Professor Salidə ŞƏRİFOVA: "Xalidə Nurayın vətənpərvərlik poeziyası"

Professor Salidə ŞƏRİFOVA: "Xalidə Nurayın vətənpərvərlik poeziyası"
Giriş

Xalidə Nurayın Vətən haqqında, onun əzəməti, qarşılaşdığı problemləri əks etdirən, həmçinin Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ölümsüzlüyünü tərənnüm edən poetik nümunələri diqqətimizi cəlb edir. Xalidə Nurayın Vətən haqqında olan şeirləri janr, problematika və obrazlar rəngarəngliyi, bədii dil baxımından maraq kəsb edir. Xalidə Nurayın vətənpərvərlik ruhlu şeirləri Vətən fədaisi olmasını təbliğ edir. Müəllifin zorla cəlb edildiyimiz Qarabağ savaşına həsr etdiyi poetik nümunələr Azərbaycan övladlarının Vətən yolunda canlarını fəda etmələrinə daim hazır olduqlarını təsdiq etdi. Xalidə Nurayın Vətən mövzusunda qələmə aldığı şeirlər Azərbaycan xalqının tarixi yaddaşında Vətən, onun uğrunda canından keçmiş insanların, azadlığı üçün mübarizə aparmış oğul və qızların yaşadığını əks etdirir.


Poetik nümunələrin janr xüsusiyyəti

Xalidə Nurayın vətənpərvərlik mövzusunda qələmə aldığı nəzm nümunələrində sərbəst şeirə və heca vəzninə üstünlük verməsi diqqətdən yayınmır. Şairin yaradıcılığında sərbəst şeir nümunələri çoxluq təşkil edir. “Ana dilim”, “Azərbaycanım”, “Azadlıģa çıxan məhbus «Qarabağım»”, “Sən gərəksən Azərbaycan”, “Ey Türkoğlu”, “Azərbaycan-ayrılan can” və s. şeirlər sərbəst şeir şəklində qələmə alınıb.
Şairin heca vəznində qələmə aldığı poetik nümunələr müxtəlif hecalardan ibarətdir. Şairin “Azərbaycan əsgəri” şeiri 7 hecadan, “Qarabağım”, “Xocalı soyqırımı” şeirləri 8 hecadan, “Təbrizim”, “Buralar Laçına bənzəmir...” şeirləri 11 hecadan, “Səni sevənlərin özü Vətən” şeiri 12 hecadan, “Azərbaycan bayrağı”, “Türkoğlu”, “Vətən məni səsləyir” şeirləri 14 hecadan ibarət olması heca vəzninin müxtəlif hecalarında poetik nümunlər yaratmasına dəlalət edir . Qeyd edilməlidir ki, ədəbiyyatımızda 11, 8 və 7-hecalı variantlar daha işlək, 4, 6 və 9-hecalı variantlar nadir hallarda, qalan variantlar az və qismən işlək səviyyədə olması bəllidir. Xalidə Nuray məhz qismən işlək olan 12, 14 hecalara tez-tez müraciət edir. Müəllifin qələmə aldığı 14 hecalı şeirlər 7-7 bölgüsündə olur. 7-liklərin ayrılıqda 7-hecalı şeirin xüsusiyyətlərini daşıması diqqətdən yayınmır. Bu zaman şeirin bölgüləri 4-3-4-3 və s. kimi şəkildə özünü göstərir. Məsələn, şairin “Qalibiyyət günəşi” şeirində 14 hecalı şeir bölgüsünə diqqət yetirək 4-3-4-3 şəklində olduğunun şahidi oluruq:

Vətənçün mərd oğullar dõyüşür qeyrətiylə,
Qan uddurur yağıya mərdlik, cəsarətiylə,
O hünər meydanında tükənməz hikmətiylə,
Tarix yazır qanıyla vətənin hər daşına.

Poetik nümunələrin problematikası
Xalidə Nurayın poetik nümunələrinin problematikası zəngin olduğu kimi rəngarəngdir. Akademik İsa Həbibbəyli şairin mövzu problematikasını “Dünya-vətən-insan” triadası şəklində olmasını vurğulayır. Xalidə Nurayın bu triada içərisində vətənpərvərlik şeirlərində Qarabağ mövzusunda qələmə aldığı poetik nümunələr diqqəti cəlb edir. Bu şeirlər Birinci Qarabağ müharibəsini, Aprel döyüşlərini və Vətən müharibəsini əks etdirir. Müəllifin Qarabağ mövzusunu əks etdirən poetik nümunələr bir-birilə yaxınlıq təşkil etsələr də, fərqlənirlər. Məsələn, Birinci Qarabağ müharibəsini əks etdirən şeirlərində müəllif Vətənin, torpağın azad olmasına çağırış səsləndirirsə də, Vətən müharibəsini tərənnüm edən şeirlərində zəfər, qalibiyyət təntənəsini əks etdirir.
Şairin Birinci Qarabağ müharibəsi dövründə qələm aldığı “Tükroğlu” şeirində xalqın əldə edəcəyi zəfərə olan inam əksini tapır:
Otuz ildir Qarabağ ayaq altda inləyir,
Qəlbi səngər yurdumuz haray, imdad diləyir,
Şəhid qanlı torpaqlar səndən qisas gözləyir,
İldırım tək yağının başına çax, Türkoğlu!
Şeirin qələmə alındığı tarixə, yəni 28.07.2020-ci il tarixində qələmə alınmasına diqqət yetirdikdə fikirlərimizdə haqlı olduğumuzu görürük. Müəllifin Birinci Qarabağ müharibəsi zamanı qələmə aldığı bu poetik nümunədə zəfərə inamla yanaşı qələbə əldə etməyə çağırış da səsləndirilir. Məsələn şairin Birinci Qarabağ müharibəsi dövründə qələmə alınmış “Şəhid Xocalım” şeirində də gələcəyə nikbin ümid, qalib gələcəyimizə inam əksini tapır:
Ey harın erməni, harın köpəklər,
Bu qisas nə vaxtsa alınacaqdır!
Sizlərin o murdar cəsədinizdən,
Tezliklə bir qala qurulacaqdır!
Müəllifin “Sən gərəksən Azərbaycan” şeirində də bu ənəninin davam etdiyinin şahidi oluruq:
İnildəyən Qarabağım,
Doğma dilə həsrət qalan Təbrizimdi.
Xanlığından, öz dinindən qoparılan
İrəvanım…
Soykökündən ayrı düşən Zəngəzurum, Dərbəndimdi.
Bu yaranı sağaltmağa,
Sən gərəksən!
Azərbaycan!
Xalidə Nurayın “Zəfər yazdın, şəhidim” şeiri Vətən müharibəsi dövründə qələmə alınmış poetik nümunə kimi diqqəti cəlb edir. Müəllif şeirdə artıq əldə edilmiş zəfərimizi, qalibiyyətimizi tərənnüm edir.
Qanınla məlhəm oldun Şuşaya, Xocalıya,
Qartal tək qanad çaldın Cəbrayıl, Qubadlıya,
Zəfərinlə çevrildin yenilməz bir qalaya,
Qalibiyyət bağının gülün üzdün, şəhidim!
Poetik nümunədə müəllifin qələbə sevinci ilə yanaşı, Azərbaycan xalqının zəfər təntənəsi unudulmaz şəhidlərin timsalında təqdim edilir. Bu məqam şairin digər şeirlərində də əksini tapır. Xalidə Nurayın “Qığılcımdan doğan alov” şeirində zəfər qalibiyyətinin, təntənəsinin tərənnüm edilməsinin şahidinə çevrilirik:
