BORÇALI ZİYASI

BORÇALI ZİYASI Hamımız bilirik ki, indiki yaşadığımız ərazi bütöv Azərbaycan deyil, Vətənmizin qərib düşmüş yurdlarından biri də müasir Gürcüstanın ərazisi sayılan qədim köklərə gedib dayanan Borçalı yurdudur. Borçalı - Gürcüstanın cənub-şərqində yerləşən və hazırda Aşağı Kartli diyarı adlandırılan və Ermənistanın şimal-şərqində yerləşən və hazırda Loru və Tavuş mərzləri adlandırılan inzibati vahidin tarixi adıdır. Azərbaycan türklərinin qədim torpağıdır. Etimoloji araşdırmalara görə Borçalı toponiminin "börü""çala" sözlərinin birləşməsindən əmələ gəldiyi ehtimal edilir. Mənası "qurd çalası" və ya "qurd oylağı" deməkdir.

Mənim qədim türk yurdu haqqında qısaca arayış verməkdə məqsədim Azərbaycan tarixini bir tarix müəllimi olaraq araşdırmaq yox, sadəcə o yurdda doğulub, bir çox Borçalı ziyalıları kimi taleyini ana Vətənlə bağlayan əziz qardaşım, dostum, dəyərli ziyalı Zim.Az saytının Təsisçisi və "Ziya", “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərinin Baş redaktoru MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu ÇOBANOV) haqqında ürək sözlərimi onun bu şad günüdə dəyərli oxuculara çatdırmaq istəyimdir.

BORÇALI ZİYASIMÜŞFİQ BORÇALI - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. Doğulduğu türk yurdunun saflığından bəhərlənən Müşfiq qardaşımın əməksevərliyi, elmə, biliyə, ədəbiyyata marağı onu Gürcüstan dövlətini hakimiyyəti altında yazıb yaradan, öz dilinə, soyuna-kokünə bağlı olan el-elat sevgili, qəlbi yurd istəkli şairlər, aşıqlar, yazıçılar haqqında və onların yaradıcılığı barədə "Gürcüstanda Azərbaycan Ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda sanballı elmi əsəri öz dəyərini qazandı. Borçalı mahalını bütünlükdə yaşadan ziyalılardı. Başqa dövlətin, başqa dilin, başqa dinin içində öz dilini, dinini, varlığını qoruyub saxlamaq, dədə-babalardan yadigar qalmış öz dəyərlərinə sahib çıxmaq böyük cəsurluq, mərdlik, kökə-soya sonsuz sevgi tələb edir. Məhz bu istedadlı insanların varlığı haqqında, onların yaratdıqları barədə bir elmi əsər yazmaq və bunu böyük zəhmət hesabına araya-ərsəyə gətirmək Müşfiq Borçalının ümdə vəzifəsi oldu. Dəyərli qardaşım Müşfiq Borçalı şeirləri dillər əzbəri olan unudulmaz Müşfiqimizin adın daşıyır, O bu ada layiqliyini həyatı boyu sübut etdi.

Onun bu illər ərzində çap olunan kitabları onun məhsuldar bir yazar olmağından xəbər verir.

BORÇALI ZİYASI Müşfiq Borçalının "Ağır elli Borçalı" (Bakı,1990; Ərzurum, 1996), "Çağdaş Borçalı ədəbi məktəbi" (Baki, "Azərbaycan" nəşriyyatı, 1994), "M.P.Vaqif və Gürcüstan" (1995), "Azərbaycan şəxs adları" (1995), "Məhəbbət həyatdır" (1996), "Gürcüstanda Azərbaycan mətbuatı" (1997), "Borçalı aşıqları" (İsmayıl Ömərovla həmmüəllif, Bakı,1998; Təbriz, 2008; Tehran, 2009), "Ziya"dan "Çənlibel"ədək" (1998), "Qəhrəmanlıq dastanı: Dədə Qorqud-1300" (1998, 2000), "Borçalı şəhidləri" (2000), "Borçalı ensiklopediyası"-III c. "Borçalı ulduzları" (2002), "Borçalı ensiklopediyası"-IV c. "Borçalı həkimləri" (2004), "Şairlər dünyanın söz Allahıdı..." (2009), "Dünyamalı Kərəmin poeziya yaradıcılığı" (2010), "Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri" (2011), "Əkiz alim qardaşlar" (2001,2011), "Borcalının aqbirçək anası - şairə Mayqa Mətin" (2013), "Bu Dostluğun yaşı çox!..." (2014), "M.Coşqunun poeziya yaradıcılığında özünəməxsusluq" (2015), "Butalar Butası Səadət Buta" (2015), 3 cildlik "Sazlı-Sözlü Başkeçid" (2015) və s. kitabları işıq üzü görüb.

Müşfiq Borçalı ilə dostluğum tək iki insanın bir-birinə qardaşlığı yox, həm də qərib düşmüş yurdlarımızda varlığımızı yaşadan insanlarımıza kök-soy sevgisidi! Tanışlığımızdan bu günə qədər aramızda olan bağlılıq, ülfət dostluq, qardaşlıq məqamını isitdi, ülviləşdirdi.
Allah bu mehribançılığı, bu saflığı bizə çox görməsin. Vətən sevgisi qədər ömrümüz boyu əbədi olsun.
Dəyərli qardaqşım, Müşfiq Borçalı, uğurların bol olsun, sizi daim sənət zirvəsinə doğru addımlayan görüm, bu yolda heç zaman yorulmayasız.
Çünki sənət zirvəsinin yolu uğur sevənlərin, əmək sevərlərin, bilik sevərlərin yoludu.
Arzu edirəm ki, bu yolun yoxuşları enişlərindən az olsun!

BORÇALI ZİYASIDəyərli dostum, qardaşım, Müşfiq Borçalı, "Gürcüstanda Azərbaycan Ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyin dissertasiyanın yekdilliklə qəbul edildiyi xəbərini eşidib çox şad oldum. Bu dəyər həm sizinn çəkdiyiniz zəhmətə, həm də orada yaşayan qəlbi ayrılıq niskilli soydaşlarımızın içindən parlayan ziyalılarımızın varlığına verilən qiymətdi.

Azərbaycan ziyalısının gözəl simalarından biri, əziz qardaşım Müşfiq Borçalı, sizi təbrik edirəm!
Şad xəbərlərlə dolu günləriniz bol olsun...
Siz təkcə Borçalı ziyası yox, Bütöv Azərbaycanın ziyasısız, Allah ziyanızı azaltmasın, uğurlar sizinlə olsun, bu soyuq payız günlərində ürəyimizi şad xəbərlə isitdiniz.
Zirvələr sizin olsun, dəyərli qardaşım...


Ceyhun AĞABƏYOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

19.11.2016.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: