aminə nə vaxtdı həm Abdullahın qəbrini ziyarət etmək, həm də Mədinədəki qohum-əqrəbasına baş çəkmək istəyirdi. Səfər üçün hazırlıq görüldü. Səhər obaşdan Aminə, uşağı və Ümmü Eymən Mədinə şəhərinə yola düşdülər. Aminənin gözləri kədərli idi. Məkkədən uzaqlaşdıqca, təkrar-təkrar çönüb geriyə baxırdı. Sanki bu şəhərlə, öz eviylə, burda keçən acılı-şirinli günləriylə səssiz-səmirsiz vidalaşırdı. Sanki geriyə qayıtmayacaqdı... Uzun və yorucu yolçuluğu başa vurub, Mədinə şəhərinə çatdılar. Aminə altı yaşlı oğlunun əlindən tutub, Onu Abdullahın qəbri üstünə apardı. Ümmü Eymən də onlarla getdi. Uşaq üzünü görmədiyi atasının görüşünə gəlmişdi! Onların ilk görüşü idi... Uşağın yaddaşına həkk olunan ilk və qəribə görüş... Sükuta qərq olub sakit üfüqlər,yerdə bir aləm var, göydə bir aləm.Bir məzar başında durub üç nəfər,mənalı gözləri dalğındır bu dəm...Yerdə bir aləm var, göydə bir aləm.Saralıb məzarın köhnə torpağı,hicranmı saraldıb onun rəngini?..Tökülüb bağçası, solub yarpağı,oynadır üstündə ölüm çəngini...Hicranmı saraldıb onun rəngini?..Məzarın bağrında yerin sirri var,O bağlı xaniman boynunu büküb.Sədasız dolanır burda ruzigar,üstünə illərin sükutu çöküb...o bağlı xaniman boynunu büküb.Aminə yaş tökür üstünə bu dəmqaralıb məhv olan bir səadətin!..Ağla, Ümmü Eymən, şahidi sənsəno ilk məhəbbətin, o ilk həsrətin,qaralıb məhv olan bir səadətin!.. Körpə Məhəmmədin halını bilsən! – Hicran küləkləri bağrını sökür!Uşaq anasının tutub əlindən,sakitcə ağlayıb göz yaşı tökür,hicran küləkləri bağrını sökür!Boynunu bükmüşdür fikrə dalaraq,xəyalı uçduqca uçur dərinə...Bəzən gözlərini qaldırıb uşaqgah məzara baxır, gah madərinə,xəyalı uçduqca uçur dərinə...Doqquzuncu fəsil Mədinə şəhərində bir ay qonaq qaldılar. Qayıtmaq vaxtı gəlib çatdı. Karvanqıran ulduzu şölələnəndə yolçular dəvələrinə minib, yola düşdülər. Aminə yolda qəfildən naxoşladı...* * *(Əbva kəndi. Axşam çağıdır. Əminə yüyəni çəkib dəvəsinin başını saxlayır, əlinin arxası ilə alnının tərini silir.)A m i n ə (sapsarı). Ümmü Eymən, halım fənadı. Deyəsən, bərk naxoşlamışam. Yol getməyə taqətim qalmayıb. Bir az dayanaq... (O, dəvəsindən enir.)Ü m m ü E y m ə n (o da dəvəsindən enir). İraq olsun, xanım! A m i n ə. Bura haradır, Ümmü Eymən?Ü m m ü E y m ə n. Əbva kəndidir, xanım. Gəl bu ağacın kölgəsində bir az oturaq, dincimizi alaq. Yəqin yorğunluqdandır, keçib gedər. (Ağac kölgəsində otururlar. Aminə kürəyini ağaca söykəyir.)Ü m m ü E y m ə n (tuluqdan su töküb ona verir). Su iç.A m i n ə (bir az su içir). Sağ ol, Ümmü Eymən. (başını əyib, əlini sinəsinə qoyur) Yox, bu keçən illətə oxşamır. Halım get-gedə pisləşir. Qoy bir az uzanım.(Ümmü Eymən onu yerə uzadır.) Ü m m ü E y m ə n (təlaşlı). Ay Allah, mən neyləyim?!.. Başına dönüm, xanım, qorxutma bizi! Qoy üstünü örtüm. (Onun üstünü örtür.)A m i n ə (Məhəmmədə)Oğul, gəl son dəfə öpüm üzündən,qoxlayım bağçamın çiçəyi kimi.Saçını son dəfə sığallayım mənxəfif bir ayrılıq küləyi kimi.Ayrılıq kədərli, ayrılıq yaman!..Mən Sənə göylərdən baxacam hər an...Başının üstündə günəş hər zamanyanacaq ananın ürəyi kimi!.. (... Aminə bu dünyaya gözlərini yumur...) Köçdün bu dünyadan... çarəsizəm mən!..Əlimdən nə gəlir, dayanmı deyim?!..Yuxuya getmisən, elə bil ki, sən...Oyanan deyilsən, oyanmı deyim?!..Getdin... qəfil oldu bu gediş, ana!..Sənsizlik nə böyük dərd imiş, ana!Nə deyim, nə deyim mən bu hicrana?Küləkmi, çovğunmu, tufanmı deyim?!..Ana, günmü gördün bu dünyada sən?!Ah!.. Solub-saralan çiçək kimisən...Qəbrinin başında ağlayanda məngözümün yaşına leysanmı deyim?..Ana, üşüyürəm... qışa dönmüsənsoyuq quzeylərin qarı, buzutək.Torpağa dönmüsən, daşa dönmüsən,yatırsan illərin yuxusuzutək.Şimşəyəm, yağışam, seləm, tufanam,anamsa daş kimi yuxuya varmış.Mənim quş yuxulu, nigaran anam,İlahi, nə dərin yuxu yatarmış!..Yat... dağlar, çəmənlər yuxuna gəlsin,qəlbin qanadlanıb göyərçin olsun.Üstünə çiçəklər, güllər səpilsin,yuxun şirin olsun, yuxun çin olsun!..Ü m m ü E y m ə n (Məhəmmədə)Bu dünya fanidir, budur həqiqət!Mal da əmanətdir, can da əmanət!Hamı bu dünyadan köçüb gedəcək,ağlama, ağlama, gözəl Məhəmməd!Hər kəsin öz bəxti, öz qisməti var,hər ömrün öz vaxtı, öz müddəti var.Heç nə bu dünyada səbəbsiz deyil,hər şeyin bir sirri, bir hikməti var!Can oğlum, böyükdür Allahın elmi!..O, bizə yaxındı qəlbimiz kimi.Ata da, ana da əzizdir, ancaqəsil sahibimiz Allah deyilmi?..(Ümmü Eymən göz yaşları içində Onu qucaqlayır.)Onuncu fəsil Ümmü Eymən Məhəmmədi götürüb, Məkkəyə qayıtdı. Uşaq Əbdül-Müttəlibin himayəsində qaldı. İki il keçdi. Əbdül-Müttəlib səksən iki yaşına çatmışdı. Bərk naxoşlamışdı. Deyəsən, köç vaxtı yetişmişdi. Saatbasaat, günbəgün halsızlaşırdı, taqətdən düşürdü. Xəstəliyi o həddə çatmışdı ki, yataqdan qalxa bilmirdi. Günlərinin sayılı olduğunu başa düşmüşdü. O, Məhəmmədin taleyini düşünürdü. Yetim qalan nəvəsindən çox nigaran idi. Yalnız, onun əmin əllərdə olduğunu bilib, dünyadan arxayın, rahat köçə bilərdi. Vəsiyyət etmək üçün oğlanlarını yanına çağırdı. Əbdül-Müttəlib: – Bu dünyada əbədi heç nə yoxdur. Bir gün gələn, bir gün gedir. Hamı bu dünyadan köçəcək. Mənim də vaxtım gəldi çatdı. Sizi Allaha əmanət edib, gedirəm!.. Uca Rəbbimizə şükürlər olsun ki, hamınızı yerbəyer elədim, hamınız ailə, oğul-uşaq sahibi oldunuz. Bircə Məhəmməddən nigaranam. Onun nə atası var, nə də anası var. Yetim qəlbi kövrək olur. Mən öləndən sonra Ona yaxşı baxın, qəlbinə toxunmayın. Gərək sizlərdən biriniz Onu götürüb, doğma oğlu kimi böyütsün, o halda, ölüb getsəm də, gözüm arxada qalmayacaq. Əbu Ləhəb, sən varlısan, amma kobud adamsan; qorxuram ki, Onu incidərsən. Abbas, sən ürəyi yumşaqsan, mərhəmətlisən, amma sənin də külfətin böyükdür, dərdin başından