Susdurub düşməni haqq səsimizlə,
Günəş tək parlayıb zülməti endik.
Zəfər məşəlini yandırmaq üçün,
Qığılcımdan doğan alova döndük!
Müəllif “Qalibiyyət günəşi” şeirində də zəfər təntənəsini tərənnüm edir:
Qoy dünya şahid olsun bu tarixi savaşa,
Ali Baş Komandanım zəfərlə vursun başa,
Fəth eyləyək zirvəni Ulu Türkümlə qoşa,
Qarabagım bürünsün qələbə yagışına.
Xalidə Nuray “Azərbaycan bayrağı” şeirində millətin sahib olduğu ən önəmli neməti olan Vətənin müstəqillik rəmzi olan bayrağını vəsf etməklə bərabər Azərbaycan xalqının tarixi keçmişinə nəzər salmaqla yanaşı, gələcəyə çağırış edir:
Dünya lərzəyə gəlsin üç birliyin rəngindən,
Alınmış torpaqları qurtaraq yad cəngindən,
Zəfər marşı çalınsın istiqlal ahəngində,
Al qoynuna birləşdir parçalanmış torpağı,
Azərbaycan bayrağı!
Müəllif “Al qoynuna birləşdir parçalanmış torpağı” deyərək xalqı birliyə, parçalanmış torpaqların bütövləşdirilməsinə çağırış edir. Bu çağırış şairin “Ana dilim” şeirində davam etdirilir.
Həsrət gözlü Təbrizimin can yarası...
Öz dilindən ayrı düşən Dərbəndimin,
Borçalımın, Ruhunun tək qayəsidi...
Yenilməyən bir qala tək Heydərbaba,
Xan Arazın Hicran adlı, ürəkyaxan naləsidi...
Ana dilim!
Müəllifin xalqın parçalanmasını Təbrizin, Dərbəndin, Borçalının simasında açıqlaya bilir. Şair “Azərbaycan” şeirində bu məqamı daha açıq şəkildə təqdim edir:
Əsrlərlə parçalanmış torpaqları,
Qaytarsınlar öz elinə.
Qərib düşən İrəvanı,
Zəngəzuru, Dərbəndimi,
Həsrət gözlü Təbrizimi,
Ozan havalı Göyçəmi...
Xalidə Nuray “Təbrizim” şeirində artıq açıq şəkildə dil, din, mədəniyyət və adət-ənənə kimi mədəni dəyərləri özündə ehtiva edən Vətənin torpaqlarının bölünməsi faktına toxunur, bu məqamın “Türkmənçay” müqaviləsi əsasında həyata keçməsini vurğulayır:
“Türkmənçay” imzası böldü tifağı,
Bölündü ikiyə vətən torpağı,
Çəkdi sinəsinə doğma yurd dağı,
Sağalmaz yaralı oldu, Təbrizim.
Müəllif həmçinin poetik nümunələrində xalqın möhtəşəm tarixinə nəzər salır. Şairə “Azərbaycan” adlı şeirində Vətəni, ana yurdu xüsusi sevgi və hörmətə layiq olan müqəddəs torpaq kimi tərənnüm edir:
Azərbaycan, ana yurdum!
Bu kəlmələr yaranışdan,
Müqəddəslik məbədinin,
Qibləgahı, zirvəsidir!
Neçə əsr oyanışdan,
Zülümlərin, zillətlərin
Dinən həqiqət səsidir.
Xalidə Nurayın Vətən müharibəsi dövrünə aid poetik yaradıcılığında qələmə alınmış şeirləri diqqətdən yayınmır. Şair “Vətən məni səsləyir” şeirində artıq xalqımızın qələbə əldə etmək yolunda olmalarını tərənnüm edir:
Anacan, mən gedirəm, azadlıq havasına,
Sönmüş ocaqlarımı alışdıram,qayıdam.
Gedirəm qəhrəmanlıq, şücaət davasına,
Sevgimi vətənimə qovuşduram qayıdam.

