Poetik duyğuların zərif və səmimi ifadəsi Humanitar elmlər, Ədəbi tənqid, Bədii Tərcümə 26 Nisan Mədəniyyət və incəsənətlə bağlı bir çox işləri, uğurlu layihələrilə cəmiyyətin diqqətini çəkən və təqdirini qazanan Leyla Əliyevanın rusca yazdığı şeirlər istedadlı yazıçı-publisistimiz Mahir Qabiloğlunun tərcüməsində "Poeziya" adlı kitabda toplanıb. Kitaba şairənin müxtəlif illərdə yazdığı 55 şeiri daxil edilib. Bu şeirlərin hər birini müasir insanın mənəvi aləmini, ruhi təbəddülatını, hiss-həyəcanlarını əks etdirən poeportret kimi dəyərləndirərdim.Leyla Əliyeva ilk qələm təcrübələrindən başlayaraq fərqli dünyaduyumu, baxış bucağıyla seçilən bir şairə kimi artıq neçə illərdir ki, fəal şəkildə bədii yaradıcılıqla məşğuldur. Orta məktəb illərindən, 10 yaşından şeir yazır, hazırda 20 ildən artıq bir yaradıcılıq yolu keçib və həssas oxucu auditoriyasının məhəbbətini qazanıb.Bu kitab onun şeirlərinin Azərbaycan dilində kitab şəklində çap edilməsinə aid ikinci faktdır. Birinci kitabı tanınmış yazıçı və tərcüməçi Afaq Məsudun təqdimatında çıxan "Dünya yuxu tək əriyir" (2016) toplusudur. L.Əliyevanın orijinalda "Esli b zvezdı stupenkami stali" ("Ulduzlar pillə-pillə düzülsəydi səmaya") adlanan ilk kitabı keçən il məşhur rus şairinin adını daşıyan Andrey Dementyev Poeziya Evinin təşəbbüsü ilə Moskvada işıq üzü görüb. Yeni kitabda toplanan şeirlər Leyla xanımın bu günə qədər keçdiyi olduqca yaradıcılıq yolunun aydın xəritəsini əks etdirir. Bu şeirlər mayasını həqiqətdən almış həyat mənzərələrinin həssas ruhla yoğrulmuş poetik ifadəsidir... Burada müəllifin ən böyük uğuru yaşadığı mühitdə baş verən hissi-psixoloji hadisələri - ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın sehrində və ovqatında səmimi bir şəkildə poeziyaya çevirmək bacarığıdır. Bu şeirlər insanı düşündürən, heyrətləndirən, qeyri-adi hisslər axarına salan, həyata marağı və diqqəti artıran zəngin məzmuna və dinamik bir enerjiyə malikdir. Bunlar sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görülməyən, ancaq bəsirət gözü ilə proyeksiyalanan İlahi gözəlliklərinə vurğunluq, qüssə, tənhalıq, ülviyyət və şəfqət dolu poetik lövhələrdir:Leyla Əliyevanın şeirlərini oxuyanda müəllifə doğma olan, özünəməxsusluğu ilə seçilən, ziyanlı təsirlənmələrdən uzaq bir poetik dünyanın ab-havasını duyuram. Oradakı canlı insan xarakterləri, bu xarakterlərin yaşadıqları psixoloji hallar, heç kimdə olmayan kolorit və bu yaradıcılığın müasir Azərbaycan ədəbiyyatına yeni rənglər gətirməsi şəxsən oxucu və tənqidçi kimi mənim könlümü rahatladır. Onun poeziyasındakı təbiilik, sadəlik, dərin lirik ovqat estetik kateqoriya səviyyəsinə yüksəlib. Bu sadəlik, təbiilik insan mənəviyyatındakı mürəkkəb situasiyaları, psixoloji məqamları aydın şəkildə açıb göstərə bilir. Leyla həyatda üzləşdiyi gerçəkliklərdən gələn impulsların bədii ifadəsini, emosiyaların təsirini, yaxşılıq, xeyirxahlıq axtarışlarını həzin bir dillə şeirə çevirir. Aşağıdakı misralar bu baxımdan onun estetik kredosu kimi səslənir:Söylə görüm, haradasan? Dünyanın ən yaxşısı - təmizqəlbli insanı..? Hansı uzaq qitədə, hansı məmləkətdəsən? Bir görüşün xətrinə dənizlər, çaylar keçim, təki sənə rast gəlim...Leylanın şeirlərində bir cəhəti xüsusi qeyd etmək istəyirəm: o, oxucu ilə sanki söhbət edir və bu zaman demədikləri, sadəcə bədii sözlə nişan verdikləri dediklərindən artıq olur. Oxucu kimi sən o deyilməyənləri təhtəlşüurla hiss edirsən, şeirdəki hissin, duyğunun alt qatları səni özünə çəkir, lirik-psixoloji, assosiativ axın yaranır və bu axın səni öz ağuşuna alıb, sanki sonsuzluğa aparır...Bu keyfiyyət Leyla xanımın həm də rəssam olması ilə bağlıdır. Onun yaradıcılığı qoşa qanaddan ibarətdir: həm rəssamdır, həm də şair... Onun rəssamlığı barədə söylədikləri olduqca maraqlı fikirlərdir: "Həqiqətən də rəsm çəkmək böyük zövq deməkdir. Çünki bu iş insanı sakitləşdirir - nəticə isə uğurlu ola da bilər, olmaya da. Mən bəzən yarım il heç nə çəkməyə, lakin ay ərzində beş-altı rəsm əsəri ortaya qoya bilərəm. Rəsm çəkməyə başladıqda isə bu işdən əl çəkmək, sadəcə mümkün olmur, başqa bir işlə məşğul olmaq çox çətindir. Yəqin ki, bu işlə məşğul olan hər kəs eyni hissləri keçirir. Bir sözlə, bu, böyük bir həzz deməkdir. Ancaq uğurlu alınmırsa, onda ilham pərisini gözləmək lazım gəlir".Onun çox nüfuzlu, məşhur beynəlxalq rəsm sərgilərində nümayiş etdirilən və bəyənilən, məşhur sənətkarlar tərəfindən yüksək qiymətləndirilən rəssamlıq işləri göstərir ki, Leyla xanım bu sahədə də yüksək səviyyə nümayiş etdirir. Leyla Əliyevanın şeirləri, poetik yaradıcılığı da xalis istedadın göstəricisi, həm də sənətlə döyünən qəlbin ehtiyacıdır. Bu şeirlər kövrək, zərif bir ruhun istedaddan yoğrulan pıçıltılarıdır:Gedim bir az ağlayım,elə-belə... astaca.Ürəyimi gizlədimyastığımın altında.Pəncərəni açaraqkövrəlmiş ürəyimibəlkə həyətə atım?!Həyatın ağuşuna...Yox, yaxşısı budur ki,gedim bir az ağlayım,elə-belə... astaca.Bu səmimi, duyğulu misraları yalnız gerçək poetik istedada malik şair yaza bilərdi və yazıb... Leyla xanımın şeirləri mövzuca rəngarəngdir. Həm şəxsi, həm ictimai mövzular, həm daxili dünyanı, həm də ətraf aləmi, təbiəti əks etdirən motivlər onun şeirlərinin mövzu palitrasını təşkil edir. Fərdi, şəxsi hisslər sonda ümumbəşəri məna tülündə cilvələnir. Leyla xanımın şeirlərinin hissi-informasiya axarı gurdur, coşğundur. Onun şeirlərində mövzuya və məzmuna kreativ yanaşma, fəal potik münasibət var. Kimsəsizlər evində müşahidə etdiyi həzin lövhəyə münasibət bildirdiyi şeirində olduğu kimi:Ana, nə olar, getmə! Məni atıb, tərk etmə! Təlatümlü həyata Əbədiyyən qərq etmə. Al isti qucağına, Öp məni... Məni oxşa. Göydə ulduzlar yansın Bir ani baxışınla... ...Anacan, inan ki, mən, Danışmağı bilsəydim, bu fani dünyamızda Necə yaşamaq lazım. - Öyrənərdin sən həmən Öz körpənin dilindən... Ana, məni tərk etmə, Sənə üz tuturam mən. Eşit, inan və anla, Səninlə nəfəs alır Bu məsum, gözəl körpən...Leyla xanımın şeirləri şairin təkbaşına öz hisslər dünyasına səyahəti olsa da, o, bu səyahətə oxucusunu da dəvət edir. Onun lirik qəhrəmanı burulğanlı hisslərlə dolu bir həyat yaşayaraq qəlbində insanlığa, təbiətə sevgi daşıyır. O, pessimizmdən uzaqdır, ürəyinin ətraf aləmlə həmahəng döyüntüsündən güc alır və sevincini insanlarla bölüşsə də, kədərinə heç kəsi ortaq etmək istəmir, çünki zəngin mənəviyyatlı bir insandır:Kimsə duyuq düşməsinkədərimdən, qəmimdən,Durub yol alım bağa --astaca ağlamağa...Götürüm ürəyimiatım coşan ümmana --dalğaların qoynuna.heç dinə də bilməsin --"Niyə sığmır sinəmə?"Gah tufan, gah rüzgarapardıqca uzağa.Leylanın "Gedim bir az ağlayım" şeiri Mahirin ilk poetik tərcüməsidir. Və Mahirin də özünün dediyi kimi, bu şeirin heyrətamiz məzmunu, lirik ovqatı onu elə tutub, elə ovsunlayıb ki, bütün yerdə qalan tərcümələrində də bu ovsundan xilas ola bilməyib. Ümumiyyətlə, Mahir bu tərcümələrində təkcə fikri deyil, hissləri də aydın verə bilib ki, bu da tərcüməçilik praktikasında ən çətin işlərdəndir. Yəni bu, yalnız sözlə edilən deyil, mətndə gizlənən, sözlə ifadə edilməyən, yaxud söz içində gizlənəni aşkarlayan tərcümədir... Bütün bunları şeirdə əks etdirmək şair kimi əgər Leyla xanımın uğurudursa, tərcümədə qoruyub saxlamaq və ifadə etmək də tərcüməçi M.Qabiloğlu üçün təkcə səriştə məsələsi deyil, həm də yüksək istedad əlamətidir...Yalan, gəl tövbə edək -Uydurma, yalan sözəbu gündən vida edək.Axı kimə və nəyiutanırıq deməkdən?Yalan meyvə qurdu təkqəlbi yeyir içindən.Düzdən niyə qorxaq ki? -dili düz söz tutmayanəyrilər qorxsun ondan...Leyla xanımın "Ölü kəpənək" şeirində canlandırdığı dramatik halın, faciəvi pərvanə obrazının ifadəsində də həm şairin, həm də tərcüməçinin istedadı diqqət çəkir:Çərçivəyə salınıbBir bəzəkli kəpənək. -Qanadları çırpınmır...Ürəyindən iynəyləpərçimləyiblər onuşüşəli çərçivəyə...Ölü gözəlliyiyləbəzək verir divara... -Boş, yalqız bir otağa...Özü ölüb,gözəlliyi ölməyib...Bunu duyur hər görən.Görəsən ağrısınıvarmı bir duyub-bilən?..Bu şeirdə gözəlliyinə görə "ölüm hökmü kəsilmiş" kəpənəyin timsalında ülvi gözəlliyin faciəsi, kədərli aqibəti təsvir edilir:...Şüşənin arxasındaeləcə donub qalır;Kədərini bir kimsənə hiss edir, nə yanır...Bu gözəlliyi süzübötüb keçən insanlarhəzz alır bu lövhədən -kəpənək ölüsündən...Gözəl sözlər səslənirkəpənəyin şəninə,ölü gözəlliyinə... -Yayılır boş kəlmələrxudbinlərin dilindən...Şüşənin arxasındanbaxırlar çırpınmayan,döyünməyən varlığa -o ölü gözəlliyə...Şeirdəki psixoloji-dramatik dinamika davam edir, yuxu epizodunun şeirə gətirilməsilə, bu faciəyə üsyankar etirazla yanaşan müəllif mövqeyi ifadə edilir və mistik ovqat yaranır:İynəylə bir lövhəyəsancılmış lal kəpənək,Gözəlliyinə görə...Həyatla təmənnasız...vidalaşan kəpənək...Ey ruhları, qəlbləri"sığallayan" kəpənək!..Yuxumdaydın bu gecə,Ancaq tamam başqaydın:Gözoxşayan güllərinüfüqündə qanadın...min bir rəngə çalırdı,Yanırdın... sayrışırdın.Çox böyük heyranlıqlaMən səni seyr edirdim.Həm də ki, ayağımlaşüşəli çərçivənisındırırdım, əzirdim...Leyla Əliyevanın "Vaxt" adlı, "Ey ulu Vaxt, unutma!" nidalı monoloq-müraciəti, lirik xitabı çağdaş həyatın fəlsəfəsinə ayna tutur:Vaxt! Dayan, yalvarıram,hara uçursan yenə?...Tələsirsən de, hara?Böl dərdini mənimlə....Bəlkə də bu həyatda çox az şey bilirəm mən. Bəzən də düşünürəm: Allah, nələr bilirəm!.. Baxırsan hər şeyim var, Ruhumsa itir-batır. Dörd yanım adam dolu, Təklikdən qulaq batır...Gözlərimi bir anlıq Açmağımı görürəm, Ətrafa, insanlara Acıyıram, yanıram. Başa düşəndə ki, mən, Özüm də çarəsizəm. Qalmayır başqa çarəm, Gözümü tez yumuram... Müəllifin bu qəbildən olan "Sevgi və nifrət", "İnsanlar", "Hardasan, dünyanın yaxşı adamı...", "Yalan", "Tanrım, sən mənə güc ver!" şeirləri dərin poetik hisslərin istedadla qələmə alınmış təsirli ifadəsidir.Leyla Əliyeva hazırda poetik yaradıcılığının olduqca bəhrəli çağını yaşayan, şeirdən-şeirə daha da yüksələrək ədəbi fəaliyyət yolunda uğurla irəliləyən şairdir. M.Qabiloğlu isə bu poetik nümunələrin ana dilimizə tərcüməsi yolunda inamla, fədakarlıqla çalışır. Şairə də, tərcüməçiyə də bu yolda daha böyük uğurlar arzulayıram.Qurban BAYRAMOVtənqidçi-ədəbiyyatşünasZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.