aşır. Əbu Talib ayağa qalxdı: – Ata, qoy Məhəmməd mənim yanımda qalsın. Pulum az, evim kiçik olsa da, ürəyim böyükdür. Mən Ona ata kimi qayğı göstərərəm, zövcəm də Ona əsil ana nəvazişi ilə qulluq göstərər. Ona yetimliyini hiss etdirmərik. Məhəmməd boynunu büküb, babasının yatağının ayaq ucunda oturmuşdu. Əbdül-Müttəlib nəvəsindən soruşdu: – Gözümün nuru, sən nə fikirdəsən? Əbu Talibin yanında qalmaq istəyirsənmi? Uşaq ayağa qalxıb, Əbu Talibin boynunu bərk-bərk qucaqladı.* * * Əbdül-Müttəlib vəfat edəndən sonra, Məhəmməd Əbu Talibin yanında qaldı. Əbu Talib Onu öz övladlarından seçmirdi; hətta Onu daha çox əzizləyir, qayğı göstərirdi, Əbu Talibin vəfalı, şəfqətli həyat yoldaşı da həmçinin. Əbu Talib ticarət etmək üçün, hər il, Suriyaya gedib-gəlirdi. Bu dəfə Məhəmmədi də özü ilə apardı. On birinci fəsil Suriya. Busra şəhəri. Bağlıq, bağçalıq bir yer. Xristian monastırı. Uzaqdan beş-on yolçu görünür. Onlar qayışbaldır dəvələr üstündədirlər. Bahira bayıra çıxır. Əlini gözünün üstünə qoyub, uzaqdan görünən yolçulara baxır. Yolçuların arasında Əbu Talib və on iki yaşlı qardaşı oğlu var. Uşağın üzü nur saçır. O, yaxınlaşdıqca işıq da artır. Sanki günəş doğur... Bahiranın bütün diqqəti uşaqdadır. O, heyrətdən yerindəcə donub qalıb. Uşağın nuru onun gözlərini qamaşdırır.B a h i r a Onun alnında günəş parlayır, ax!..Ulu Tanrım!.. Elə bil, nurdu uşaq! Yolçular gəlib monastırın yanından keçəndə, qoca rahib əlini havaya qaldırıb:– Dayanın! – deyir. Yolçular ayaq saxlayırlar. Bahira Məhəmmədə deyir:– Oğul, bir bəri gəl. Məhəmməd dəvəsindən enib, Bahiranın yanına gəlir. O biri yolçular da dəvələrindən enirlər. Hamı təəccüblə Bahiraya baxır. Bahira uşağı görən kimi, onun sonuncu Peyğəmbər olduğunu hiss etmişdir. Bahira:– Bu uşaq kimdir? Adı nədir?Əbu Talib: – Mən Əbu Talibəm, bu da mənim oğlumdur. Məhəmməd. Bahira gözlərini uşaqdan çəkməyərək:– Bu uşaq yetimdir... - deyir. Əbu Talib:– Hə... ata-anası vəfat edib, mən əmisiyəm. Mənim yanımda qalır. Bahira: – Kimlərdənsiniz? Əbu Talib:– Bəni-Haşim qəbiləsindənik. Bahira Məhəmmədə:– Oğul, Səndən bəzi şeyləri soruşmaq istəyirəm... Bahira soruşmaq istədiklərini soruşur. Aldığı cavablardan fikrində daha da əmin olur. B a h i r aSöz-söhbətin ürək açar,cənnət kimi ətir saçar.Hələ sənin nə yaşın var,Haqdan gəlir sözün sənin!Əqlinə alqış yaraşır, – dərya kimi aşıb-daşır.İşığından göz qamaşır,günəşdirmi üzün sənin?..Halalındı, haqqa əyil,gedərgiyə salma meyil.Dünya sənin evin deyil,bir dünyasan özün sənin!..Hamı heyrət və təəccüb içində onlara baxır.B a h i r a (Əbu Talibə). Məhəmmədi qoruyun! O, adi bir insan deyil! O, bir günəşdir ki , yüksəldikcə işığı bütün dünyanı bürüyəcəkdir!.. O, sonuncu Peyğəmbərdir!..Bahira Məhəmmədə ehtiramla təzim edir.Bakı, 2015-2016 Müəllif: CAVİDAN. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.