Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda rəsmi səfərdə olub, soydaşlarımızın problemləri ilə maraqlanıb - YENİLƏNİB Gürcüstan, Tiflis, Borçalı, Başkeçid, Qarayazı, Diaspora 6 Nisan 2019-cu il aprelin 2-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. Dövlət Komitəsinin sədri Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Onu Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və başqaları müşayiət ediblər.Daha sonra F.Muradov Axaltsix şəhərindəki Samstxe-Cavaxetiya Dövlət Universitetində və Tbilisidə təhsil alan, Azərbaycan vətəndaşı olan 50-yə yaxın ahıska türkü ilə görüşüb. "ZiM.Az" diaspor.gov.az-a istinadən xəbər verir ki, Fuad Muradov görüş zamanı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrdə yaşayan və təhsil alan Azərbaycan vətəndaşlarına, eləcə də həmvətənlərimizə daim diqqət və qayğı göstərir. Azərbaycan nümayəndə heyətinin də tələbələrlə görüşü məhz həmin siyasətin tərkib hissəsidir. Məqsəd Gürcüstanda təhsil alan və Azərbaycan vətəndaşı olan ahıska türklərinin problemləri ilə maraqlanmaq və onları dəstəkləməkdir. Səmimi atmosfer şəraitində keçən görüş zamanı fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri tələbələrin problemlərilə də maraqlanıb. Görüşdə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) baş katibi Ziyaddin Kasanov, DATÜB-in Gürcüstan üzrə nümayəndəsi İsmayıl Əhmədov da iştirak ediblər. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxış edərək ahıska türklərinin təhsil problemləri, regiondakı vəziyyət və digər məsələlər barədə fikirlərin söyləyib, tələbələrə tövsiyələrini veriblər.Komitə sədri F.Muradov Gürcüstan hökumətinin bu ölkədə təhsil alan Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğını da xüsusi qeyd edib.*** Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşübAprelin 2-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb. Yüksək səviyyədə və səmimi atmosfer şəraitində keçən görüş zamanı ikitərəfli münasibətlər ətraflı müzakirə olunub. M.Baxtadze bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı həyata keçirdiyi layihələrə çox müsbət yanaşır və bu fəaliyyəti yüksək şəkildə dəyərləndirir. Baş nazir M.Baxtadze görüşdə iştirak edən Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə ikitərəfli münasibətləri daha da intensivləşdirmək, çoxsaylı birgə layihələr həyata keçirmək barədə göstəriş verib. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev də iştirak ediblər.Elə həmin gün Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dziguri ilə də görüşüb.Azərbaycan nümayəndə heyətini salamlayan Z.Dziquri Azərbaycan-Gürcüstan dövlətlərinin strateji müttəfiq, xalqlarımızın isə dost və qardaş olduqlarını vurğulayaraq, ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib. Görüşdə Gürcüstan Parlamentinin Diaspora və Qafqaz məsələləri üzrə komitəsinin rəhbəri Beka Odişariya, Gürcüstan Parlamentinin azərbaycanlı deputatları Mahir Dərziyev və Azər Süleymanov iştirak ediblər.Azərbaycan tərəfini isə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Dövlət Komitəsinin nümayəndələri və digər rəsmi şəxslər təmsil ediblər.F.Muradov Dövlət Komitəsi sədri kimi ötən ilin yayında ilk dəfə Gürcüstana səfər etdiyini və bu ölkədə yaşayan soydaşlarımızın üzləşdikləri problemləri ətraflı öyrəndiyini diqqətə çatdırıb. O, təhsillə bağlı layihələr hazırlandığıni və aprelin 3-də Gürcüstan azərbaycanlılarının inteqrasiya mərkəzinin açılış mərasiminin keçiriləcəyini bildirib. F.Muradov qeyd edib ki, bu mərkəz Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası baxımından Azərbaycan dövlətinin töhfəsi olacaq. Dövlət Komitəsinin sədri qeyd edib ki, gürcüstanlı azərbaycanlıların pedaqoji, dini təhsil almaları məqsədilə 2019-2020-ci tədris ilində Azərbaycanda kvotalar ayrılıb. Eyni zamanda F.Muradov erməni separatçısına Gürcüstanda abidə ucaldılması məsələsinə toxunaraq, bunun ikitərəfli münasibətlərin hazırkı səviyyəsinə uyğun olmadığını nəzərə çatdırıb.Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyini xatırladan Z.Dziquri erməni mətbuatının bu səfərin əleyhinə yazılar dərc etdiyini xüsusilə vurğulayıb. Beka Odişariya isə bildirib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yeni komandasının fəaliyyətini, həyata keçirdiyi layihələri diqqətlə izləyir və azərbaycanlı həmkarlarının ideyalarından bəhrələnməyi düşünür.Görüşdə Gürcüstan Parlamentinin azərbaycanlı deputatları Azər Süleymanov və Mahir Dərziyev də çıxış ediblər.Azər Süleymanov erməni separatçısına Gürcüstanda heykəl qoyulmasının ikitərəfli münasibətlərə kölgə salacağını bildirib.Mahir Dərziyev isə Azərbaycanda "Soydaş haqqında" qanunun qəbul edilməsinin, Gürcüstanda Azərbaycan, Azərbaycanda gürcü mədəniyyətlərinin tanıdılmasının vacib olduğunu vurğulayıb.***Dövlət Komitəsinin sədri gürcü nazirlə görüşübAprelin 2-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb. Görüşdə nazir müavini Lia Qiqauri, vətəndaş bərabərliyi üzrə departamentin rəis müavini Eliso Lomidze, nazirin Kvemo-Kartli üzrə nümayəndəsi Ayaz Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev iştirak ediblər. Tərəflər iki qurum arasındakı mühüm məsələləri müzakirə edərək, qarşılıqlı fikir mübadiləsi aparıblar. Dövlət Komitəsinin sədri SOCAR-ın Gürcüstan nümayəndəliyində olubAprelin 2-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “SOCAR Energy Georgia” MMC-nin kollektivi ilə görüşüb.Görüşü açan “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov iki qonşu dövlət arasında münasibətlərin sabitliyindən danışıb və Gürcüstanda yaşayan azərbaycanlılarla daim sıx əlaqə saxladıqlarını bildirib.Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov kollektivi salamlayıb, SOCAR-ın Gürcüstan nümayəndəliyinin bu ölkədə yaşayan həmvətənlərimizi hər zaman dəstəklədiyini xüsusilə vurğulayıb.Komitə sədri bu həssaslığa və dəstəyə görə “SOCAR Energy Georgia” MMC-nin kollektivinə təşəkkür plaketi təqdim edib.* * * Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzi (GAİM) istifadəyə verilib.2019-cu il aprelin 3-də keçirilən mərkəzin açılış mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirləri Dursun Həsənov və Fatma Ceren Yazqan, parlamentin deputatları Mahir Dərziyev, Azər Süleymanov, Savalan Mirzəyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili, dövlət və hökumət rəsmiləri, gürcü və azərbaycanlı ziyalılar, gənclər iştirak ediblər.ZiM.Az xəbər verir ki, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili çıxış edərək Marneulidə inteqrasiya mərkəzinin açılmasını mühüm hadisə adlandırıb. Bildirib ki, Gürcüstan hökuməti bütün milli azlıqların, o cümlədən azərbaycanlıların inteqrasiyasına böyük diqqət yetirir.Xalqlarımızın tarixən dostluq və qardaşlıq şəraitində yaşadıqlarını vurğulayan qubernator deyib: “Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf edir və Gürcüstan dövləti Azərbaycan ilə münasibətlərin möhkəmləndirilməsini dəstəkləyir".Dövlət naziri Ketevan Tsixelaşvili də inteqrasiya mərkəzinin açılışını alqışlayıb. O, milli azlıqların cəmiyyətə və Avropaya inteqrasiyası məsələsində bu mərkəzin nazirliklə əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. O, nazirliyin mərkəzin həyata keçirəcəyi layihələrə dəstək verəcəyini qeyd edib.Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O, Azərbaycan ilə Gürcüstanın dostluğunun sarsılmaz olduğunu və ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndiyini bildirib.“Mərkəzin açılması olduqca vacib hadisədir və ümid edirəm ki, bu məkan yerli azərbaycanlıları narahat edən bəzi məsələlərin həllinə kömək edəcək", - deyə komitə sədri vurğulayıb.Sonra Gürcüstan parlamentinin komitə sədri Reka Odiaşvili və deputat Mahir Dərziyev Azərbaycan-Gürcüstan parlamentləri arasındakı əlaqələrdən danışıb, inteqrasiya mərkəzinin istifadəyə verilməsini azərbaycanlı və gürcü gənclərin dövlət dili ilə yanaşı, xarici dilləri öyrənmələri, cəmiyyətə inteqrasiyaları üçün geniş imkanlar açdığını qeyd ediblər.Daha sonra çıxış edən GAİM-nin icraçı direktoru Aygül İsayeva mərkəzin yaradılmasının əsas məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri barədə məlumat verib.Rəsmi açılış mərasimindən sonra qonaqlar GAİM-də yaradılmış şəraitlə tanış olublar.Sonda tədbir iştirakçılarına Azərbaycanın və Gürcüstanın milli rəqsləri təqdim olunub.*** Gürcüstanın Başkeçid (indiki Dmanisi) rayonunda yaşayan azərbaycanlılarla görüş olubGürcüstanda səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov aprelin 3-də Dmanisi rayonuna gəlib.ZiM.Az xəbər verir ki, Fuad Muradov burada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş “Dmanisi təhsil mərkəzi”nin fəaliyyəti ilə tanış olub, yerli icma nümayəndələri ilə görüşüb.Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Dmanisi rayon İcra başçı Giorgi Tatuaşvili, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Kaxa Koberidze, Gürcüstan parlamentinin deputatı Kaxaber Okriasvili, Gürcüstanın Xarici İşlər və Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirliyinin məsul əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.Fuad Muradov çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, bu yaxınlarda Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana etdiyi səfər münasibətlərimizin daha da inkişafına təkan verib.F.Muradov Gürcüstan Baş naziri, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri ilə keçirilən görüşlər barədə məlumat verib. Komitə sədri Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. O, Komitə tərəfindən hazırlanmış və həyata keçirilən layihələr barədə də ətraflı məlumat verib. Bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımız da bu layihələrdən faydalanacaqlar.Gənclər üçün yay düşərgəsi, Marneulidə yaradılmış Gənclərin İnteqrasiya Mərkəzi və digər sosial layihələrin xüsusilə faydalı olduğunu qeyd edib.Komitə sədri xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan dili və tarixi kitablarınin yeni variantının hazırlandığını bildirib.Sonra çıxış edən Gürcüstan parlamentinin deputatı Kaxa Okriasvili bu ölkədə yaşayan insanların bərabər hüquqlu olduqlarını bildirib. Qanunla onların hüquqlarının tam qorunduğunu qeyd edib.Xarici işlər nazirliyinin məsul əməkdaşı Tamar Tevdoradze ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini, bu cür görüşlərin əlaqələrin daha da inkişaf etməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.Digər çıxış edənlər Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.*** “Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi olaraq “Azərbaycan dili və ədəbiyyatı” dərsliyi hazırlanır”.Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Başkeçid (indiki Dmanisi) rayonunda yerli azərbaycanlılarla görüşü zamanı deyib.Dövlət Komitəsinin sədri bildirib ki, dərslik Azərbaycandan kənarda yaşayan soydaşlaraımız üçün çox vacibdir: “Dərsliyin yaxın zamanlarda təqdimtaı keçiriləcək. Gürcüstan azərbaycanlıları bu dərslikdən istəsələr, onlar üçün də həmin dərsliklər göndəriləcək”.Fuad Muradov qeyd edib ki, məşğələlər və ədəbi əsərlərin yer aldığı dərsliyin hazırlanmasında xarici ölkələrin təcrübəsindən istifadə olunub.***Gürcüstandakı azərbaycanlı əlillərə 20 əlil arabası verilibAprelin 3-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Azərbaycanlı Əlilllər Assosiasiyasının üzvlərilə görüşüb.Tədbirdə Assosiasiyanın sədri Rövşən Əliyev, 12 nəfər fiziki problemli soydaşımız, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili iştirak ediblər.F.Muradov Assosiasiyaya H.Əliyev Fondunun hədiyyəsi olan 20 əlil arabasını təqdim edib.***Dövlət Komitəsinin sədri Gürcüstanın Qabal elində olubAprelin 4-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Laqodexi rayonuna səfər edib.Dövlət Komitəsinin sədri öncə Laqodexi bələdiyyəsinin nümayəndələrinin müşayiətilə Qabal kəndində fəaliyyət göstərən İctimai Mərkəzlə tanış olub.F.Muradovun kənd sakinləri olan azərbaycanlılarla görüşündə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi nazirinin müşaviri Ayaz Məmmədov, Xarici İşlər Nazirliyinin Diasporla İş üzrə Departamentinin attaşesi Tamar Tevdoradze, Gürcüstan parlamentinin Laqodexi və Kvareli bələdiyyələri üzrə deputat Quram Macaraşvili, Kaxeti bölgəsinin qubernator müavini İrakli Şioşvili, Laqodexi bələdiyyəsinin meri Condo Mdinişvili, Laqodexi bələdiyyəsinin sədri Karlo Camburiya, Laqodexi bələdiyyə merinin Qabal inzibati ərazi vahidi üzrə nümayəndəsi Namaz Allahverdi, Laqodexi bələdiyyəsinin Qabal kənd üzrə bələdiyyə üzvü Amil Niyazov və b. iştirak ediblər. Öncə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.F.Muradov bildirib ki, azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, həmin dövlətin möhkəmləndirilməsində yaxından iştirak edirlər: “Gürcüstanda yaşayan azərbaycanlılar bu dövlətə sadiq və vətənpərvərdirlər. Azərbaycanlılar və gürcülər arasında heç zaman heç bir problem olmayıb. Müəyyən qüvvələr dost və qardaş xalqların arasındakı münasibətlərə xələl gətirməyə cəhd etsələr də, onların bütün cəhdləri uğursuzluqla nəticələnir”.Dövlət Komitəsinin sədri Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyası və sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihə və tədbirlərdən də söz açıb.Qabal sakinləri kənddə onları narahat edən problem və qayğılardan söz açıblar. Çıxış edənlər Azərbaycanla sərhəddə üzləşdikləri narahatlıqlar, kənddə idman zalının olmaması, torpaq sahələrinin qeydiyyatı, uşaq bağçası və məktəblərlə bağlı problemləri diqqətə çatdırıblar. Ziyalılar Kaxeti bölgəsində azərbaycanlıların mədəniyyət mərkəzinin yaradılması təklifi ilə çıxış ediblər.F.Muradov bildirib ki, rəhbərlik etdiyi qurum bu məsələlərin həlli istiqamətində gürcüstanlı həmkarlarla birgə işləməyə hazırdır.Dövlət Komitəsinin adından Qabal kənd məktəbinə noutbuklar, Gəncəli kənd məktəbinə isə Azərbaycanın milli rəqs paltarları hədiyyə edilib.*** Dövlət Komitəsinin sədri Qaraçöp mahalında olubAprelin 4-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalına səfər edib.Qaraçöp mahalının yerli sakinləri ilə görüşü zamanı Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi qurumun gördüyü işlərdən və həyata keçirdiyi layihələrdən danışıb. O, bildirib ki, Qaraçöpə gəlişi azərbaycanlılarımızın qayğı və problemlərini yaxından öyrənmək, onların həlli istiqamətində gürcüstanlı həmkarları ilə birgə fəaliyyət göstərməkdir. Fuad Muradov bildirib ki, Azərbaycan və Gürcüstan arasında birgə ali məktəbin yaradılması istiqamətində müzakirələr aparılır və bu məsələ Gürcüstana səfəri çərçivəsində keçirdiyi rəsmi görüşlərdə nəzərdən keçirilib: "Bir çox ölkələrdə birgə universitet təsis etməklə bağlı təcrübə var. Gürcüstanda təhsil sahəsində islahatlar həyata keçirilir. İnanıram ki, Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılmasına dair danışıqlar müsbət nəticələnəcək".Muğanlı kənd məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, pedaqoji elmlər namizədi Fərhad Xubanov, Tüllər kənd məktəbinin kimya müəllimi Ağabala Xeyirxəbərov, Qazlar kənd məktəbinin biologiya müəllimi İsmixan Rəhimov çıxış ediblər.Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi nazirinin müşaviri Ayaz Məmmədov, Xarici İşlər Nazirliyinin Diasporla İş üzrə Departamentinin attaşesi Tamar Tevdoradze, Kaxeti qubernatorunun birinci müavini İrakli Şiolaşvili, Saqareco meri Qiorqi Erboconaşvili, merin müavinleri Lekso Gilaşvili, Şota Kakabadze, meriyanın əməkdaşları Arcil Cabadari, Kaxaber Marqabadze, Nika Diqmelaşvili, Saqareco merinin Qaraçöp üzrə nümayəndəsi Natiq Rəsulov, onun müavini Qulu Hacıyev və digər şəxslər iştirak ediblər. *** Azərbaycan Diasporuna Dəstək Fondunun Gürcüstanda təqdimatı olub Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qonşu Gürcüstana səfəri zamanı Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olub. Təqdimatda Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri iştirak edib. Komitə sədri Fuad Muradov giriş sözü ilə çıxış edib, Fondun yaranma məqsədi və fəaliyyət imkanları barədə danışıb. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev fond haqqında ətraflı məlumat verib. Elşad Əliyev bildirib ki, diaspor təşkilatlarının, eləcə də, xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın təqdim etdikləri layihələrinin həyata keçirilməsində fond əhəmiyyətli rol oynayacaq. Fondun icraçı direktoru Elşad Əliyev və Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstan və Türkdilli Dövlətlərlə İş şöbəsinin müdiri Anar Rəsulov Fondla bağlı soydaşlarımızı maraqlandıran bir çox sualları cavablandırıblar.*** Dövlət Komitəsinin sədri Cəlil Məmmədquluzadənin ev muzeyində olubGürcüstana səfər çərçivəsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyində olub.ZiM.Az xəbər verir ki, Muzeydə Dövlət Komitəsinin sədrini Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri İsak Novruzov və üzvləri qarşılayıblar. Muzeylə tanışlıq zamanı İ.Novruzov oradakı şəraitlə bağlı F.Muradova ətraflı məlumat verib. Bu istiqamətdə atıla biləcək addımlarla bağlı fikir mübadiləsi aparılıb.Dövlət Komitəsinin sədrini Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev və digərləri müşayiət ediblər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.