Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib Elm, Humanitar elmlər, Folklor, Bolus, Təbriklər 23 Haziran AMEA Folklor İnstitutunun Elmi Şurasında tanınmış folklorşünas-alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin 70 yaşı qeyd edilib 2016-cı il iyunun 22-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib. İlk məsələ - AMEA Folklor İnstitutunun vakant şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilərlə bağlı İnstitutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov məlumat verib. Bildirib ki, 2 şöbə müdiri vəzifəsinə seçkilərdən başqa aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilərlə bağlı 30 nəfər sənədlərini təqdim edib. Elmi Şura üzvləri fil.ü.e.d. prof. Ramazan Qafarlının “Dədə Qorqud” şöbəsinin, fil.ü.f.d. Nizami Muradoğlunun isə “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri vəzifəsinə seçkilərdə iştirakına razılıq veriblər. Bununla bağlı komissiya yaradılıb.Fil.ü.e.d. Seyfəddin Qəniyevin “Şamaxı-Qobustan aşıqları və el şairləri”, “Dağ Kolanı aşıqları və el şairləri” və “1918-ci il Şamaxı soyqırımında qətlə yetirilən şair, aşıq, el şairləri və ziyalılar” kitablarının çapı məsələsi Elmi Şura üzvləri tərəfindən bəyənilib.Elmi Şurada AMEA Folklor İnstitutu “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, fil.ü.f.d. Elxan Məmmədlinin 70 illik yubileyi ilə bağlı iştirakçıların ürək sözləri dinlənilib.Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov bildirib ki, E.Məmmədli folklor mühitindən çıxıb: “Hüseyn Saraclı ilə tanışlığım E.Məmmədlinin hesabına olub. E.Məmmədlinin xalqla ünsiyyəti bizdən fərqlidir. Əsas odur ki, folklorçu söyləyicinin dilində danışa bilsin. E.Məmmədli nəinki xalqın dilini bilir, söyləyicini lazım gələndə ağlada da blir. O, Azərbaycanda öz sözüylə-səsiylə tanınan folklorşünasımızdır. Radio-televiziyada məşhur verilişlərin həm müəllifi, həm də aparıcısı olub. “Bulaq” verilişinə mətnlər yazıb. “Sarıtel”, “Ustadnamə”, “Gözəlləmə”, “Sazın-sözün sehrində” kimi verililişləri bu gün də insanların yadındadır. Güney Azərbaycanla əlaqələrimizin normal olmadığı vaxtda E.Məmmədlini Güneydə ən azı səsindən tanıyırdılar. O, aşıq sənətinə yaxından bələddir, aşıqlarla ünsiyyət qura bilir, aşıq ədəbiyyatını, bütövlükdə Azərbaycan folklorunu tədqiq və təbliğ edir. Vaxtilə Ədəbiyyat İnstitutunda onunla bir yerdə işləmişəm. Yumoruyla, sözü-söhbətiylə, dosta canıyananlığıyla canlı insan olaraq yaxından tanımışam. İndi də həmin əhvaldadır”. Fil.ü.e.d. S.Qəniyev bildirib ki, E.Məmmədli həmişə meydana atıla bilən ziyalı qardaşımız olub: “Onunla dəfələrlə Şirvanın kəndlərində folklor səfərlərində olmuşuq, çoxlu xatirə şəkillərimiz var. 70 illiyinə həsr olunmuş “Elxan ömrü-saz ömrü” kitabında 82 nəfərin E.Məmmədli haqqında ürək sözü toplanıb. Onu “Borçalı Elxan”, “Dastan Elxan”, “Şaman Elxan” və b. adlarla adlandırıblar”. S.Qəniyev E.Məmmədlinin təcnislə bağlı tədqiqatına ayrıca toxunub, fikirlərini bölüşüb. Fil.ü.e.d. Seyfəddin Rzasoy E.Məmmədlini ürəkdən təbrik edib: “E.Məmmədli klassik bir məktəb keçib. O, ustad görmüş alimdir, yaradıcı şəxsiyyətdir, M.Təhmasib, M.Seyidov kimi tanınmış alimlərlə bir yerdə çalışıb. E.Məmmədli artıq Azərbaycan aşıqşünaslığının canlı əfsanəsidir. Bu əfsanənin ömrü təkcə onun fiziki ömrüylə bağlı olmayacaq, bu ömür Azərbaycan aşıq sənəti yaşadıqca yaşayacaq”. Fil.ü.e.d., prof. Füzuli Bayat bildirib ki, E.Məmmədli şəxsiyyət etibarilə fərqlidir: “O, el ədəbiyyatını dərindən bilən canlı folklorçudur. Aşıq ən böyük söyləyicidir. E.Məmmədli ömrünü bu sahəyə həsr etdi. O aşıqlar ki, şəyirdlər yetişdirmişdilər, o, bunları geniş auditoriyaya tanıtdı. E.Məmmədli həmişə xalqın içində olub, yeni folklor mühitlərini kəşf edib. Nəzəri hazırlığı da yüksəkdir”. Fil.ü.e.d., prof. Kamran Əliyev: “Saz, aşıq olan yerdə harmoniya var. Elxan aşıq sənəti ilə məşğul olandan sonra harmoniya yiyəsi olub”.Fil.ü.e.d. Nailə Rəhimbəyli E.Məmmədlinin həmkarlarına, ümumiyyətlə, insanlara doğmalığından danışıb, elmi məsləhətlərindən bəhrələndiyini bildirib. Fil.ü.f.d., dos. Rza Xəlilov, Güney Azərbaycandan gəlmiş qonaq Böyükbəy Ələkbəroğlu, fil.ü.f.d. Qiymət Məhərrəmli də E.Məmmədli haqında ürək sözlərini bölüşüblər. Aşıq Vədud Qaradağlı və balabançı Əkbər Sərbazinin çıxışı maraqla qarşılanıb. Sonda çıxış edən Elxan Məmmədli ömür yolundan danışıb, xatirələrini bölüşüb.Xatırladaq ki, Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə qədim Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-1979) işləmiş və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülmüşdür. O, 1 monoqrafiya, 10-dan çox toplama-tərtib kitabını nəşr etdirmiş, 30-dan çox kitabın redaktoru, rəyçisi olmuşdur. 1998-ci ildə «Azərbaycan aşıq yaradıcılığında təcnis» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.REDAKSİYADAN:Biz də fürsətdən istifadə edərək, ZiM.Az-ın bütün Yaradıcı Heyəti adından tanınmış folklorşünas-alim, AMEA Folklor İnstitutu “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, filolofiya üzrə fəlsəfə doktoru, çox hörmətli Elxan Məmmədlini anadan olmasının 70 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də elmi yaradıcılığındavə ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.