Poetik nümunələrdə obrazlar
Xalidə Nurayın poetik yaradıcılığında obrazlar qaleriyası dolğunluğu ilə maraq kəsb edir. Müəllifin “Şəhid Xocalım” şeirində xalqımızın tarixi yaddaşında milli faciə kimi yer tutmuş Xocalının obrazı yaradılır. Müəllif
Şaxtalı gecənin zülmət içində,
Çatlayan torpağın dodaqları qan.
Körpə balasını basıb bağrına,
Ana qucağında can verirdi, can.
Deyərək Xocalının düşmüş olduğu durumu göz önündə canlandırır.
Xalidə Nuray qələmə aldığı şeirlərində şəhid obarzlarına geniş yer verir. Onun “Şəhid libası” şeirində şəhid mayor Vüsal Vəliyevin, “Vətən aşiqi” şeirində şəhid Elşən Musayevin, “Aprel şəhidləri” şeirində 2016-ci il dördgünlük Qarabağ müharibəsininin şəhidlərinin, “20 Yanvar şəhidləri” şeirində Qanlı Yanvar faciəsinin şəhidlərinin, “Zəfər yazdın, şəhidim” şeirində Vətən müharibəsinin şəhidlərinin yaddaqalan obrazları poetik dillə təqdim edilir. Şair şəhid Elşən Musayevə həsr etdiyi şeirdə onun obrazını canlandırır:
Sinəndə böyüyən vətən eşqinlə,
Neçə ürəklərdə közə dönmüsən.
Döyüş meydanında hünər göstərib,
Vətən tarixində izə dönmüsən
Müəllif Vüsal Vəliyevin nakam ömrünü şəhidlik zirvəsində ali məqama çatmasını aça bilir:
Bu vətən eşqinə, şəhid sevginə,
Nəsillər qürurla nəğmə qoşacaq.
Nakam baxışından sevgi umanlar,
Şəhid Vüsal adlı dastan yazacaq.
Şair şeirlərində şəhidlərin adlarının xalqımızın yaddaşında əbədi iz buraxmasını qabarda bilir. Maraqlı məqam odur ki, müəllifin vəsf etdiyi şəhidlik rütbəsinə yüksəlmiş vətən oğullarının obarazları Vətən müharibəsinin şəhidləridir. Buna baxmayaraq, müəllif onların simasında şəhidlərin ümumiləşdirilmiş obrazını yarada bilir.
Müəllifin “Şəhid taleyim” şeirində sevgiləri nakam qalmış qızların, gəlinlərin ümumiləşdirilmiş obrazı qələmə alınır. Müəllifin bu ümumiləşdirilmiş obrazların timsalında ömürləri yarım qalmış şəhidlərimizin həyatını da əks etdirə bilir:
Qərənfil baxışlı şəhid sevgimin,
Bükülməz qaməti, əyilməz başı.
Nakam bəxtimizin son əmanəti-
Şəhid libasında bir məzar daşı...
Şairin 2016-ci il dördgünlük Qarabağ müharibəsininin, yəni Aprel döyüşlərində şəhid olmuş igid oğullarımızın obrazını yaradır. Onun “Aprel şəhidləri” şeirində Vətən uğrunda canını qurban vermiş igidlərin əməlləri, xüsusi olaraq gələcək nəsillərə örnək kimi xatirələrdə yaşayacağı vurğulanır:
Aprel döyüşünün nər igidləri
Əbədi ürəkdə, baxışlardasız.
Bu zirvəyə qalxan, bir daha enməz,
Şəhidlik adıyla yaddaşlardasız.
“20 Yanvar şəhidləri” şeirində Qanlı Yanvar faciəsinin şəhidlərinin ümumiləşdirilmiş obrazı ilə yanaşı, tarixi zamana eskurs da diqqətdən yayınmır. Müəllif xalqın tarixi yaddaşına dönmüş bu qanlı gecəni poetik dillə təqdim edir:
Vətənimin yetmiş illik,
Buxovunu sındırdılar.
Azadlığın məşəlini,
Əbədilik yandırdılar.
Erməni obrazı incə detalları ilə şairin poetik yaradıcılığında təqdim edilməsi diqqətdən yayınmır. Xalidə Nuray “Şəhid Xocalım” şeirində erməni yaraqlısının obrazını yarada bilir:
Körpə balaların dərisin soyub,
Vəhşilik toxumun yurda əkdilər.
Diriykən insanın gözlərin oyub,
Nalədən, haraydan qala çəkdilər.
Şair “Xocalı soyqırımı” şeirində də Azərbaycan xalqının başına gətirilən faciələrin banisi olan mənfur insanların obrazını yarada bilir:
Alay üç yüz altmış altı,
Əsrlərin xainləri.
İnsanlara hücum çəkdi,
İnsanlığın qatilləri.
Müəllif həmin insanları “insanlığın qatilləri” kimi damğa vurmasında haqlıdır.

Poetik nümunələrin bədii dili
Xalidə Nurayın vətənpərvərlik mövzusunda qələmə aldığı poetik nümunələrində bədii təsvir və bədii ifadə vasitələrindən istifadə etməsi məqamı diqqətdən yayınmır. Müəllif poetik nümunələrində məcazlardan, poetik sintaksislərdən məqamında istifadə edir.
Xalidə Nuray şeirlərində daha çox məcazın metonimiya növündən istifadə edir. Məsələn, şairin “Şuşasız vətənim” şeirində Natəvan haraylı, Üzeyirin, Cabbarın ahı-naləsi və s. söz və ifadələrin addəyişmə yolu ilə yaradılması diqqətdən yayınmır. Müəllif Natəvan haraylı deyəndə xan qızı Xurşidbanu Natəvanı, Üzeyirin, Cabbarın ahı-naləsi deyəndə Üzeyir Hacıbəyovu, Cabbar Qaryağdını nəzərdə tutmuşdur:
Natəvan haraylı gücüm, qeyrətim,
Topxanam adında dərdim od tutur.
Üzeyrin, Cabbarın, ahı-naləsi,
Qəlbimi min yerdən doğrayıb, çatır.
Göründüyü kimi, metonomiyada bir anlayış verilsə də, onunla bağlı əlaqədar başqa anlayış nəzərdə tutulur. Müəllif də metonomiyaya müraciət edərək əsərin bədii gözəlliyini artıra bilmişdir. Şairin “Ana dilim” şeirində də metonimiyadan istifadə edilmişdir:
Xanəminin zənguləsi,
Üzeyirin bəstəsidi ...
Bülbüllərin Xarıgülə
Eşq ətirli nəğməsi tək,
Zülmətlərə nur ələyən,
Nizaminin Xəmsəsidi...
Ana dilim!
Xalidə Nurayın təşbehlərə müraciət etməsi də diqqətdən yayınmır. Məsələn, müəllifin “Aprel şəhidləri” şeirində təşbehdən istifadə etməsinə diqqət yetirək:
Şığıyıb Qartal tək mavi səmada,
Vətən deyə-deyə şəhid oldunuz.
Müəllif döyüşçülərimizin, daha dəqiqi desək təyyarəçilərimizin əməllərini qartalın səmadan şığıma əlamətinə bənzədir.
Xalidə Nurayın poetik nümunələrində sözə qüvvətləndirici başqa bir sözü əlavə etməsinin də şahidi oluruq. Məsələn, şairin “Ana dilim” şeirində işlətdiyi epitetlər diqqətdən yayınmır:
Mavigözlü Xəzərimdə
Dalğalanan ləpələrin zümzüməsi...
Müəllifin bu beytində “mavigözlü” epitetdir.
Professor Salidə ŞƏRİFOVA: "Xalidə Nurayın vətənpərvərlik poeziyası"

Salidə ŞƏRİFOVA
filologiya elmləri doktoru, AMEA-nın professoru
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: